Misir mətbuatı Ermənistanın hərbi təxribatını pisləyən bəyənat yayıb

15 İyul 2020 14:18 (UTC+04:00)

Misirin bir sıra kütləvi informasiya vasitələrində və xəbər saytlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı bəyanat yayılıb. SİA-nın xəbərinə görə, "Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin bəyanatında deyilir ki, dünya qlobal pandemiya ilə mücadilə apararkən, erməni silahlı qüvvələri ağır artilleriya vasitələrindən istifadə edərək, ölkəmizin Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu istiqamətindəki bəzi yüksək mövqeləri ələ keçirməyə cəhd edib. Bununla da təcavüzkar Ermənistan dövləti Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal edərək, bir milyon azərbaycanlını öz dədə-baba yurdundan didərgin salmaqla kifayətlənməyib, indi də Qarabağdan uzaqda yerləşən bölgələri ələ keçirməyə cəhd göstərir. Amma Azərbaycanın Silahlı Qüvvələri düşməni geri çəkilməyə məcbür edib.

Bəyənatda qeyd edilib ki, Ermənistanın silahlı qüvvələrindən qat-qat güclü olan Azərbaycan Ordusu hələ də münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir, amma dövlətimizin və xalqımızın səbrinin hüdudu var.

Bəyanatda Misir ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə ətraflı məlumat verilib. ATƏT-in Minsk qrupunun himayəsi ilə aparılan danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyi, davamlı olaraq atəşkəs rejimini pozduğu, Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyi nəzərə çatdırılıb.

Qeyd edilib ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır.

Xəbər barədə ətraflı məlumatı aşağıdakı linklər vasitəsilə əldə etmək olar:

http://www.alwasela.com/719819

http://wwnewss.com/?p=9859

https://www.albidda.net/breaking_news/5306621.html

https://www.saadaonline.net/breaking-news/4104722

http://www.shbabalnil.com

https://www.asiaelyoum.com