"Təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur" Elşən Musayev

15 İyul 2020 14:03 (UTC+04:00)

"İşğalçı Ermənistanın silahlı qüvvələri mövqelərimizi ələ keçirmək məqsədilə döyüş xəttində təxribat törədiblər. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub və onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbə vurulub”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev deyib.

E.Musayev bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatı bir neçə səbəblə bağlıdır. Əvvəla, Azərbaycanın regionda və dünyada artan nüfuzu, bu nüfuzun fonunda isə beynəlxalq təşkilatların daha da təkidlə və aydın şəkildə Ermənistanı işğalçı adlandırması vandal təxəyyüllü düşmənlərimizdə yeni qıcıq yaradıb. Deputat təxribatın ikinci səbəbi kimi pandemiya dövründə Paşinyan və onun hakimiyyətinin böhran vəziyyətində olmasını göstərib. Bildirib ki, bu ölkədə iqtidar əməlli-başlı çöküb, həm siyasi, həm də iqtisadi sahədə. Belə olan halda isə Paşinyan düşünüb ki, cəbhə bölgəsində təxribat törətməklə ictimai fikri yayındırmaq olar. Amma yenə yanılıb. Növbəti dəfə Azərbaycan Ordusunun gücünü hesablaya, proqnozlaşdıra bilməyib.

E.Musayev diqqətə çatdırıb ki, dünən gün ərzində baş verən proseslər də bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir. Qısamüddətli döyüşdə erməni hücumu nəinki dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Düzdür, hələ ermənilər itkilərini etiraf etmirlər. Daha dəqiqi, bu etirafı 5-ci, 6-cı dərəcəli məmurların vasitəsilə “Facebook” üzərindən edirlər. Amma fakt budur ki, dünəndən etibarən erməni qüvvələri yetərincə itki verib.

“Azərbaycanın şanlı ordusu peşəkardır, qüdrətlidir. Bizim əzəli torpaqlarımız onsuz da geri qaytarılacaq. Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sadəcə, Ermənistan indi saman çöpü axtarışındadır, eyforiyadadır. Təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır və suyu növbəti dəfə bulandırmağa çalışır. Amma istəyinə nail ola bilməyəcək”, - deyə Elşən Musayev bildirib.

Millət vəkili qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təxribat əməllərini kəskin şəkildə pisləməlidir.