"Milli birliyimizi və vəhdətimizi ciddi şəkildə qorumalıyıq" Məlahət İbrahimqızı

15 İyul 2020 14:02 (UTC+04:00)

“12-13 iyul tarixində təcavüzkar Ermənistanın işğalçı ordusu tərəfindən Tovuz rayonu ərazisi ağır artilleriyadan davamlı atəşə tutuldu. Düşmənin növbəti təxribat xarakterli hücumu Azərbaycanın qəhrəman ordusu tərəfindən dəf edilərək qarşısı alınıb, düşmən ağır itki verib. Bu mübarizədə Ordumuzun da bir neçə zabit və əsgəri şəhid olub. Koronavirus epidemiyasının olmasına baxmayaraq, xalqımız, hər bir vətəndaşımız tərəfindən bugünlərdə 7-dən 77-ə Milli Ordumuza və Ali Baş Komandanımıza sosial şəbəkələr və mətbuat vasitəsilə birlik və həmrəylik mesajları göndərilir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, dünən bir qrup vətəndaş razılaşdırılmadan şəhidlərimizə sevgi və ehtiram bildirmək məqsədilə axşam saatlarından şəxsi avtomobillərindən istifadə etməklə şəhərimizin müxtəlif yerlərində dinc yürüş keçiriblər. Yürüş tam əmin-amanlıq şəraitində təşkil olunmuşdu. Lakin çox təəssüf ki, Şəhidlər Xiyabanı yaxınlığında yürüşün sonuna yaxın bir qrup təxribatçı xaos yaratmaq məqsədilə Milli Məclisin binası ətrafında anti-milli və anti-dövlət şüarları səsləndirərək, Milli Məclisin təhlükəsizlik xidmətinin əməkdaşlarına zor tətbiq edib və binaya daxil ola biliblər.

Millət vəkili deyib: “Dağıdıcı və təxribatçı qüvvələr Milli Məclisin binasına böyük ziyan vursalar da, ən qısa müddətdə bu dağıdıcı qüvvələr asayiş keşikçiləri tərəfindən Milli Məclisin binasından qovulmuş və adekvat tədbirlər tətbiq olunmuşdur. Azərbaycan xalqının, Azərbaycan Anasının qəlbinin şəhid yarası qanadığı halda, ermənipərəst qüvvələrin dəstəklədikləri “5-ci kolon” üzvlərinin ölkəmizin həssas dönəmində, cəmiyyətdə qarışıqlıq yaratmaq dövlətin qanunverici hakimiyyətinin binasını zəbt etmək cəhdi ən ağır cinayət kimi qiymətləndirilməlidir.

Bu günlərdə çox çətin bir dönəmdən keçirik. Dövlətimizə, müstəqilliyimizə və ölkəmizə qarşı işğalçı Ermənistan və dünya erməniliyi total hücüma keçib. Məğlubiyyətini dərk edən düşmən daha da azğınlaşıb. Bu səbəbdən ərazi bütövlüyümüzə və müstəqilliyimizə təcavüz edən düşməni tezliklə məhv edənədək hər birimiz milli birlik və vəhdətimizi ciddi şəkildə qorumalıyıq. Hər bir vətəndaşdan dövlətimizin və xalqımızın gələcəyi naminə, sabitliyimizin, müstəqil dövlətimizin qorunması və inkişafı naminə Ali Baş Komandanımız və Milli Ordumuzla bərabərlik və həmrəylik numayiş etdirməyə çağırıram”. yap.org.az