“Satqınlar hadisələrin istiqamətini pis yöndə dəyişməyə çalışdılar” Vüsar İsmayılov

15 İyul 2020 11:29 (UTC+04:00)

“Bir neçə gündür ki, ermənilərin təxribatı nəticəsində sərhəd bölgələrimizdə gərginlik hökm sürür. Düşmən Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ağır artileriyadan istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozmuş və 11 hərbiçimiz şəhid olmuşdur. Hətta azğınlıq o həddə çatmışdır ki, mülki vətəndaşlarımıza məxsus evləri də atəşə tutmuş və nəticədə bir nəfər dinc sakinimiz ölmüşdür”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.

Onun sözlərinə görə, qudrətli Azərbaycan ordusu ermənilərin təcavüzkar planlarının qarşısını qəhrəmanlıqla alaraq cavab atəşi ilə Ermənistan hərbi birləşmələrinin bir neçə döyüş mövqelərinə sarsıdıcı zərbələr endirmiş və nəticədə düşmənin yüzlərlə canlı qüvvəsi, texnikası məhv edilmişdir: “Bu bir daha sübut edir ki, Azərbaycan ordusu güclü hərbi potensiala malikdir və istənilən an düşməni darmadağın edə bilir. Son günlərin hadisələri həm də onu sübut etdi ki, İnsanlarımızda yüksək vətənpərvərlik və qisasçılıq hissi var və onlar erməni qəsbkarlığı ilə heç cür barışa bilmirlər. Şəhidlərinin qəhrəmanlığı ilə fəxr edən Azərbaycan xalqı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə Vətənin müdafiəsinə hazır olduğunu bəyan edir”.

V.İsmayılov bildirdi ki, bu vəziyyətdən istifadə edib, vətənsevərlərin içərisinə daxil olan vətənşüvənlər də az deyil: “Dünən gecə düşməndən də betər olan daxili satqınlar kütlə içərisinə soxularaq, hadisələrin istiqamətini pis yöndə dəyişməyə çalışmış və polis əməkdaşlarına zorakılıq etməyə cəhd etmişdilər. Bu gün iki müharibə ilə üz-üzə qalan ölkəmizdə belə yaramazlıqlar törədənləri şübhəsiz ki, idarə edənlər var. Unutmayaq ki, gözə görünən müharıbədə yüzlərlə şəhid verdiyimiz kimi, gözə görünməyən müharibədə də bu günə qədər 319 nəfər itirmişik. Amma bunun fərqinə varmayan bəzi vətənşüvənlər öz nalayiq hərəkətləri ilə gözə görünməz müharibəni daha da alovlandırırlar. Hesab edirəm ki, hüquq mühafizə orqanları hadisələrə hüquqi qiymət verəcək və hər bir hadisədən sui istifadə edərək düşmən dəyirmanına su tökənlər layiqli cəzlarını alacaqlar”.