Nazilə Səfərli general-mayor Polad Həşimovun evində FOTO

15 İyul 2020 10:50 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk olaraq Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib. Bu gün isə Polad Həşimov İkinci Fəxri xiyabanda dəfn olunub.

SİA-nın məlumatına görə, onun anasını şairə Nazilə Səfərli ziyarət edib. Bu haqda Nazilənin özü xəbər verib: "Bu gecə yuxum ərşə çəkildi. Evin içində havalı kimi var gəl etdim. Çox çalışdım yata bilmədim. Saat 04:34-də Sumqayıta şəhidin qapısına gəldim. İşıqları sönmüşdü. Evin qapısını döyməyə cəsarət etmədim. Həyətə enib, bayraq asılmış evə tamaşa etdim. Bir evə baxdım, bir də evdən çıxan qəhramana... Müqayisə ediləsi deyildi. Birdən pəncərənin işığı yandı. Dərhal Polad Həşimovun mənzilinə tərəf gedib, qapısını döydüm. Qapını açan başına qara yaylıq bağlamış generalın anasının ayaqlarına döşəndim. Ana, Allah səbr versin. Oğlun şəhid oldu və bütün Azərbaycanı sənə borclu etdi. Borcumuzu qanımızla ödəməliyik!

Polad Həşimov yeganə general oldu ki, əsgərlə bərabər öndə döyüşüb, şəhidlik zirvəsinə ucaldı. Bütün şəhid analarının qarşısında baş əyirəm. Allah sizlərə rəhmət eləsin!"