Mədəniyyət yeni imkanlar axtarışında

15 İyul 2020 09:14 (UTC+04:00)

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Mədəniyyətdə iqtisadi yanaşma: kreativ sənaye" adlı vebinar keçirilib. SİA-nın məlumatına görə, Mərzin əməkdaşları yanaşı, tədbirdə iştirak edən gənc mədəniyyət işçiləri, habelə AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini Allahyar Muradov, institutun şöbə müdirləri Rəsmiyyə Abdullayeva, Mahir Zeynalov və Samirə Əhmədova, eyni zamanda, iqtisadçı tədqiqatçı Arif Nəzərov, UNEC Biznes Məktəbinin direktor müavini Şəhla Qəhrəmanova Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Alim və mütəxəssislər çıxışlarında mədəniyyət müəssisələrinin fəaliyyətinin planlaşdırılması prosesində iqtisadi təhlillərin aparılması, beynəlxalq iqtisadi təcrübələrin öyrənilməsi və müvafiq mütəxəssislərin cəlb olunması kimi məsələlərin böyük əhəmiyyət daşıdığını vurğulamışlar. Qeyd edilib ki, Boston Matrix şablonu, Xərc səmərəliliyi planı, VMOST, PESTLE, SWOT və digər təhlillərin mədəniyyət sahəsində təbliği üçün Bakı və regional mədəniyyət müəssisələrində təlim və maarifləndirici xarakterli silsilə tədbirlərin keçirilməsi müəssisələrə iqtisadi sərbəstlik bəxş edə biləcək layihələrdən ola bilər.

Mərkəzin əməkdaşı Türkan Həsənova transformasiya prosesləri zamanı mədəniyyət sahəsindən yeni keyfiyyətlərin tələb olunduğunu bildirərək, sözügedən istiqamətdə sahənin idarə olunması, maliyyə siyasəti, strateji planlaşdırılma və insan resursları kimi istiqamətlər üzrə müasir tədqiqatların aparılması zərurətini vurğulayıb.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək həssas və mühafizəkar sahə olan mədəniyyətdə mütləq olaraq yeni maliyyə və iqtisadi münasibətlərin formalaşmasına ehtiyac olduğunu xüsusi olaraq qeyd edib. "Mədəniyyət müəssisələrinin modernləşməsi kontekstində kreativ sənaye bir məfhum və fərqli metodlar toplusu kimi mədəniyyət sahəsi üçün ikinci şans kimi qiymətləndirilməlidir",-deyən A.Usubəliyev vurğulayıb ki, müxtəlif iqtisadi modellərin tətbiqi, kreativ üsullara müraciət olunması, habelə sənaye ilə inteqrasiya mədəniyyət müəssisələrinə müəyyən mənada iqtisadi müstəqillik bəxş edə bilər.

Daha sonra mərkəzin elmi katibi Cavid Əliyev tərəfindən ötən müddət ərzində müəssisənin mövcud istiqamətdə gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verilib. Burada beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunmuş tədbirlər, aparılmış tədqiqatlar və yazılmış məqalələr haqqında bəhs olunub. Mərkəzin şöbə müdiri Nurəddin Babazadə mövcud istiqamətdə müəssisənin planları və regionlarda yaradılmış kreativ laboratoriya haqqında öz mülahizələrini səsləndirib.

Tədbirin sonunda fərqli sahənin mütəxəssislərinin iştirakı ilə birgə reallaşa biləcək layihələrin müzakirəsi aparılıb.