Etibar Məmmədov: “Hər birimiz öz əsgərimizin, öz ordumuzun, öz dövlətimizin arxasında olacağıq” MÜNASİBƏT

15 İyul 2020 02:15 (UTC+04:00)

"Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, xalqımıza da baş sağlığı verirəm və eyni zamanda da mən bildirmək istəyirəm ki, bu gün Azərbaycanda hamı ayaq üstündədir, hamı eyni fikirdədir". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün küçələrə çıxanların da, evlərində oturanların da, ən əsası isə səngərdə döyüşənlərin də qəlbləri eyni cür vurur və hər kəsin də fikrindən belə bir şey keçir ki, biz bu müharibəni başa çatdırmalıyıq və Azərbaycanın da torpaqları azad olunmalıdır: "Tovuzda baş verən hadisə yalnız təxribat deyil, eyni zamanda Azərbaycanın dövlət sərhədinə qarşı təcavüzdür, ölkəmizə qarşı müharibə hərəkətləridir. Azərbaycan da buna qarşı adekvat cavabını verməlidir. Əsgərlərimiz bu cavabı verirlər, ancaq Azərbaycan öz sərhədlərini qorumaqla yanaşı, eyni zamanda işğal olunmuş ərazilərin də təmizlənməsi əməliyyatına başlamalıdır. Mən belə düşünürəm ki, bu, yalnız mənim fikrim deyil, bütün Azərbaycan xalqının fikridir və bu gün də həmin zaman gəlib, xalqın ayaqda olduğu bir vaxtda biz bu əməliyyatı həyata keçirməliyik, Azərbaycan torpaqları da azad olunmalıdır".

AMİP lideri bildirib ki, bütün bunlarla yanaşı, beynəlxalq vəziyyət də bunu bizdən tələb edir. E.Məmmədov hesab edir ki, düşmən tərəfi öz havadarlarının təsiri altında bu hərəkətləri edir: "Bu hərəkətlər yalnız Azərbaycana qarşı deyil, həmçinin, ən yaxın müttəfiqi Türkiyə dövlətinə və xalqına qarşı edilən bir hərəkətdir. Azərbaycan xalqının bu anda Türkiyədən müdafiə görməsi, Azərbaycan xalqının da Türkiyəni müdafiə etməsi bizə imkan yaradır ki, hücum əməliyyatlarına başlasın. Azərbaycanın bunun üçün bütün resursları, hazırlıqlı ordusu olması ilə yanaşı, ölkəmizi belə bir vəziyyətdə idarə edə biləcək kifayət qədər təcrübəli və kifayət qədər bacarıqlı və səriştəli zabit heyəti var. Onların sadəcə siyasi qərara ehtiyacı var və mən belə düşünürəm ki, belə bir siyasi qərarın verilməsində heç bir şübhə yoxdur. Yəni hökumət bu qərarı verərsə, arxaya narahatlıqla baxmaya bilər. Arxa möhkəm olacaq və bütün xalq da bu qərarı verən qüvvələrin arxasında olacaq. Hər birimiz öz əsgərimizin, öz ordumuzun, öz dövlətimizin arxasında olacağıq".

Rövşən RƏSULOV