Azərbaycanda yeni eranın başlandığı tarix - 14 iyul 1969-cu il

14 İyul 2020 15:07 (UTC+04:00)

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində Üümummilli Liderimiz Heydər Əliyevin müstəsna yeri və rolu var. Misilsiz xidmətləri ilə Azərbaycanın ən parlaq və şanlı tarixini yaratmış dünya şöhrətli siyasi xadimin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü də xalqımızın tarixi taleyində misilsiz rola malikdir. Məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı qoruyub saxlamışdır.

Bu 51 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı kifayət qədər geniş danışmaq olar. Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişi ittifaq dövləti daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazılmışdır. 51 il əvvəl başlanan həmin yol Ulu Öndərin xalq işinə sədaqəti, milli maraqları hər şeydən üstün tutması ilə Azərbaycanı yaxınlaşmaqda olan dövlət müstəqilliyinə hazırlamışdır.

1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderliyə malik olmuş Azərbaycan bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun) inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fond və xammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi. Nəticədə Azərbaycan milli gəlirin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən (1960-cı ilə nisbətən 1970-ci ildə SSRİ-də milli gəlir 2 dəfə, müttəfiq respublikaların bir çoxunda 2,2-dən 2,4 dəfəyə qədər, Azərbaycanda isə, 1,6 dəfə artmışdır) geri qalır, bu göstəricilərə görə müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında bu gerilik özünü daha qabarıq surətdə göstərirdi. 1960-1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz artmışdı və bu göstəriciyə görə müttəfiq respublikalar arasında axırıncı yer tuturdu. 1966-1969-cu illərdə bu gerilik daha da artmışdı (bu müddətdə sənaye məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz artmışdı).

O öz vətənini, millətini ürəkdən sevən bir Şəxsiyyət, Lider kimi bütün bu dövr ərzində Azərbaycanın taleyüklü məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və təlatümlü sınaqlarından çıxarmış, müasir müstəqil Azərbaycan dövlətinin, onun xoşbəxt gələcəyinin bünövrəsini qoymuşdur. Həmin illər ərzində Azərbaycanın sosial-iqtisadi həyatının dirçəlişi, milli-mənəvi və mədəni dəyərlərinin inkişaf etdirilərək dünya ictimayyətinə çatdırılması məhz Onun titanik fəaliyyətinin nəticəsidir.

Öz şüurlu həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin öz vətəni, xalqı qarşısındakı əvəzsiz xidmətləri haqqında yüzlərlə kitablar yazılsa da, bu, yenə də azdır.

Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi ilk dövrlərdə ölkənin sosial-iqtisadi həyatı bütün sahələrdə geridə qalırdı. Həmin zamanlar Sov. İKP MK-da belə düşünürdülər ki, Azərbaycanın neft ehtiyatları, tükənməkdə, iqtisadi, sənaye, eləcə də aqrar sahələrindəki potensial vəziyyəti isə yox səviyyəsindədir. Məhz belə bir vaxtda Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlməsi Azərbaycanın həyatında inkişafın başlanğıc nöqtəsi oldu. Respublikanın hərtərəfli, dinamik inkişafı ilə bağlı kompleks proqramlar işlənib hazırlandı. Əldə olunmuş nailiyyətlər Azərbaycanı keçmiş SSRİ-nin iqtisadi, sənaye və kənd təsərrüfatı cəhətdindən ən qabaqcıl respublikalarından birinə çevirdi. Məhz həmin dövrdə yaranmış güclü iqtisadi potensial SSRİ-nin dağıldığı dövrdə və ondan sonrakı illərdə də Azərbaycanın ayaq üstə durmasına səbəb oldu.

Çünki Ulu Öndər Heydər Əliyev dərindən dərk edirdi ki, hər bir millətin siyasi azadlığını təmin etmək üçün ən vacib şərt onun iqtisadi azadlığıdır. Ümumiyyətlə, o illər ərzində Azərbaycanda 200-dən çox iri və orta sənaye müəssisəsi istifadəyə verildi ki, bu da əvvəlki illərdə yaradılmış istehsal sahələrinin sayından xeyli miqdarda fərqlənirdi. Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər yüksək nailiyyətlər əldə etməyə imkan verdi. Aqrar sahədə əldə edilən ardıcıl uğurlar Azərbacanı respublikalar içində ilk yerə çıxardı.

Respublikanın ümumi həyatında davamlı inkişafa nail olmaq üçün təhsilin, elmin, səhiyyənin hərtərəfli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər planı həyata keçirilirdi. Keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün hər il 800-dən çox Azərbaycan məktəblərini bitirmiş məzun həmin universitetlərdə ali təhsil almaq üçün göndərilirdi ki, onların əksəriyyəti azərbaycanlılar idi. Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış bu addımları ölkənin elmi və kadr potensialının artmasına, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına və bu gün keçmiş İttifaq məkanında Azərbaycan diasporunun yaranmasına səbəb olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin məzunları bu gün ordumuzun ən layiqli hərbi komandirləri kimi ordu sıralarında xidmət edirlər. Xalqın milli dirçəlişi və milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verən Heydər Əliyevin qayğısı sayəsində uzun illərdən bəri ana dilimizə olan soyuq münasibətə son qoyulmuşdur. Məhz Onun təşəbbüsünün nəticəsi olaraq Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.

XİLASKARLIQ MİSSİYASI

Tale elə gətirdi ki, Ulu Öndər birinci dəfə SSRİ-nin müttəfiq respublikasına, ikinci dəfə isə müstəqil Azərbaycana rəhbərlik etdi. Dahi Lider Heydər Əliyev hər iki mərhələdə öz Vətənini hərtərəfli inkişaf yoluna çıxardı. Ən mühümü isə, 1993-cü ildə o, milli xilaskar kimi dövlətçiliyimizin taleyinin həll olunduğu çətin bir vaxtda tarixi qayıdışı ilə müstəqil Azərbaycan dövlətini məhv olmaqdan qurtardı. Ulu Öndər nəinki Azərbaycanın bütövlüyünü qoruyub saxladı, həm də ölkəni sabit inkişaf yoluna çıxardı. İnkişafımızın konsepsiyasını, strategiyasını işləyib hazırladı. Bu yolda ən uğurlu addımlardan biri "Əsrin müqaviləsi" oldu. 1994-cü ildə imzalanmış bu müqavilə görkəmli siyasətçi kimi Heydər Əliyevin uzaqgörən neft strategiyasının məhsulu idi. "Əsrin müqaviləsi"ndən sonra dünya ölkələrinin Azərbaycan iqtisadiyyatına marağı artdı. 1995-ci ildə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Demokratik şəraitdə prezident, parlament, bələdiyyə seçkiləri keçirildi. Bazar iqtisadiyyatı mexanizmi ön plana çəkildi, mühüm dövlət proqramları qəbul edildi, bütün sahələrlə bağlı qanunvericilik bazası hazırlandı. Bu gün hər bir Azərbaycan vətəndaşı Ulu Öndər Heydər Əliyevi xatırlayır və iftixarla deyir ki, bəli, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı qəlbimizdə daim yaşayır və əziz tutulur.

Bu gün yaradıcısı Ulu Öndər Heydər Əliyev olan, sıralarında Vətənini, xalqını, torpağını sevən insanların olduğu bir partiya var - Yeni Azərbaycan Partiyası. Bu partiya zamanın ən çətin sınaqlarından üzüağ çıxdı, dünənin partiyası olduğunu təsdiqlədi, günümüzün uğurlarına imza atdı, bu günün partiyası kimi sevildi, rəğbət qazandı, bütün fəaliyyəti ilə daha xoşbəxt gələcəyi hədəfləyib. İnamla demək olar ki, YAP həm də sabahın partiyasıdır. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Və bu gün siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə qazanılan bütün nailiyyətlərin qayəsi böyük siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycana rəhbər seçildiyi vaxtdan başlayıb. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə daim yaşayacaqdır.

Məhəbbət İBRAHİMOVA,

YAP Nərimanov rayon təşkilatınnı qadınlar şurasınnı sədri