"Aprel zəfərini, Günnüt qələbəsini təkrarlamağa hər an hazırıq" EMİL HACIYEV

14 İyul 2020 13:54 (UTC+04:00)

“Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə istənilən həmləni dəf etməyə, Azərbaycanın hərb tarixinə şanlı səhifələr yazmağa qadirdir”. Bu fikirləri SİA-ya Dünya və Avropa çempionu, Əməkdar idman ustası, Prezident mükafatçısı, Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantı Emil Hacıyev son günlər cəbhənin Tovuz rayonu istiqamətində erməni təxribatını və bu təxribata qarşı Azərbaycan Ordusunun layiqli cavab verməsini, düşmənin çoxsaylı itkilər verməsini şərh edərkən deyib.

O qeyd edib ki, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin artileriyadan istifadə etməklə atəşkəs rejimini kobud şəkildə pozması növbəti təxribat cəhdidir: “Beynəlxalq ictimaiyyət bu faktı birmənalı şəkildə qınamalı, işğalçılıq siyasətinin qarşısını almalıdır. Paşinyan hakimiyyəti müxtəlif yolla cəbhədə təxribatlara əl atmaqla yarıtmaz siyasətinin nəticəsində ölkəsində olan acınacaqlı vəziyyəti ört-basdır etməyə çalışır. Azərbaycanın isə beynəlxalq arenada günbəgün artan nüfuzu, apardığı məqsədyönlü, düzgün siyasəti Paşinyan və onun kimiləri ciddi şəkildə narahat edir. Ona görə də ermənilər hər vəchlə müxtəlif uğursuz hiylələrə əl atırlar. Bütün hallarda görünən odur ki, daim öz üzərində işləyən, gücünü artıran şanlı Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Bizlər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə Qarabağdakı Aprel zəfərini, Naxçıvandakı Günnüt qələbəsini təkrarlamağa, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazırıq. Ali Baş Komandanımızın bir əmri yetər! Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirəm!”.