Mətbuat azadlığı: görünən və görünməyən nüanslar- ANALİZ
3 May 2011 23:50 (UTC+04:00)
Beynəlxalq Mətbuat İnstitutunun yaydığı məlumata görə, 2001-ci ildən bəri dünyada 788 jurnalist həlak olub. 2010-cu ildə 102 jurnalist öz peşə borcunu yerinə yetirərkən dünyasını dəyişib. Mətbuatın təzyiqlərə məruz qalması halları da getdikcə artır. Göründüyü kimi, dünyada mətbuat azadlığının və jurnalist təhlükəsizliyinin səviyyəsi pisləşir. Bəs Azərbaycanda durum necədir? Buna aydınlıq gətirməyə çalışacağıq.
Azərbaycanda söz və mətbuat azadlığı daim müzakirə obyektidir. Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə xidmət edən bir ictimai institutdur. Bu funksiyalarını yerinə yetirməsi üçün mediaya, jurnalistlərə azadlıq verilməlidir. Təbii ki, qanunları və etik normaları pozmamaq şərtilə.
Mətbuat azadlığı özbaşınalıq, qanunsuzluq demək deyil
Azərbaycanda mətbuat azadlığından sui-istifadə halları son vaxtlar getdikcə artır. Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarırmı? Bu suala cavab vermək üçün durumu nəzərdən keçirməyə ehtiyac var.
Faktiki olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplərin arxa plana keçirildiyi müşahidə olunur. Əvəzində sifarişli, qərəzli, cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir. Bu hallar isə öz növbəsində cəmiyyətdə digər problemlərin əsasını qoyur.
Son vaxtlar mətbuatda ölkədə söz azadlığının olmaması və jurnalistlərin həbs olunması ilə bağlı yazıların sayı artıb. Bir çox hallarda müəlliflər dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var. Əslində, bu yazıların özü də ölkədə mətbuat və söz azadlığının olduğunu göstərir.
Burada bir problem var- bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda mətbuat azadlığını bəziləri özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan üsularından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətinin tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayırlar.
Azad söz və mətbuat azadlığı ölkəmizdə olmasaydı, məsələn, dövlət məmurlarını tənqid və təhqir etmək mümkün olmazdı, 4000-ə yaxın KİV, minlərlə internet saytı yarana bilməzdi, "media-reket"lər hökumətin yaratdığı azad şəraitdən istifadə edib əziyyətsiz-filansız qəfildən varlanmaq həvəsinə düşməzdilər. Belə olmasaydı, həbs olunan, cərimə olunan jurnalistlərin sayı indikindən azı 20 dəfə çox olardı, çünki ölkə mətbuatını izləyəndə hər gün ən azı 100 qanun pozuntusuna rast gəlmək olur.
Bəziləri hansısa cinayət əməllərinə görə ifşa edilərək həbs ediləndə bütün dünyaya həşir çəkirlər ki, "vay qoymayın, məni jurnalist olduğuma görə həbs ediblər".
Görün durum, yəni mətbuat azadlığı nə yerə gəlib çatıb ki, cibində jurnalist vəsiqəsi olan adam ağır cinayət edəndə də qəzetlər yazır ki, bəs filankəs jurnalist olduğuna görə azad edilməlidir. Hətta, iri məbləğdə rüşvət aldığı yerdə yaxalanan "jurnalist"lərin həmkarları tərəfindən müdafiəsi halları da var. Əslində, belə "jurnalist"lərə qarşı mübarizəni elə jurnalistlər özləri aparmalıdırlar.
"Reket" mətbuat və ya dilənçi "jurnalist"lər
Məlum olduğu kimi, Azərbaycanda 4000-ə yaxın media vasitəsi qeydiyyatdan keçdiyi halda ortalıqda normal fəaliyyət göstərən və dövrü çap olunan maksimum 50 ciddi mətbuat vasitəsi var. Bəs qalanları nə işlə məşğuldur?
Yüzlərlə qəzet var ki, qeydiyyatdan keçirilib, ildə 1 dəfə 4 səhifə həcmində bir-iki yüz tirajla çap olunur, redaksiyası, avadanlığı belə yoxdur, amma bu qəzetin "işçi"lərinin sayı "New-York Times"-in əməkdaşlarından çoxdur. Yəni, jurnalistikadan, mətbuatdan və ictimai məsələlərdən xəbəri olmayan bəzi "kolxoznik-moşenniklər" indi olublar baş redaktor və sağa-sola vəsiqə paylamaqla məşğuldurlar.
Adını yaza bilməyən gözəgəlimli qız uşaqlarının cibinə vəsiqə qoyub ölkənin əyalət şəhərlərinə dilənməyə göndərən bu "baş redaktorlar"ı təcili həbs etmək lazımdır. Bu mətbuatın əsas problemlərindən biridir. Çünki, mətbuatın cəmiyyətin "gözündən düşməsi" sonda oxucu qıtlığı yaradır, gəlirləri azaldır, KİV-in təsir gücünü azaldır. Bu problem həll olunsa, qalan problemlər bundan sonra öz-özünə həll olunacaq.
Print-media cəmiyyətdə o vaxt nüfuz qazanacaq ki, peşəkarlardan ibarət heyətə malik ciddi qəzet-jurnallar maddi və mənəvi asılılıqdan qurtaracaq və sırf oxucu auditoriyasına, reklam bazarına hesablanmış rəqabətə girişəcək. O zaman bu mətbuat vasitələrinin hansının özünü doğruldacağı məlum olacaq. Yoxsa, "xoruz səsi eşitməmiş" adlar qoyulan "qəzetlər" mətbuatın və jurnalistlərin adını batırmaqla, onlara cəmiyyətin nifrətini qazandırmaqla məşğul olmaqda davam edəcəklər.
Bəzi məlumatlara görə, Azərbaycanda 50 min nəfər cibində jurnalist vəsiqəsi gəzdirir, jurnalistika ilə məşğul olanların sayı isə uzağı 5 min nəfər olar. İş o yerə çatıb ki, yol polisindən canını qurtarmaq üçün əksər avtomobil sahibləri jurnalist vəsiqəsi əldə etməyə çalışırlar. Jurnalist imici artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir.
Korporativ maraqları ümumi maraqlardan üstün tutan media
Mətbuatın problemi təkcə qeyri-peşəkar mediadan, reket qəzetlərdən və diletanat jurnalistlərdən ibarət deyil. Əsas problemlərdən biri də adını müstəqil qoyaraq başqa dəyirmanlara su tökən qəzetlərdir ki, bunları xalqın dərdi-səri, güzaranı qətiyyən maraqlandırmır. Bunlar böyük maarifçilərin 135 il ərzində yaratdıqları "qəzetlər yalnız həqiqəti yazır" düşüncəsini və insanlarda formalaşmış analoji ənənəvi stereotipləri cəmi 13.5 il ərzində darmadağın ediblər.
İndi oxucu qəzetdə yazılanlara bir o qədər də inanmır, çünki başa düşür ki, hər qəzet öz idarə olunduğu və maliyyələşdirildiyi dairələrin siyasətinə uyğun olan şeyləri yazır, ya da uyğun olmayanları yazmır. Ağa qara, qaraya ağ demək belə qəzetlər üçün problem deyil.
Bax milli mətbuatı bu günə salanlar indi durub azadlıqdan dəm vururlar və deyirlər ki, bu ölkədə söz azadlığı yoxdur. Yəni, qoymurlar ki, bala-bala rüşvətdən-zaddan alıb ötürək cibimizə.
Bu gün sözügedən print-media vasitələri cəmiyyətin üzərinə fasiləsiz olaraq mənfi enerji yükləməklə məşğuldurlar. Cəmiyyət isə bu çünki üzərindən atmağa məcburdur. Əksər qəzetləri, ya da xəbər saytlarını bircə dəfə nəzərdən keçirmək kifayətdir ki, onların qərəz və böhtan sindromundan əziyyət çəkdiklərinin başa düşəsən.
Bu qəzetlərin səhifələrində yalnız kiçik nöqsanların dəhşətli dərəcədə şişirdilməsi, dövlət məmurlarının və ictimai xadimlərin təhqir edilməsi, xalqın "acından ölməsi", sosial problemlərin "partlayış" həddinə gəlib çatması kimi böhtanlar yer alır.
Bu tip mətbuat vasitələrinin manşetləri bir qayda olaraq ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Oxucu bu xəbərlərdən bezib. Buna görə get-gedə belə qəzetlərin tirajı azalır. Oxucuların istədikləri qəzetləri almasına ki qadağa qoyulmayıb?
Mətbuat nümayəndələri cəmiyyətdə gedən prosesləri dolğun və düzgün təqdim etməlidirlər. Qeyri-konstruktiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkilməlidir. Media, jurnalistlər cəmiyyətdə nüfuzlarını qorumaq istəyirlərsə, öz missiyalarını vicdanla yerinə yetirməlidirlər.
Qərbdə jurnalistləri "cəmiyyətin və demokratiyanın gözətçi köpəyi" adlandırırlar. Bu vəzifə şərəflidir və cəmiyyətin inkişafına böyük təsir göstərir. Azərbaycanda jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın nəhayət öz funksiyasını yerinə yetirməyə başlaması ölkədə vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verə bilər.