YAP Gənclər Birliyi videokonfrans formatında tədbir keçirib FOTOLAR

13 İyul 2020 16:25 (UTC+04:00)

İyulun 13 - də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribatla bağlı "Hər birimiz əsgərik" adlı videokonfrans formatında tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, hazırda dünya çox çətin dönəm yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törətmişdir. Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərmiş oldu. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilmişdir. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri və dünənki Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.

Daha sonra konfransda çıxış edən Milli Məclisin deputatları Şahin İsmayılov, Naqif Həmzəyev, Cavid Osmanov və Jalə Əliyeva Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxı­mından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və ava­danlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini vurğuladılar. Prezident İlham Əliyevin ordunun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bü­tün tədbirləri həyata keçirməsi sayəsində güclü Milli Ordumuz gündən-günə daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə tor­paqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.

12-13 iyul tarixlərində mənfur düşmənin atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçməsi koronavirus pandemiyasına qarşı bütün dünya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Dünya birliyi təcəvüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır, deyə bildirildi.

Onlayn konfransda çıxış edən YAP Gənclər Birliyi sədrləri və fəal üzvləri Fərid Vaqifli, Sahil Hüseynzadə, Namini Namidə, Elvin Həsilov öz çıxışlarında Yeni Azərbaycan Partiyasının fəal gənci kimi hər an döyüşə hazır olduqlarını, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirməyə, doğulduqları Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq üçün müzəffər bir gənc olduqlarını diqqətə çatdırdılar.