"Ermənistan regionda hərbi-siyasi eskalasiyaya görə məsuliyyət daşıyır" Sədaqət Vəliyeva

13 İyul 2020 15:39 (UTC+04:00)

“26 ildən çoxdur Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın hərbi və siyasi təxribatları yeni deyil. Dəfələrlə Azərbaycan və dünya ictimaiyyəti şahidi olub ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşlarımızı hədəf götürən hücumlar reallaşdırır, təxribatlar törədir. Bunu müxtəlif səbəblərdən həyata keçirən Ermənistan rəhbərliyi istənilən halda təcavüzkarlığını və işğalçı mahiyyətini ortaya qoyur. Ona görə də, Ermənistan regionda hərbi-siyasi eskalasiyaya görə məsuliyyət daşıyır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib

Sədaqət Vəliyeva bildirib ki, Ermənistan daxilində hansısa gərginlik və xaos olduqda düşmən ölkənin rəhbərliyinin tapşırığı ilə cəbhədə və sərhəddə təxribatlar törədilir: “Çox da uzaq olmayan keçmişimizdə bu cür təxribatları görmüşük və əsasən də hədəfin mülki şəxslər, evlər olduğunun şahidi olmuşuq. 2017-ci il iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin minaatanlar və dəzgahlı qumbaraatanlar vasitəsilə təxribat törətməsi nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetirilib. Eyni zamanda, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan təxribatçıları tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Nəticədə ermənilərin əl işi olan partlayıcı qurğunun işə düşməsi ilə 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Eləcə də, cəbhə xətti yaxınlığında yerləşən Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovu həyətdə oynayarkən erməni snayperi tərəddüd etmədən başından güllələyib. Ötən gün isə Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törədilib və nəticədə şəhidlərimiz, yaralılarımız var. Şəhidlərimizin ailələrinə, xalqımıza başsağlığı verirəm, yaralılarımıza isə tezliklə sağalmağı arzu edirəm. Amma şəhidlərimizin ailələri və xalqımız bilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz onların qisasını çox ağır formada alıb, yenə də alacaq”.

Sədaqət Vəliyeva əlavə edib ki, Ermənistanın budəfəki təxribatı daha çox siyasi motivlidir: “Birincisi, Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti daxildə böyük narazılıq yaradıb. Son bir neçə həftə ərzində müxalifətlə Paşinyan arasında güclü qarşıdurmalar yaşanır. Anlaşılan odur ki, demokratiya və rifah adı ilə küçədən hakimiyyət başına gətirilən Paşinyan ermənilərin ümidlərini doğrultmadı. Ona görə də Paşinyan hakimiyyəti xalqla ciddi qarşıdurma həddindədir. İkincisi, son vaxtlar Ermənistanın beynəlxalq səviyyədə də ifşa olunması prosesi genişlənib. Prezident İlham Əliyevin hər beynəlxalq tədbirdə Paşinyanı və Ermənistanın dövlət siyasətini faktlarla ifşa etməsi erməni cəmiyyətində də narazılıqlar yaradır. Ona görə də, Ermənistanın ifşa olunmuş, faşist ideologiyasını dövlət siyasətinə çevirmiş ölkə kimi imici qazanması Paşinyana olan ictimai etimadı çox sürətlə məhv edir. Üçüncüsü, Azərbaycanın pandemiya dövründə beynəlxalq miqyasda diqqət mərkəzinə gəlməsi, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, dünyanın rəğbətini qazanması Ermənistan rəhbərliyində paxıllıq hisləri yaradır. Bütün bu səbəblərdə də Ermənistan təxribatlara əl atır, sərhəddə münaqişə törədir. Bununla da həm erməni ictimaiyyətinin diqqətini yayındırmağa, həm də Azərbaycanın uğurlarına, nailiyyətlərinə kölgə salmağa cəhd edir. Amma bu dəfə də alınmayıb. Düşünürəm ki, 2016-cı il aprel təxribatlarından sonra Ermənistanı növbəti ağır məyusluq gözləyir. Əgər aprel məğlubiyyətindən sonra Sarkisyan hakimiyyətdən qovulmuşdusa, ola bilər ki, Tovuz təxribatından sonra Paşinyan da hakimiyyətdən qovulsun”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatına beynəlxalq təşkilatlar siyasi və hüquqi qiymət verməlidirlər. BMT, ATƏT, AŞPA kimi təşkilatlar ikilistandartları kənara qoyub Ermənistanın işğalçı mahiyyətinə uyğun davranmalı və təcavüzkara adı ilə müraciət etməlidir.