"Beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət" Xatirə Əliyeva

13 İyul 2020 13:41 (UTC+04:00)

Xatirə Əliyeva,

YAP Mətbuat Xidmətinin əməkdaşı,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Ölkəmiz bu rəğbəti uzun illər ardıcıl fəaliyyəti, prinsipial, müstəqil siyasəti sayəsində qazanıb

Ümumbəşəri bəla olan COVID-19-la mübarizə hər bir ölkənin malik olduğu imkanlara, təcrübəyə, həmçinin beynəlxalq aləmdə yeri və roluna, siyasi çəkisinə də aydınlıq gətirir. Xarici siyasətində birlik, həmrəylik çagırışlarına xüsusi önəm verən, sabitləşdirici, birləşdirici faktor kimi mövqeyini möhkəmləndirən Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə də birgə səylərin göstərilməsinin vacibliyini bildirərək, qlobal problemə qarşı regional və qlobal səviyyədə həmrəyliyin gücləndirilməsinə çağırışlar edir və bu məqsədilə irəli sürdüyü təşəbbüsləri gerçəkliyə çevirmək üçün əməli addımlar atır. Cünki qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir zamanda dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəylik nümayiş etdirə bilmədilər. Amma dövlətimizin başçısı İlham Əliyev “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini bildirdi, dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsinə nail olan Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans şəklində keçirilən Zirvə görüşündə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və yüksək səviyyədə dəstək qazandı. Qeyd edək ki, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.

Ölkəmizin bu təşəbbüsü irəli sürməkdə məqsədi COVID-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özünəqapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır. Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olsa da, Azərbaycan 130-dan çox ölkənin dəstəyini qazandı. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, burada iki əsas amil öz rolunu göstərdi: mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Möhtərəm Prezidentimiz bu mühüm məqamı da qeyd edir ki, bu dəstək doqquz il bundan əvvəl 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycana yenidən verilən böyük beynəlxalq dəstəkdir.

Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə xüsusi onəm verən Azərbaycan daim BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi, ədalət meyarının qorunması tələbini irəli sürür. Məhz Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də ölkəmizin ədalətli mövqeyinə, uğurlu siyasətinə, beynəlxalq münasibətlər sistemində artan roluna əsaslanırdı. Azərbaycan quruma iki il sədrliyi dövründə bu kimi məsələləri diqqətdə saxladı. Uğurlu fəaliyyət ölkəmizə inam və etimadin artmasında stimulverici amildir. Bu gün, koronavirusla mübarizə tədbirlərinin gücləndirildiyi zamanda Azərbaycana dünya birliyinin etimadı daha aydın şəkildə görünür.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə BMT-nin Baş katibi Antonio Quterreşə telefon zəngində də COVID-19-a qarşı mübarızədə birgə səylərin göstərilməsinə ehtiyacın olduğu xüsusi qeyd edilmişdir. Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyinin bildirən cənab İlham Əliyev Azərbaycanın bu mübarizədə dəstəyinin aydın ifadasi kimi pandemiyaya qarşı mübarizə məqsədilə ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardım ayırdıgını qeyd etmişdir.

BMT-nin baş katibinin bu təşəbbüsü dəstəkləməklə yanaşı, xüsusi sessiyanın texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu bildirməsi də ölkəmizə olan inamdan irəli gəlir. Azərbaycan bütün sahələrdə, o cümlədən yeni texnologiyaların tətbiqi istiqamətində böyük imkanlara malik oldugunu pandemiya dövründə bir daha nümayiş etdirdi. Zirvə görüşləri ilə yanaşı, müxtəlif şirkətlərin, maliyyə qurumlarının rəsmiləri ilə təşkil olunan görüşlər də bu imkanlardan irəli gəlir. Tərəflər bu əminliyi ifadə edirlər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq, beynəlxalq ictimaiyyətin tam səfərbər olmasına şərait yaradacaq və qlobal problemə qarşı qlobal cavabın tapılmasına müsbət töhfəsini verəcək. Reallıq budur ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırıb. Azərbaycan dünyanı birləşdirən ölkə imicinə yeni əlavələr edir.

Atılan hər bir addım münasibətlərin inkişafına öz müsbət təsirini göstərmək imkanındadır. Azərbaycanın bu günlərdə BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması da deyilənlərin təsdiqidir. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasında davamlı inkişafın təmin edilməsi dayanır. Ölkəmizin hər bir çətinlikdən alnıaçıq, üzüağ çıxmasında da bu amilin rolu böyükdür. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan şaxələndirmə siyasətini uğurla həyata keçirməklə enerji sektorundan asılılığı minimuma endirir. Heftin qiymətinin aşağı düşməsinə, pandemiyaya qarşı mübarizənin aparılmasına baxmayaraq Azərbaycanın heç bir sosial layihəni təxirə salmaması, məşgulluq və sosial tədbirlərin həyata keçirilməsinə, sahibkarlığın inkişafına xüsusi diqqət göstərməsi bunun bariz nümunəsidir. Postpandemiya dövrü üçün nəzərdə tutulan Tədbirlər Planında da ölkəmizin davamlı inkişafının sürətləndirilməsi əsas tələb kimi qarşıya qoyulub. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsində ideal məkan kimi qəbul olunması da təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Bir sözlə, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə dünya birliyində yeri və rolunu möhkəmləndirir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.