“Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil” ÖZƏL-MÜNASİBƏT

13 İyul 2020 13:31 (UTC+04:00)

Dünəndən, 12 iyul tarixindən başlayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhəd boyunca, Tovuz istiqamətində təxribatı davam etdirilir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədri vurğulayıb ki, bu, qarşı tərəfin törətdiyi növbəti təxribatdır və Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığının daha bir sübutudur: “Son zamanlar Ermənistan siyasətinin əsas hədəfi Dağlıq Qarabağ ərazisində, onların “Artsax” adlandırdığı ərazidə mövqelərinin möhkəmləndirilməsi və bu münasibətin beynəlxalq aləmə inteqrasiyası başlıca hədəf olaraq görünürdü. İki gün bundan öncə Ermənistanın Milli Təhlükəsizlik Şurasının iclasında Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Konsepsiyasını qəbul etdi. Həmin Konsepsiyada Dağlıq Qarabağla bağlı bəyanat yer aldı, əsas hədəf olaraq qeyd olundu ki, “Ermənistan Respublikası Artsax ermənilərinin təhlükəsizliyinin və azadlığının qarantıdır”. Ermənistanın Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi bu bəyanat bütün mediada yayımlandı. Bu bəyanat, BMT TŞ qətnamələrinə, ATƏT-in Minsk Grupunun fəaliyyətinə və bütövlükdə beynəlxalq qanunlara və çağrışlara təhdidin, hörmətsizliyin növbəti təzahürü idi. Lakin beynəlxalq təşkilatlar hələ də bu təhdidləri səssizliklə qarşılayırlar. Bu səbəbdən də Ermənistan hər zaman olduğu kimi, bu gün də təxribatlar törətməkdə, işğalçı siyasətini davam etdirməkdədir.

Hazırda Ermənistanda daxili vəziyyət gərgindir. Qüvvələr Rusiya yönümlülər və Paşinyanı dəstəkləyən qüvvələr olmaqla, radikal formada iki hissəyə ayrılıblar. Ermənistan-Azərbaycan sərhəd boyunda, Tovuz istiqamətində təxribat Ermənistanın özünə qarşı təxribatdır. Hazırda belə bir şou-təxribat işğalçı Ermənistana lazım idimi? Ermənistanın hazırkı siyasi, hərbi durumuna nəzər salsaq, Ermənistan tənəzzül dövrünü yaşayır. Son günlər Ermənistanda baş verən mürəkkəb siyasi proseslər, kütləvi iğtişaşlar COVİD-19 pandemiyası dövründə Ermənistanın ağır vəziyyətini daha da ağırlaşdırmaqdadır. Ağır sosial-iqtisadi vəziyyət şəraitində müxalifət nümayəndələrinin, jurnalistlərin və hakimlərin həbsi, hər hansı bir fərqli fikir bildirən insanların susdurulması və ya şantaj edilməsi, müxalifət nümayəndəsinin həbsxanada ölümü Ermənistanın siyasi mənzərəsini əks etdirir.

Şahid olduğum bir məsələni qeyd etmək istərdim. Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Azərbaycan Milli QHT Forumunun tədbirlər planına əsasən ötən il Tovuz-Qazax istiqamətində sərhəd zonasında olduq. Bu istiqamətdə Azərbaycan ordusu ən yüksək mövqelərə sahibdir. Digər bütün təmas xətlərində və Ermənistanla sərhəd ərazilərdə Azərbaycan Ordusu müqayisə olunmaz üstünlüyə malikdir. Biz bunun şahidi olmuşuq. Şübhəsiz ki, bu, erməniləri narahat edir. Hansı istiqamətdə olursa-olsun qələbə bizimlədir".