Maskalı və “maska”lı dünya

13 İyul 2020 12:33 (UTC+04:00)

Aylardır ki, bütün dünya koronovirus deyilən bəladan, onun bəşəriyyətə, insanlığa, indiki sivilizasiyaya vurduğu və hələ vura biləcəyi zərərlərdən danışır. Və koronovirusdan danışan kimi adamın yadına ilk olaraq maska düşür. Bu da təbiidir.Çünki virusların” kral”ından qorunmağın ən əsas vasitəsi maskadı. Rəngbərəng maska biznesi də inkişaf etməkdədi. Ağ, qara, mavi... Yəqin ki, rəngbərəng maska biznesi inkişaf etdikcə,rənglərin sayı da artacaq. Bir sözlə, indi bütün dünya maskaya bürünüb.Başqa sözlə, dünyamız maskalanıb. Bu, məsələnin həqiqi tərəfidir. Amma maskalanmaq sözünün bir də məcazi mənası var axı! Əsl simasını gizlədib, özünü mələk kimi göstərənlərə də məcazi olaraq maskalı adamlar deyirik.

Bu maska məsələsi o qədər şöhrət qazanıb ki, hətta maskalanma məsələsinə həsr edilmiş filmlər də çəkilib: “Maskalı balo”, “Maskalı beşlər” və s. Yəni dediyim odur ki, bu həqiqi maska hələ koronovirusdan (yəni COVİD-dan)əvvəl də var idi və kifayət qədər “nüfuz”a da malik idi. Amma viruslar “kral”ı onu daha da məşhurlaşdırdı və indi olub dünyanı bir nömrəli xilaskarı. Yox, kimlərsə düşünməsinlər ki, maska istehsal edənlərin sifarişi ilə bu günümüzün “qəhramanı”nı reklam eləmək istəyirəm. Zatən onun heç reklama ehtiyacı da yoxdu. Hər gün,hər kəs, hər dəqiqə koronovirusdan danışır və təbii ki, o saat maska da yada düşür və ondan da danışılır. Belədə maskanın reklamına nə hacət?

Mənim yazmaq və demək istədiyim məsələ gerçək deyil, məcazi maska ilə bağlıdır. Yüz illər idi ki, rusun bayrağı altında dünyadan xəbərsiz yaşayırdıq. Axır ki, ötən əsrin sonuncu onilliyində imperiya boyunduruğundan xilas olub, müstəqil olduq. Çıxdıq dünyaya və nə görsək yaxşıdı? Bütün dünya haqdan,ədalətdən, bərabər hüquqluluqdan, insan haqlarından danışır. Biz də başladıq Sovet hökumətin, kommunist rejimin söyməyə ki, ay dadi-bidad, dünya haqq-ədalət üzərində qurulub, bunlar bizi qapayıb imperiyanın siyasətinin qəlibiə, qalmışıq bixəbər və dünyanın gül kimi insanlıq, haqq-ədalət savaşından bixəbər qalmışıq. Dərhal da üz tutduq qərbə tərəf. O da ona görə ki, haqq-ədalət haqqında daha çox qərb dövlətləri danışır və dünyanı da inandıra biliblər ki, onların məqsədi hər kəsin bərabərhüquqlu insan kimi rahat yaşamasını təmin eləməkdən ibarətdir. Nə gözəl? 800 il əvvəl Şeyx Nizami “İskəndərnamə” poemasında arzuladığı dünyanın qurulmasını kim istəməz ki? Başladıq demokratiya, insan haqları, azad cəmiyyət, açıq cəmiyyət, daha nə blim hansı terminlərdən gen-bol danışmağa. Niyə də danışmayaq axı? Min illərdi yaşadığımız böyük bir məmləkəti güclülər, daha doğrusu hiyləgərlər hissə-hissə bölüb, böyük şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, hərə bir tərəfdə tüstülədir. Dedik yəqin dünya bu tarixi haqsızlıqlara da ədalətlə baxacaq və bəşəriyyətə böyük dühalar bəxş edən bu millətin də haqqı özünə qaytarılacaq.Beləcə röyaya qapılıb başladıq qərbin dediklərini tutuquşu kimi təkrarlamağa. Ha gözlədik ki, Qarabağ məsələsindən başlayıb, bu millətin hüquqları zaman-zaman bərpa olunacaq, amma hardan?

BMT-nin TŞ-si dörd qətnamə qəbul elədi, qoydu seyfinə. Başqa dövlətlərlə bağlı qəbul edilən qətnamələrin mürəkkəbi qurumamış icra olunduğu halda, bu qətnamələrin hamısı seyfdə tozlanmaqdadır. Xristian olan erməninin uydurma soyqırım iddiasını tanıyan qərb dövlətləri, gözlərinin qarşısında baş verən Xocalı qətliamına, ən yaxşı halda təəssüflənirlər və o da hansısa bir siyasi maraqları olanda. Okeanın o tayından gəlib Suriyada (Hələ Liviyanı, Misiri, Əfqanıstanı, İrakı demirəm) ədalət(?) bərpa etmək istəyirlər, bu ölkənin burnunun ucunda olan Türkiyə məsələyə müdaxilə edəndə ona hücum edirlər ki, başqa ölkənin daxili işlərinə (?) müdaxilə edir. 130 minlik erməninin torpaqlarımızda ikinci dövlət qurmaq istəyinə “isti qan”la yanaşan dünya, cənubda 35 milyonluq Azərbaycan türkünün milli hüquqları uğrunda savaşını görməzdən gəlir, Çində 10 milyonluq Uyğur türkünü qanına qəltan edirlər, yenə dünya susur.

Xülasə, belə misallardan çox sadalamaq olar. İndi oğulsan gücünü topla, ermənilərin işğal elədiyi torpaqlarda suverenliyini bərpa etmək istə. At gedəcək, örkən sürünəcək dalınca: ay amandı, qoymayaq, zavallı, əzabkeş erməni xalqının hüquqları pozulur. Otuz ildi bir milyon azərbaycanlının hüquqlarını görməzdən gələnlər elə şivən qoparacaqlar ki, gəl görəsən. Bunları niyə sadalayıram? Bilənlər onsuz da bilir. Bilməyənlər də bilsin ki, sözdə mələklikdən danışan indiki dünyanın ədalətinə inanmaq sadəlövhlükdür. İndi dünya virusdan qorunmaq üçün maskalanır.

Amma bu dünyanın dünən “maska”sı olub, indi var, sabah da olacaq. Virus maskalarının ömrü koronavirusun ömrü qədər olacaq. Həm də bu maskalar bizi ölümcül virusdan qorumaq kimi mühüm məqsədə “xidmət”edirlər. Məcazi dediyimiz “maska”nın ömrü isə sonsuzdu. Nə qədər dünya var, nə qədər insan cildində iblislər dünyada güc sahibidir, bu “maska” da onlarla daim birlikdə olacaq. Bir fərq var:həqiqi maska bəşəriyyəti,insanlığı xilas etməyə, məcazi “maska” isə insanlığı, bəşəriyyəti yeni-yeni faciələrə düçar etməyə xidmət göstərir. Allah bizi maskasız dünyaya qovuşdursun.Həm həqiqi, həm də məcazi – hər ikisini nəzərdə tuturam.Biri bioloji sağlamlığımıza qayıtmaqla, o biri isə dünyamızın mənəvi sağlamlığa qovuşması ilə.AMİN deyin ki, hər nəfəsdə bir səbəb var...

Təhmasib Novruzov