Ermənilərin milli-mədəni dəyərlərimizə təcavüzü davam edir - TƏHLİL
3 May 2011 23:20 (UTC+04:00)
Azərbaycanın milli-mədəni irsi demək olar ki, hər dəfə ermənilər tərəfindən təcavüzə məruz qalır. Milli mətbəximizə, ədəbiyyatımıza, abidələrimizə və sö əl uzadan ermənilər bu günlərdə daha bir müsiqimizi "özününküləşdirib"...
Əlbəttə ki, xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli-mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin maddi-mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bu günədək qorunub saxlanıb. Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğradığı indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi maddi-mənəvi irsimizin öyrənilmə və qorunub saxlanma səviyyəsindən asılı olacaqdır. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının illik yığıncağında çıxış edən Prezident İlham Əliyev milli irsimizin qorunub saxlanmasının əhəmiyyətini bir daha vurğulayıb: "Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız musiqimiz olub".
Təsadüfi deyil ki, respublikamızda maddi-mənəvi irsin qorunması dövlət tərəfindən həm qanunvericilik, həm də praktik tədbirlər səviyyəsində təmin olunur. Milli irsimizin mühafizəsi məsələsi, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: "Hər kəs, tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır".
Azərbaycan xalqının mədəni və təbii irsinin mühafizəsi, qorunub saxlanması, bu irs əşyalarının oğurlanması və qaçaqmalçılıq yolu ilə daşınmasına qarşı mübarizənin gücləndirilməsi sahəsində geniş Proqram mövcuddur. Eyni zamanda, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, 1994-cü ildə yaradılan YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Heydər Əliyev Fondu milli irsimizin qorunmasında və təbliğində böyük işlər görür. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinın aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Qeyd etdiyimiz kimi, Azərbaycanın milli irsi ən müxtəlif sferalarda dövlət tərəfindən qorunur. Lakin bu bir həqiqətdir ki, milli irsimizin öyrənilməsi və tədqiqi hələ tam başa çatmayıb. Bunun üçün dövlətçilik, ictimai münasibətlər, tarix, ədəbiyyat, mədəniyyət və digər sahələr üzrə milli irsimizin aşkara çıxarılması və təbliği məsələsi ətrafında görüləcək bir çox işlər mövcuddur. Bu işdə, heç şübhəsiz, alimlərimizin üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan xalqının yaratdığı zəngin ədəbi nümunələr, həmçinin, bu prosesdə başlıca rol oynayan doğma dilimizin bədii zənginliyi vacib milli irsimiz kimi çıxış edir. Eyni zamanda, Azərbaycan zəngin dövlətçilik tarixinə malik olan bir ölkə kimi bu sahədə ənənələrin bir çoxunu müstəqil Azərbaycan Respublikasının timsalında bu gün də qoruyur. Lakin milli dövlətçilik ənənələrimizin öyrənilməsi və ümumiyyətlə, tariximizlə bağlı tədqiqatların davam etdirilməsinə ehtiyac var. Bildiyimiz kimi, Sovetlər İttifaqı dönəmində Azərbaycan tarixi təhrif olunmuş şəkildə, ideologiyanın təsiri altında birtərəfli qaydada araşdırılır və tədris olunurdu. Müstəqilliyin əldə edilməsindən sonra isə tarixi keçmişimizin obyektiv öyrənilməsi, yeni nəslə çatdırılması üçün əlverişli imkan yaranıb.
Bu gün tarixi araşdırmalar həm də Azərbaycan xalqına qarşı erməni lobbisinin bütün dünyada saxtakarlıq və yalan əsasında qurduğu təbliğat torunun genişlənməsinin qarşısını almaq və onu aradan qaldırmaq üçün lazımdır. Məlum olduğu kimi, erməni lobbisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə yalan informasiya yaymaqla, əzəli Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürür. Halbuki, nəinki onların iddia etdikləri torpaqlar, hətta Ermənistan dövlətinin üzərində qurulduğu İrəvan xanlığı və Zəngəzur mahalı əraziləri Azərbaycanın tarixi torpaqlarıdır. Bu məsələdə respublika ərazisində aparılan arxeoloji qazıntı işlərinin önəmini xüsusi vurğulamaq lazımdır. Qazıntılar nəticəsində tapılan minlərlə maddi mədəniyyət nümunələri ən müxtəlif tarixi dövrlərdə Azərbaycan xalqının sahib olduğu milli-mədəni irsin mühüm göstəriciləri kimi çıxış edir. Bundan əlavə, Quba rayonu ərazisində 4 il əvvəl təsadüf nəticəsində aşkarlanan və alimlərimiz tərəfindən araşdırılan kütləvi məzarlıq Azərbaycan tarixinin qanlı səhifələrini əyani şəkildə əks etdirməklə barabər, erməni yalanlarının ifşa edilməsində mühüm dəlil rolunu oynayır. Həmçinin, Azərbaycanın tarixi yer adlarının öyrənilməsi də onu göstərir ki, Ermənistan ərazisindəki toponimlər bölgənin azərbaycanlılara məxsus olduğunun ört-basdır edilməsi məqsədilə dəyişdirilib. Bu səbəbdən də, Azərbaycanın tarixi irsinin öyrənilməsi istiqamətində araşdırmaların aparılması, həqiqətlərin ortaya çıxarılması və beynəlxalq miqyasda tanıdılması həm də milli maraqlarımızın tələb etdiyi, siyasi əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan həqiqətlərinin dünyada təbliğində dövlətin diaspora göstərdiyi davamlı dəstəyi də bu məqsədə xidmət edir.