"Bu, dünya birliyini bir araya gətirən böyük qlobal təşəbbüsdür"

13 İyul 2020 11:22 (UTC+04:00)

"Xalqımız çox xoşbəxtdir ki, Azərbaycan Prezident İlham Əliyev dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri və birincisidir. Və Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün dünyanın 130-a qədər BMT-yə üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir". Bu fikirləri SİA-ya YAP Sabunçu rayon təşkilatının Qadınlar Şurasının sədri Ramidə İbrahimova deyib.

R.İbrahimova bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı aparılan effektiv mübarizə dünyada təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verəcək: "Bu gün pandemiyaya qarşı Azərbaycan tərəfindən aparılan effektiv mübarizə dünyanın da diqqətindən kənarda qalmayıb və pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi Azərbaycanın, onun liderinin təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirilir. Dünya görür ki, indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsi bəşəri bəlanın neytrallaşdırılmasında önəmlidir. Bu mənada koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir və bu cavabın verilməsində Azərbaycanın təşəbbüsünün əhəmiyyətini dünya qəbul edir".

Məhz Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ilk gündən həyata keçirilən zəruri qabaqlayıcı, çevik və sistemli prespektiv tədbirlər, atılan profilaktik və təxirəsalınmaz addımların pandemiyanın Azərbaycanda genişlənməsinin qarşısının alınmasında xüsusi rol oynadığını deyən R.İbrahimova bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə də çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi: "Bu gün 130 ölkədən çox dövlətlərin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi Azərbaycanın beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvolu kimi qəbulunun və ilk növbədə dövlət başçısının dünyada böyük nüfuza malik lider olmasının göstəricisidir. Bu gün qürurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edildi və ölkəmizin dünya birliyində artan nüfuzunun göstəricisi olmaqla yanaşı, həmçinin çox mühüm tarixi hadisə kimi və gözəgörünməz virusla mübarizədə həmrəylik nümayiş etdirmək çağırışı kimi günümüzdə qaldı. Eyni zamanda, bu fakt bir daha təsdiqlədi ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır və apardığı siyasət də dövlətləri və millətləri uğurlu nailiyyətlər əldə etmək üçün birləşdirən siyasət aparır. Bu siyasət də, məhz Azərbaycan tərəfindən təqdim olundu".

YAP Sabunçu rayon təşkilatının Qadınlar Şurasının sədri Azərbaycanın hər zaman qlobal problemlərin həllində körpü rolunu oyanadığını da bildirib: "Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq Bakı beynəlxalq humanitar və digər qlobal problemlərin həlli məsələsində bir dialoq mərkəzinə çevrilib. O baxımdan Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında əlaqələrin qurulması və qlobal səviyyədə körpü yaratması indiyədək yürüdülən siyasətin məntiqi nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyev belə bir təşəbbüslə çıxış etməklə bir daha beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan dövləti ərazicə kiçik, əhalisinin sayına görə az olsa da, sözün əsl mənasında güclü dövlət və böyük xalqdır. Bu baxımdan da, Azərbaycan Respublikası dünya dövlətləri sırasında yeni qlobal təşəbbüsü ilə nümunəvi təcrübə nümayiş etdirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır".

R.İbrahimova uzun illərdir ki, Azərbaycan dövlətinə qarşı qərəzli mövqedə olan, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın məkrli niyyətindən söz açaraq, təcavüzkar dövlətin bu məqamda da əsl simasının bir daha nümayiş etdirdiyini vurğulayıb: "Bu təcavüzkar ölkədən gözlənilən idi. Çünki işğalçı ölkə hər zaman Azərbaycanın əldə etdiyi uğurları qəbul etməyib və bu dəfə də bu təşəbbüsü dəsdəkləməməklə bir daha 130 ölkə arasında rüsvay edildi. Çünki bütün dünyanın COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyi vurğulandığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etməklə yanaşı, iç üzlərini də göstərmiş oldu".

R.İbrahimova Prezident İlham Əliyev cənablarının daima konkret faktlarla Ermənistanın təcavüzkar və işğalçı olduğunu bütün dünya sübut etdiyini bildirib: "Elə bu günlərdə dövlət başçımızın yerli televiziya kanallarına verdiyi müsahibəsində də konkret faktlarla Ermənistanda faşizm ideologiyasının üstünlük təşkil etdiyini demişdir. Ümidvarıq ki, bütün dünya üçün həyati əhəmiyyət daşıyan xüsusi sessiya tez bir zamanda təşkil olunacaq və uğurla yekunlaşacaq, pandemiya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olunmasına, bu qlobal təhdidə effektiv cavabın tapılması prosesinə töhfə verəcək. Eyni zamanda, ümid edirik ki, “Qoşulmama Hərəkatı” prezidentimizin rəhbərliyi altında bundan sonra da, dünya ölkələrinin həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək, bu qlobal bəlaya həm vətənimizdə, həm də dünyamızda son qoyulmasına vəsilə olacaq”.

RƏFİQƏ HÜSEYNOVA