Bəstiqızın “çin” olan arzuları (Hekayə)

12 İyul 2020 08:46 (UTC+04:00)

AĞALAR İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

Dünyanı lərzəyə salan koronavirus adlı xəstəlik başlayandan Bəstiqızın arzuları çiçək açmışdı. Çünki əri Həmidulla bütün günü evdə olurdu. Ölkə başçısı əmr verib, yeməkxanaları, iaşə obyektlərini, restoranları bağlatdırmışdı. Həmidulla da "Korona" adlı yeməkxana-restoranın müdiri idi. Daha doğrusu, Bakıda adla deyilən bu gözəl məkan, onun şəxsi obyekti idi. Bu COVİD-19 pandemiyasına, qadağalara görə o da evdə qalmağa məcbur olmuşdu. Onların iki övladı vardı. Bir oğlan, bir qız. Hər ikisi xarici ölkəyə köçüb getmişdilər. Daha doğrusu, bunu ataları məcbur eləmişdi. Oğlu ingilis qızı ilə evlənmişdi. Qızı da ərəb oğlanla ailə həyatı qurmuşdu. Həmidulla Qarabağ müharibəsi vaxtı adını bir hərbi hissəyə yazdırmışdı. Guya həmin hərbi hissənin zabiti idi. 1988-ci ildə Qarabağ müharibəsi başlayandan silah-sursat və benzin alveri eləyirdi. Rusların hərbi hisslərindən ucuz qiymətə silahları, sursatları, benzini alıb, Qarabağda döyüşən əsgərlərimizə satırdı. Özü də od qiymətinə. Hətta Həmidulla erməni dilini bildiyindən, imkan düşəndə həmin silahdan, sursatdan və benzindən ermənilərə də satırdı. Axı necə olsa qan çəkirdi. Çünki ulu nənəsi erməni idi. Ona görə də bu silah-sursat və benzin alverindən yaxşı pullar qazanmışdı. Həmidulla uzaqgörən adam idi. Qaynatasının dediyi kimi: "Onda erməni siyasəti vardı". Bu pullara da həmin bu "Korona" adlı yeməkxana-restoranı, Bakıda qaldıqları bax, bu evi, bağ evini və başqa, yaxşı pul gətirən obyektləri də almışdı. Pulun bir hissəsinə də İngiltərədə obyekt almışdı. Oğlunu Qarabağ müharibəsindən yayındıraraq, ona hətta Qarabağ əlili sənədi düzəldərək, İngiltərəyə aparmışdı. Orada bir ingilis qızı ilə evləndirib, oğlunu pulun gücünə bu ölkənin vətəndaşı da elətdirmişdi. Həmin obyekti də oğlu işlədirdi. İngiltərədə yaşayan bir varlı-karlı ərəb oğlana da elə oğlunun vasitəsilə qızını "sırımışdı". Beləliklə, məmləkətimizdə müharibə getdiyi bu vurhavurda övladlarını yerbəyer eləyən Həmidullanın yalnız bir ali məqsədi vardı: "Dünya beş gündür, ye-iç, keyf elə". Bu iki mərtəbəli və çox yaraşıqlı "Korona" adlı yeməkxana-restoranı da İsrailə köçüb gedən bir cuhuddan almışdı. Özü də su qiymətinə. "Korona" adlı bu yeməkxana-restoran hələ Sovetlərin vaxtından şəhərdə çox məşhur idi. Bura xeyli müştəri gəlirdi. Ayrı-ayrı iki nəfərlik rahat otaqları vardı. Hətta içərisində yataq yerlərinə, sanuzellərinə, duşlarına kimi. Ona görə də məşuqələri ilə bura gələnlər çox idi. Həmidullanın polis və prokurorluq orqanlarında "krışası" olan adamları olduğundan bura dəyib-dolaşan yox idi. Axı həmin sistemlərdə işləyənlər və dünyanın cəmi "beş gün" olduğunu fikirləşənlər də öz "adamuşkaları" ilə bura tez-tez gəlirdilər...

Doğrudur, əvvəllər Həmidullanın bir neçə obyekti də vardı. Amma yuxarıda əyləşənlər onun silah və benzin alverini dillərinə gətirib, qorxudub və əlindən almışdılar. Hətta onlar Həmidullanın dirəşdiyini görüb, onun üzünə demişdilər ki, "ermənilərə satdığın silahların, sursatların və benzinin məsələsini, nənənin də erməni olduğunu mətbuata çıxararıq, səni həbs etdirərik, onda yalvara-yalvara verərsən bu obyektləri bizə".

Bu sözlərdən sonra Həmidulla məcbur olub, ağ bayraq qaldırmışdı. Amma yaxşı keflənəndə, artıq özünü-sözünü bilməyəndə həmin adamların bütün nəsil-nəcabətinə səkkiz mərtəbəli söyüşlər yağdırırdı...

Deyəsən, onun yanına yeyib-içməyə, kefə gələn daxili işlər orqanının və respublika prokurorluğunun yuxarı eşalon işçiləri də öz yerlərini şirin salmaq, onlara sadiq olduqlarını sübut etməkçün, bu məsələni lap yuxarıdakı adamlara demişdilər. Onlar da Həmidullanı Dövlət Təhlükəsizlik Xidməti orqanına çağırıb, yaxşıca döymüş və kalan pulunu da almışdılar. Bax, belə yerdə deyiblər ki, "ilan ulduz görməsə, ölməz". İndi Həmidulla bütün günü yeri gəldi-gəlmədi yuxarıda oturanları tərifləyirdi. Təkcə özlərini yox, yüz il bundan qabaq ölənlərindən tutmuş, bələkdəki körpələrinə qədər... Bu əhvalatdan xəbəri olanlar arada gülüb deyirdilər: "İt, qulaq kəsəndən qorxar".

Atəşkəs elan olunandan sonra Həmidulla ordudan hətta zabit kimi -Qarabağ döyüşünün igid əsgəri, əlil kimi tərxis olunmuşdu. Bəzi ağzıgöyçəklərin danışmaması üçün hərdən əlinə bir çəlik götürüb, gəzirdi ki, guya ən çətin döyüşlərin birində ayağından yaralanıb. Həm də çoxlu medal və ordeni pulla almışdı və bütün günü sinəsinə taxıb gəzirdi. Bu orden-medalları da yaxşı tanımadığından hətta onalrın içərisində Kuba Azadlıq hərəkatının, Vyetnam müharibəsinin, Böyük Vətən Müharibəsinin də orden-medalları vardı. Hətta idmana hazırlıq, idman ustası kimi medallardan da vardı onların arasında...

"Korona" yeməkxana- restoranı yoxlamağa gələnlər Həmidullanın sinəsindəki, qasığına qədər asılan medalları, ordenləri görən kimi yumuşalırdılar. Yüz manatın əvəzinə on manat alıb, bir tikə də çörək yeyib gedirdilər. Həm də Həmidulla bu orden-medallarla birlikdə hərbi geyimdə çox yekə bir şəkilini rəssama çəkdirib, kabinetində asdırmışdı. Əlində də bir trubka vardı. Onun bu portreti kabinetində olan ölkə başçısının şəkilindən daha böyük və möhtəşəm görünürdü...

Beləliklə, Həmidulla bu medallara, ordenlərə verdiyi pulu bəlkə yüz dəfə çıxarmışdı. Bax, buna deyərlər erməni ağlı... Məşhur təbiblərin dediyi bu fikir: "qan elə şeydi ki, özünü gec-tez göstərir" sözləri Həmidullanın timsalında özünün əksini həqiqətən göstərirdi...

Koronavirus xəstəliyi başlamamışdan əvvəl Həmidulla hər gün səhər tezdən "Korona" yeməkxana- restoranda olurdu. Düz axşam saat 12-yə kimi. Bəstiqız deyən kimi, "bütün günü orada yeyib-yatır və axşam da yeməkxanada aşbaz işləyən və onun "adamuşkası" olan, özündən 40 yaş cavan xanımla keyf eləyir, sonra onu evinə aparır, gecə saat 1-də öz evinə gəlirdi. Həm də sərxoş. Maraqlıdı ki, onun maşınını yolda heç bir polis saxlamırdı. Çünki polislərin lap böyükləri həftə səkkiz-mən doqquz onun iki mərtəbəli və çox yaraşıqlı "Korona" yeməkxana-restoranında pulsuz yeyib içirdilər. Həm də tək gəlmirdilər. Onlar da öz "adamuşka"ları ilə gəlirdilər. Belə olan təqdirdə kimin ağzı nə idi ki, sərxoş vəziyyətdə maşın sürən Həmidullanı saxlasın, ya da ona "gözün üstündə qaşın var" desin. Həmin adamın gərək iki başı olaydı". Bu sözləri xəlvətcə deyən Bəstiqız, bax, bu ifadəni ürəyində deyə bilməyib, partlayırdı:

-Allaha yalvarıram ki, sənin o "Korona" adlı restoranına od salsın. Bir göz qırpımında yanıb kül olsun. Bəlkə sən bundan sonra xarabana vaxtında gələsən.

Sən bu hərəkətinlə gec-tez məni öldürəcəksən. Elə arzun da budur. Sonra tam arxayınçılığa çıxarsan... Yetmişə yaxın yaşın var, amma hələ də gic-gic hərəkətlərindən əl çəkmirsən...

Amma Həmidullaya "adamuşkası" ilə bağlı heç nə deyə bilmirdi. Çünki adamın üstündə Allahı var. Həmidulla Bəstiqıza nə lazımdısa alırdı. Onu korluq çəkməyə qoymurdu. Nə qədər pul istəyirdi, verirdi. Çünki bilirdi ki, Bəstiqız pul, qır-qızıl hərisidi...

Belə götürəndə, Bəstiqız həm çox yaşlaşmışdı və həm də kök idi. Cavan xanımla yaşayan Həmidulla artıq Bəstiqıza bir qadın kimi baxa bilmirdi. Ona görə də Həmidulla axşam evə gələndə özünü çox yorğun kimi göstərir və yerinə girəndə də o dəqiqə xorultusu üç otaqlı evi başına götürürdü. Bəstiqızla ayda bir dəfə "salaməleyk" eləsəydi, böyük iş idi. Bəstiqız da bundan çox əsəbləşirdi. Hərdən istəyirdi ki, o da gedib özünə bir cavan aşna tapsın, amma qorxurdu ki, Həmidulla bunu bilər, elə həmin günü onu öldürtdürər. Ona görə də Həmidulla onunla tez-tez "salaməleyk" eləmək üçün eyhamla deyirdi ki, "məgər qoca at arpa yemir?" Həmidulla da ona baxıb, bu sözləri başqa tərəfə yozub gülə-gülə deyirdi:

- Bəstiqız xanım. Yeyir ey. Amma az-az yeyir. Sənin kimi bir çuvalı birdən-birə yemir. Bir metr əlli santimetr boyun var. Çəkin isə yüz kiloqramdır. Altmış yaşın var, amma bu köklüyünə görə yaşından on-on beş yaş çox görünürsən. Hər dəfə sənə deyirəm ki, qadın özünə fikir verməlidi. Amma sənin bütün günü ağzın işləyir. Bax, görürsən məni. Bir metr yetmiş beş santimetr boyum var. Çəkim isə cəmi 60 kiloqramdı. Həftədə ən azından bir dəfə saunaya gedirəm. Üç dəfə də futbol oynayıram. Mənim altmış beş yaşım var, amma cavan oğlana oxşayıram...

- Sən anana oxşayırsan arıqlıqda. O rəhmətlik arvad da söyləyirdi:"Ay bala, nə mən, nə də Həmidulla heç vaxt kökəlməyəcəyik. Çünki "it qursağı yağ götürməz", - deyib atalar".

Bu sözləri həqiqətən də Həmidullanın rəhmətlik anası Qızbəs deyirdi. O, Bəstiqızın qohumu idi. Bəstiqızı Həmidullaya o, zorla almışdı. Çünki Bəstiqızın atası varlı adam idi. Dörd qızı vardı. Bu sonbeşik qızının adını Bəstiqız ona görə qoymuşdu ki, bəlkə bundan sonra oğlu olar. Amma Bəstiqız öz gəlişindən sonra elə bil ki, hər şeyi "qurutmuşdu". Anasının daha uşağı olmamışdı. Çünki Bəstiqız doğulanda çəkisi çox olmuşdu və "çıxdığı yeri bomba kimi dağıtmışdı". Ona görə də anasının daha uşağı olmurdu. Atası yığdığı pulları qızları arasında bölmüşdü. Amma Bəstiqız sonbeşik olduğundan ona daha çox şey düşmüşü. Beləliklə, lüt Həmidulla belə varlanmışdı. Hətta Bəstiqızın atasınının verdiyi pullarla Həmidulla silah-sursat və benzin alverinə başlamışdı. Bunu ona rəhmətlik qaynatası başa salmışdı ki, "müharibə gedən ölkədə çox pul qazanmağın ən düzgün yolu silah-sursat və benzin alveridi". Həmidulla az bir vaxtda bu fikrin düzgün olduğunu gördü və bu alverdən yaxşı pul qazandı. Heç tam orta məktəb təhsili olmayan və tərcümeyi-halını belə yazmağı bacarmayan Həmidullaya indi hamı "müəllim" , "şeyf", "patron" deyirdi. Məhz bu ağıllı təkilfinə görə də Həmidulla həmişə qaynatasına "Allah rəhmət eləsin" deyirdi. Bəstiqıza da artıq

heç bir söz deyə bilmirdi. Axı ataların belə məsəli var: "Arvadın var-dövləti giriş qapısnın üstündən asılan toppuzdur. Evə girəndə də, evdən çıxanda da kişinin başına dəyir". Ona görə də Həmidulla Bəstiqızın qarşısında və onun atasının verdiyi pullara, Bəstiqızın gətirdiyi cer-cehizə görə ömürlük gözükölgəli idi. Amma hərdən, çox zaman da keyfli olanda belə eyhamlı sözlər deyirdi... Bəstiqız başa düşürdü ki, Həmidulla onun belə kök, yaşlı olmasına və yaşından daha qoca görünməsinə görə cavan qızlarla gəzməyinə eyham vurur... Bəstiqız da Həmidullanın acığına nə qədər istəyirdisə arıqlasın, amma bacarmırdı... Elə bil yeməkdən doymurdu ki, doymurdu...

Hə, indi başına döndüyüm hökumət və göydə olan Allah axır ki, Bəstiqızın arzularını çin eləmişdi. Koronavirusla bağlı belə ciddi qadağalar qoymuşdu. Həmidulla da "əsgisi yanıqlı olduğundan" məcbur olub evdə qalası olmuşdu. İndi istəsə də, istəməsə də həftədə ən azı bir-iki dəfə Bəstiqızla "salaməleyk" eləyirdi. Bəstiqız onun başına pərvanə kimi dolanırdı. Onunçün yaxşı yeməklər bişirirdi. Hətta həyətlərindəki mağazadan Həmidullanın xoşladığı fransız çaxırı alıb gətirirdi... Amma Həmidulla "az aşın duzu deyildi". Evdən çıxa bilməsə də, telefonda kimlərləsə mesajlaşır, ya da ayaq yoluna girib, kiməsə nə isə yazırdı... Beləliklə, ayaqyolu artıq olmuşdu Həmidullanın ikinci kabineti... Orada kitab şkafı qoymuşu və içinə də kitablar düzmüşdü ki, guya kitab oxuyur...

Bəstiqız kəsilə-kəsilə qalırdı. Bilirdi ki, Həmidulla "adamuşkası" ilə mesajlaşır. Bəstiqız Həmidullanın "adamuşqası" haqqında da hər şeyi bilirdi... Onu da bilirdi ki, adı şəxsiyyət vəsiqəsində Arzu olan bu 25 yaşlı qızın əsl adı Anahiddir. Orta məktəbi qurtarandan sonra Krasnodara gedib. Orada bir erməni ilə yaşayıb və ondan bir uşaq qazanıb. Elə aşbazlığı da orada öyrənib. Üç il bundan qabaq Bakıya qayıdıb. Onu Həmidullanın yanına gətiriblər. Həmidulla da görüb ki, "keçməli qız deyil". Onu elə həmin gün "Korona" ya işə götürüb. Anahidi gətirən adama yaxşı qonaqlıq və pul verib. Və tez bir zamanda Anahidi baş aşbaz təyin eləyib. Aşbazlıqda böyük təcrübəsi olan əvvəlki baş aşbaz, yaşlı xanımı ona köməkçi qoyub. Bu Anahidin erməni anasının əvvəlki adı Siranuş olub, amma sonra şəxsiyyət vəsiqəsində dəyişdirib Sitarə qoyublar. Siranuşun da, Anahidin də indiki şəxsiyyət vəsiqələrində yazılıb ki, onlar azərbaycanlıdırlar. Bax, budur pulun gücü. Bunu onlarçün Həmidulla eləyib. Bunların hamısını da Bəstiqıza keçmiş baş aşbaz danışıb. Belə "ağzıyırtıq" olduğuna görə altı ay bundan qabaq Həmidulla möhkəm hirsləib və onu işdən çıxarıb. "Üzü-üzlər görən" həmin baş aşbaz qadın Həmidulla ilə bağlı bütün bildiklərini, hətta bir az da artığını gedib redaksiyalarda danışıb. Sensassiya ardınca qaçan bu saytlar, qəzetlər də həmin arvadın dediklərinin üstünə özləri də bir qədər nələrisə artırıb, əlavə eləyib, çap eləməyə başlayıblar. Məqsədləri də Həmidullanı "soymaqdır". Ona görə də axır vaxtlar bəzi qəzetlər və saytlar Həmidulla ilə bağlı yazıları öz səhiflərinə çıxarırlar. Onun silah-sursat və benzin alverini də gündəmə gətiriblər. Hətta ermənilərə də silah-sursat və benzin satmasını yazıblar. Bu yazıları oxuyanların sayı da vurub, kəllə-çarxa çıxıb. Hətta buna görə Həmidullanı bəzi yuxarı dairələrə, korrupsiya idarəsinə çağırıblar...

Əslində çox "ağciyər" olan Həmidulla artıq altı aydır ki, Anahidlə görüşə bilmir və qorxusundan onlara gedə də bilmirdi. Həmin "üzü-üzlər görən" arvadı çağırıb, onun altı aylıq əmək haqqını artıqlaması ilə verib, amma o indi də əl çəkmir. Deyir ki, Anahidi çıxar və məni öz əvvəlki yerimə, baş aşbaz vəzifəmə qaytar. Bu altı ayda yeməkxana işçiləri işə gələ bilmədiyindən hamısı Həmidullaya dirəşiblər ki, bizim əmək haqqımızı ver. Ona görə də bu adamların Anahidlə Həmidullanın aralarında olan "eşq macərasından" yaxşı xəbərləri vardı. Çünki Anahid də "ağzıcırıq", meşşan təbiətli qızdı. İşçiləri cırnatmaq, qorxutmaq üçün hətta Həmidullanın onun dərdindən öldüyünü də açıqca iş yerində danışırdı... Hətta onun kabinetində Anahidlə birlikdə eyş-işrətlərini bəzi işçilər videoya da çəkmişdilər... Əllərində tutarlı məlumatlar vardı. Anahidin Həmidullaya necə əmrlər verdiyini də işçilər açıqca görürdülər...

Deməli, bu koronavirus gələndən sonra Həmidulla daha çətin duruma düşmüşdü. Ona görə də "Korona" yeməkxana-restoranını və hətta çox yaraşıqlı bağ evini satdığa qoymuşdu. Fikri vardı ki, bunları satıb, təcili İngiltərəyə köçüb getsin. Hətta Anahidə də söz vermişdi ki, onu da özü ilə aparacaq. Bəstiqız isə burada qalacaqdı...

Bu gün isə onu yenə də korrupsiya idarəsinə çağırmışdılar. Qarşısına çoxlu qəzetlərdə və saytlarda çap olunan materiallar qoymuşdular. Guya bu qəzetlərdə və saytlardakı yazılarda Həmidulla deyib ki, "ona heç kim heç nə eləyə bilməz. Çünki o, öz obyektlərinin bir neçəsini yuxarıda oturanlara peşkəş verib. Onlar da Həmidullanın arxasında dağ kimi durublar".

Həmin yuxarıda oturanların gəmiləri artıq batmaq üzrədir. Çünki lap yuxarıdakılar artıq onların "buynuzlarını sındırıblar". Bu "vurhavurda" Həmidullanın "krışaları" da öz hayındadırlar. Ona görə də onlar haqqında kim artıq bir söz deyirsə, həmin adamı "nakazat" eləyirlər...

Həmidulla and-aman elədi ki, o, elə sözlər deməyib. Amma bütün bunlara baxmayaraq, korrupsiya idarəində Həmidulladan çığırda-çığırda yaxşı pul aldılar. Hətta bu pulun bir hissəsini Həmidulla başqasından borc götürməli olmuşdu. Ona görə də evdə qərar tuta bilmirdi. Ürəyi partlayırdı. Bir gündə iki şüşə fransız çaxırı içirdi. Bəstiqız elə bilirdi ki, Həmidulla Anahidi görə bilmədiyindən, bu qədər çaxırı məhz onun dərdindən içir. Amma Həmidullanın dərdi təkcə Anahid deyildi. Onun dərdi daha böyük idi... İndi hər gün ürəyində Bəstiqızın atasının goruna söyürdü ki, niyə ona inanıb, gedib silah-sursat, benzin alveri eləyib. Və özü də bu silahı, sursatı və benzini niyə ermənilərə satıb?.. Bax buna görə də canına böyük qorxu düşmüşdü... Əgər bu işlərin üstü açılsa, onu Vətən xaini kim ən azı on beş il həbs eləyə bilərlər. Hələ boynuna daha çox şeyləri qoya bilərdilər...İndi adamı həbs eləməyə nə var ki?.. O, pulla aldığı medalları və ordenləri də axır vaxtlar qorxusundan döşünə taxmırdı. Çünki qəzetlərdə, saytlarda onun orden-medallı şəkillərini çap eləyirdilər. Hətta kabinetindəki hərbi geyimdəki, əlində trubka tutduğu rəsm işini də ölkə başçısının şəkili ilə yanaşı qoyub, altından da bu sözləri yazırdılar: " Bunlardan hansı ölkə başçısıdır?" Buna görə də onda bu medallara, ordenlərə qarşı bir allergiya yaranmışdı...

Beləliklə, bu COVİD-19 pandemiyası adlanan koronavirus ona bəklə də 190- dan çox bəla gətirmişdi... Bütün bu bəlaları fikirləşən Həmidulla eyvanda oturub, həyatının bundan sonra necə olacağını fikirləşirdi...

Artıq gecə saat üç idi. Qonşu binada olanların hamısı yatmışdı. Hətta onu bir neçə dəfə xahiş-minnətlə yanına çağıran Bəstiqız da yatmışdı. İçdiyi iki şüşə fransız çaxırı Həmidullaya heç bir təsir eləməmişdi. Yuxusu ərşə çəkilmişdi. Bu oyundan necə çıxmağın yollarını fikirləşirdi... Amma işıqlı heç nə görə bilmirdi. O, artıq bir qutu siqaret çəkmişdi. Uzun müddət idi ki, siqareti tərgitmişdi. Çünki gəzdiyi qadınlar onun siqaret çəkməsini istəmirdilər. O da həmin qadınların sözlərinə görə siqaretə "əlvida" demişdi... Bu koronavirus başlayandan və belə dəhşətli problemlər ortaya çıxandan sonra yenə də siqaret çəkməyə başlamışdı. Fikirləşirdi ki, bəlkə onun "dağdan ağır" dərdlərini siqaret yüngülləşdirə bilər...

Bu vaxt onun telefonuna zəng gəldi. Bu, "Korona" yeməkxana-restoranın qarovulçusu Səbuhinin telefon nömrəsi idi. Həmidulla telefonu açdı.

-Eşidirəm, Səbuhi,- deyə Həmidulla dilləndi.

-Şef, restoran yanır. Yanğısöndürən idarəsinə zəng vurmuşam, amma hələ də gəlməyiblər.

-Nə danışırsan? Necə yəni yanır? Axmaq köpək oğlu, gecənin bu vaxtı belə zarafat eləmək olar?- deyə Həmidulla çox əsəbiləşdi. Çünki Səbuhi möhkəm içən idi. Fikirləşdi ki, yəqin sərxoşdu, belə çərənləyir. O, içki içəndə ağzının danışığını bilmirdi... Qatıqlayırdı...

-Şef, zarafat eləmirəm. Atamın goru haqqı, həqiqətən yanır...

-Ay Allah, evim yıxıldı... Sənin fahişə qucağında ölən atana lənət olsun, Bəstiqız! Arzun çin oldu, ay moltanının qızı!,- deyə Həmidulla ucadan qışqırdı.

Həmidullanın bu qışqırığından Bəstiqız hövlənk yuxudan oyandı. Yerindən dik atıldı. Elə bil ayağını həmişəki kimi qıcolma tutdu. Amma başa düşə bilmirdi ki, nə olub.

-Ay Həmid, nə olub?..

-Canıva azar olub. Moltanının, şərəfsizin qızı... Hanı mənim şalvarım?

O, eyvanda allı-güllü şortikdə və qısaqol köynəkdə oturmuşdu. Bu geyimdə evdən çıxmaq istəmirdi və ona görə də şalvarını axtarır, amma tapa bilmirdi. Əlləri ilə də keçəl başına möhkəm vururdu...

-Ay Allah, mən bundan sonra neynəyəcəm? Sizi lənətə gələsiz. Məni bir xoruza yük elədiniz. Sonra hələ də söndürmədiyi əl telefonuna ucadan qışqırdı: - Ay alkaş köpək oğlu! Bir də zəng vur yangınsöndürənlərə. Mən gəlirəm.

O, bircə onu eləyə bildi ki, servantdan pul götürdü. Çünki içki içdiyinə görə öz maşını ilə gedə bilməzdi. Qorxurdu ki, bu vurhavurda onu yolda saxlaya bilərlər və cəzalandırarlar. Tez taksiyə minib getməli idi. Ona görə də üçüncü mərtəbədən qışqıra-qışqıra, söyə-söyə, tez həyətə düşdü. Evləri mərkəzi yolun qırağında idi. Allaha yalvarırdı ki, təki taksi olsun və tez özünü "Korona"ya çatdırsın. "Korona" ilə onların evinin arası beş-altı kilometr yol idi. Həmidulla qaça-qaça tez yola çıxdı. Yol qırağında bir maşının dayandığını gördü. Tez maşına yaxınlaşdı. Həmin maşın taksi deyildi. Həmidulla sürücüdən xahiş elədi ki, onu "Korona" ya aparsın. Bakıda "Korona"nı demək olar hamı tanıdığından sürücü bircə bu sözləri dedi:

-Baş üstə.

-Amma xahiş edirəm möhkəm sür.

-Arxayın olun, yollar boşdu. Ən geci 15-20 dəqiqəyə orada olacağıq. Məgər gecənin bu vaxtı "Korona" işləyir?

-Təkcə işləmir, həm də yanır, - deyə Həmidulla yenə də əllərilə başına möhkəm vurub, hönkür-hönkür ağladı.

Maşın 20 dəqiqəyə "Korona"nın yanında oldu. Alov göyə qalxmışdı. Ətrafda olan bəzi adamlar kənarda dayanıb, "Korona"nın yanmasına tamaşa eləyirdilər. Yəqin qonşu binalarda olan adamlar idi. Çünki bu binaların adamları dəfələrlə "əxlaqsızlıq yuvası" olan bu "Korona" haqqında şikayət eləsələr də, onların şikayətinə heç bir əncam çəkilməmişdi... Axı Həmidullanın arxası möhkəm idi. Ona kim nə eləyə bilərdi? "Korona"nın yanında bir yanğınsöndürən maşın dayanmışdı. Yəqin indi gəlmişdi. Həmidulla tez onlara yaxınlaşdı.

-Niyə söndürmürsüz, köpək uşaqları?!

-Bir az ədəbli danış, ay kişi. Köpək oğlu özünsən, - deyə ucaboy, kök kişi, allı-güllü şortikdə, qısaqol köynəkdə, arıq, yekə burun kişiyə rişxəndlə baxıb, sözünə davam elədi: - Elə bircə sən çatışmırdın... Heç olmasa əyninə bir şalvar geyib aşağı düşəydin də. Məlum deyil kişisən, yoxsa arvad...

Bu, yanğınsöndürənlərin başçısı idi. Elə bilirdi ki, Həmidulla bu binaların hansındasa yaşayır.

-Nə dedin, köpək oğlu? Bu obyekt mənimdi. Mən sizə əmr eləyirəm, tez söndürün!

-Nəyi söndürək? Belə alovu necə söndürmək olar? Bu binaya heç su da gəlmir. Canımızdan bezmişik?

-Mən sizin başınıza elə bir oyun açacam ki, goru da gözünüzlə görəcəksiz,- deyə Həmidulla ucadan qışqırdı. Və ürəyini tutub tez yerə oturdu. Sonra yanında dayanan başqa bir kişiyə yalvarışla dedi: - Mənə su verin.

Bu vaxt Həmidullanın mobil telefonuna zəng gəldi. O, telefon nömrəsinə baxmayıb, tez telefonu açdı.

-Həmidulla müəllim, mənəm, Əyyardı. Bağınızın qarovulçusu. Bağınız yanır. Heç cürə söndürə bilmirik. Xahiş edirəm, tez gəlin. Yanğınsöndürənlərə də zəng vurmuşam. Gəlmirlər...

Bu sözləri eşidəndən sonra Həmidulla yalnız belə deyə bildi:

-Axı niyə belə elədiniz?.. Adam belə nakişi olmaz... Axı mən...

O, yerə yıxıldı. Bu vaxt Təcili -Tibbi Yardım maşını gəldi. Bu maşını kim çağırtdırmışdı? Heç kim bilmədi. Həmidullanı Təcili -Tibbi Yardım maşınına qoydular. Xəstəxanaya çatana qədər Həmidulla artıq keçinmişdi... Ona görə də onu xəstəxanaya yox, evlərinə apardılar... Xəstəxanaya aparsaydılar bəlkə də işlər "qəliz" ola bilərdi...

Bu ssenari Həmidullanı yol kənarında gözləyən maşından tutmuş, "Korona"ya 20 dəqiqəyə gətirməsi, "Korona"nın koronavirus dövründə, özü də adamların şirin yuxuda olduğu gecə saat üçdə yandırılması, binaya gələn suyun kəsilməsi, bağ evinin yanmasını məhz orada eşitməsi, Təcili-Tibbi Yardım həkimlərinin ona

maşında ürəklə bağlı yox, başqa dərman vurması zərgər dəqiqliyi ilə elə düzgün yazılmışdı və düzülüb-qoşulmuşdu ki, buna görə heç kimə heç nə eləmədilər...

Bu vaxt mənim yadıma bir müdrik ağsaqqalın dediyi bu sözlər düşdü:

-Meşədə zəif heyvanlar hər gün Allaha yalvarırlar ki: " Ey Böyük Tanrı. Elə eləyin ki, şirlər dalaşmasın". Axı onlar bilirdilər ki, şirlər dalaşanda hökmən ölümə məhkum zəif heyvanlar olurlar. Çünki qalib şir öz hegemonluğunu bir daha sübut etmək və göstərməkçün zəif heyvanları parçalayır...

Qəzetlərdə və saytlarda isə belə yazdılar: "Ermənilərə satdığı silahla öldürülən şəhidlərimizin ruhu axır ki, Həmidullanı tutdu. Hələ Həmidulla kimi erməni dəyirmanına su tökənlərimiz çoxdur. Şəhidlərimizin ruhu gec-tez onları da tutacaq. Ona görə atalar deyib ki, "haqq yerdə qalmaz!"

Sumqayıt şəhəri,

07-08 iyul, 2020- ci il