“Verilən yüksək qiymət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması deməkdir” ÖZƏL-MÜNASİBƏT

11 İyul 2020 16:54 (UTC+04:00)

BMT-nin indeksində əlbəttə ki, Azərbaycanın MDB ölkələri arasında ən yüksək zirvədə olması ölkə rəhbəri Cənab İlham Əliyevin apardığı iqtisadi, siyasi, sosial islahatların məntiqi nəticəsidir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Millət vəkili vurğulayıb ki, ölkə rəhbəri davamlı, ardıcıl iqtisadi siyasət yeridir və bu siyasət istər iqtisadi sahədə olsun, istər siyasi sahədə olsun, istərsə də sosial sahədə olsun bir-birini tamamlayır.
"Əgər ölkə rəhbəri ölkə daxilində sosial məsələlərə, iqtisadi inkişafa mühüm yer verirsə, xarici siyasətdə də bu özünü göstərir. Ölkə rəhbərinin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının belə bir sessiyasının çağırılması bu indeksin işıqlandırılması ilə üst-üstə düşür və bunlar bir-birini tamamlayır. Əgər Azərbaycan iqtisadiyyatı inkişaf etməsəydi Azərbaycan iqtisadiyyatının inkişafına xarici ölkə dövlətləri, maliyyə təşkilatları, eləcə də BMT-nin müvafiq qurumları belə yüksək qiymət verməsəydi, Cənab Prezident İlham Əliyev bu bəşəri ideya ilə çıxış edə bilməzdi. Çünki, Cənab İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının çağırılması təşəbbüsü bir tarixdir. Özü də heç zaman Azərbaycan xalqının unutmayacağı, dünya tərəfindən dəstəklənəcək və qiymətləndiriləcək bir tarixdir. Nəyə görə? Ona görə ki, bu təşəbbüs təkcə Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyinə xidmət eləmir. Ölkə rəhbəri dünya xalqlarının sağlamlığı və təhlükəsizliyi üçün bu mövqedə çıxış elədi. Bütün dünya üçün öz rəyini bildirdi. Bu çox yaxşı haldır və hər birimizi sevindirir ki, dünya dövlətləri bunu dəstəklədilər. Bizim hər birimiz üçün bu şərəfdir.
Bu gün BMT-nin də indeksində Azərbaycanın iqtisadi nəticələrinə belə yüksək qiymət, yüksək önəm verilməsi, ölkəmizin mövqe baxımından irəliləməsi düşünürəm ki, Azərbaycan xalqının beynəlxalq aləmdə nüfuzunun daha da artması deməkdir. Cənab İlham Əliyevin bu təşəbbüsü Azərbaycanı dünyada demokratik, azad, inkişaf edən bir demokratik dövlət kimi tanıdacaq və sözsüz ki, bundan sonra dünya dövlətləri tərəfindən bizim mövqeyimiz daha yaxşı dəstəklənəcək, bizə daha çox önəm veriləcək", deyə Tahir Rzayev bildirib.