Kitabxana Seyid Əzim Şirvaniyə həsr olunan videoçarx hazırlayıb

11 İyul 2020 16:06 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin doğum günü ilə əlaqədar videoçarx və məlumatlar hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videoçarxda satirik şairin əsərləri səsləndirilib, onun haqqında materiallar, fotolar nümayiş olunub.

Qeyd edək ki, Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olub. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzulinin şeirlərinə yazdığı nəzirələr də var. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur.

Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Onların içərisində aşiqanə qəzəllər daha çox yer tutur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də Şamaxıda vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.