BMT Baş katibinin dəstəyi Azərbaycanın artan nüfuzunun əyani nümunəsi hesab olunmalıdır" Sevinc Fətəliyeva

11 İyul 2020 15:05 (UTC+04:00)

"Bu gün dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınan Azərbaycan Respublikası koronavirus pandemiyasına qarşı mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının onlayn formada keçirilən Zirvə görüşləri, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına ianə verməsi, eləcə də 30-dan ölkəyə humanitar yardım göstərməsi beynəlxalq mütəvidə böyük rəğbətlə qarşılanır". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə Azərbaycanın pandemiya ilə mübarizə tədbirlərini nümunəvi adlandırıb. Eyni zamanda, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi beynəlxalq birlik tərəfindən çox yüksək dəyərləndirilir. Məhz bu dəyərin ifadəsidir ki, bu təklifin qəbul olunması üçün BMT üzvü olan 97 ölkənin razılığı kifayət etdiyi halda, onu 130 dövlət rəsmi şəkildə dəstəkləyib. Bu, çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik reaksiya verməsinin göstəricisidir.

Millət vəkili onu da qeyd edib ki, bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşin telefon söhbətində də bu təşəbbüsün əhəmiyyəti vurğulanıb: "Telefon söhbətində Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Dövlətimizin başçısı həmçinin, COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb.

Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. BMT-nin Baş katibi Antonio Quterreş isə bir daha BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. BMT Baş katibinin dəstəyi bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsi hesab olunmalıdır", - deyə S.Fətəliyeva qeyd edib.

Deputat diqqətə çatdırıb ki, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyası iyulun 10-da öz işinə başlayıb. Xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır. Hesab edirəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq. yap.org.az