"Azərbaycan dünyanın yeni iqtisadi, siyasi və intellektual güc mərkəzinə çevirilir" Vüqar Seyidov

11 İyul 2020 14:28 (UTC+04:00)

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Azərbaycan və onun dövlət başçısı bütün dünya dövlətlərinə və beynəlxalq təşkilatlara Koronavirusla mübarizə dönəmində sübut edə bildi ki, hətta sərhədlərin bağlı olması belə dünya dövlətlər arasında münasibətlərin inkişafına mane ola bilməz və olmamalıdır. Belə ki, keçən aylarda olduğu kimi Azərbaycan Respublikasının Prezidenti iyul ayında da istər iki tərəfli istərsə də, çox tərəfli beynəlxalq xarakterli, bu günün tələbinə uyğun virtual formatda görüşlərinə davam etmişdir.

Dünyanın və regionun bir çox dövlətləri ilə aparılan fikir mübadilələrinin məzmunu əsasən koronavirusla mübarizənin metodoları, mövcud vəziyyətin qiymətləndirilməsi və birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi olmuşdur.

Cənab Prezident həmişə olduğu kimi bu ayın ilk günlərində də, keçirtdiyi görüşlərdə bütün dünya dövlətlərinə Azərbaycan xalqının hümanizm dəyərlərə sadiqliyini bir daha nümayiş etdirmişdir. Yardıma ehtiyacı olan dost və tərəfdaş dövlətlərə maddi, mənəvi bütün yardımların edilməsi təklifini bir daha bütün virtual görüşlərdə ifadə etmişdir cənab Prezident.

Bildiyinizi kimi Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama hərəkatının sədri möhtərəm İlham Əliyev BMT-nin xüsusi toplantısının keçirilməsi ilə bağlı bir müddət əvvəl dünyada yaxşı mənada rezonans doğuran təklif ilə çıxış etmişdi. Çox böyük qürurdur ki, dövlət başçımızın təklifi dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunmuşdur. Bu Azərbaycanın və onun Prezidentinin nüfuzudur ki, dünya sözümüzə etimad edir.

Bu ayın ilk günlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib. Cənab Prezident Baş katibə xüsusi toplantının keçirilməsi ilə bağlı dünyanın bir çox dövləti tərəfindən dəstəklənən təklifini bir daha dilə gətirib. İnamla bildirib ki, koronavirus pandemiyası müasir dünyanın ortaq problemidir və onunla mübarizəyə dünyanın mütləq əksəriyyəti qoşulmalıdır. Ölkə başçımız bildirib ki, bu ümumdünya əməkdaşlığının gerçəkləşməyi üçün Azərbaycan dövlət və cəmiyyət olaraq əlindən gələni etməyə hazırdır.

Çox sevindirici haldır ki dövlətimiz artıq hansısa tədbirin keçirilməsi üçün beynəlxalq təşkilatlardan təklif, dəvət gözləmək yerinə özü bu görüşlərin keçirilməsi üçün təklif verir, təşəbbüs göstərir. Cənab Prezident dünyanın ən böyük və dünya dövlətlərinin mütləq əksəriyyətini öz ətrafında birləşdirən BMT-nin Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd etmişdir.

Bu günə qədər təkcə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait təqdim edən Azərbaycan, eyni zamanda dünyanın 30-dan çox ölkəsinə müxtəlif səpkili hümanitar yardım göndərmişdi. Lakin koronavirusla ümumdünya mübarizəsində Azərbaycan öz işini heç də tam bitmiş hesab etmir.

Məhz elə bu telefon danışığı zamanı Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib. Bu dövlətimizin yalnız təkliflərlə deyil eyni zamanda o təklifləri həyata keçirtmək üçün, görüləcək işlərdə yaxından iştirak etmək arzusuna və əlbəttə o gücdə olmasına sübutdur.

Çox sevindirici və qürur verici haldır ki, yalnız Azərbaycan dünya ilə əməkdaşlıqda maraqlı deyil. Bu maraq, bu arzu qarşılıqlıdır. Hətta bir çox hallarda cənab Prezidentə ünvanlanan dünya liderləri tərəfindən təşəkkür məktubları və müzakirə etmək üçün görüş keçirtmək istəyi bir daha sübut edir ki, dünya birliyi özü Azərbaycanla əməkdaşlığa böyük həvəs göstərir. Niyə də yox?! Azərbaycan özünün təbii ehtiyatları və əqli potensialı, dünyada coğrafi və siyasi mövqeyi ilə yeni bir cazibə nöqtəsidir. Azərbaycan dünyanın hümanizm dəyərlərinə söykənən yeni iqtisadi, siyasi, və intellektual güc mərkəzinə çevirilir. Ölkəmiz inkişaf etdikcə onunla əməkdaşlıq etmək istəyən dövlətlərin, beynəlxalq təşkilatların sayı da artmaqdadır.

Son telefon zəngi zamanı BMT-nin Baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini açıq ifadə edib, dövlət başçımıza bu nəcib və uzaq görən mövqeyinə görə minnətdarlığını bildirib. O deyib ki, görüşün keçirilməsi üçün texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazırdır. Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsindən bəhs edib və bu proqramda Azəraycanın fəal surətdə çalışdığını diqqətə çatdırıb.

Təbii ki, dünya siyasətinə nəzər yetirərkən görürük ki, dünyanı hansısa bir fikrin ətrafında birləşdirmək elə də asan iş deyil, bəzən isə mümkünsüzdür. Azərbaycan Respublikası və onun uzaq görən lideri bunu bacardı. Bu təşəbbüslərin hər biri dünya siyasət və diplomatiya tarixinə Azərbaycan xalqının hümanist töhfələri kimi həkk olunacaqdır. yap.org.az