"Prezident Ermənistanın demokratiya yalanını tutarlı dəlillərlə ifşa edib" ÖZƏL-ŞƏRH

11 İyul 2020 11:14 (UTC+04:00)

“Azərbaycan Prezident İlham Əliyev Ermənistanın demokratiya yalanını əslində tutarlı dəlillərlə ifşa edib. Doğrudan da necə ola bilər ki, Xocalı soyqırımını törədən, mütəmadi olaraq snayperləri ilə cəbhə xəttində dinc əhaliyə, qadınlara və uşaqlara atəş açan ölkə özünü ”demokratik" adlandıra bilər?". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Siyasi təhlilçi qeyd edib ki, bundan əvvəl Ermənistanın əvvəlki liderləri də ölkəni “demokratik” adlandırırdılar, indiki də: “Burada Qərbin insan haqları üzrə ixtisaslaşmış təşkilatlarının davranışı da ikrah doğurur. Hələ də Avropa Şurasının Ermənistanda siyasi məhbus üzrə məruzəçisi təyin edilməyib. Bilərəkdən vaxtın uzadılmasında məqsəd Nikol Paşinyanın müxalifətə qarşı siyasi motivli təqiblərində onu dəstəkləməkdir. Fikir verin, Venesiya Komissiyası, Avropa Şurası nədənsə Ermənistanda baş verən ən son hadisələrə reaksiya vermirlər. Sanki lal, kar və kor olublar”.

Z.Məmmədov bildirib ki, eyni hal Ermənistanın Azərbaycana qarşı son illərdə artan aqressiyasında da özünü büruzə verməkdədir: “Odur ki, prezident İlham Əliyev çox haqlı olaraq başda ATƏT-in həmsədr ölkələrinə belə bir sual verir: Ermənistanın baş naziri ”Qarabağ Ermənistandır" deyir, Minsk Qrupu susur, qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezidenti Şuşada andiçmə mərasimi keçirir, Minsk Qrupu susur. Eyni zamanda həmsədr dövlətlərin bəyanatlarında “münaqişənin həllinin hərb yolu ilə həlli yoxdur” bəyanatı da Prezidentin haqlı iradına səbəb oldu".

Politoloqun sözlərinə görə, prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupuna olan iradı həmin dövlətlər üçün ciddi çağırış olmalıdır: “Beynəlxalq hüququn, tarixi ədalətin bizim yanımızda olduğu halda iki münaqişə tərəfinə eyni yanaşma sərgiləmək, təcavüzə məruz qalanla işğalçı arasında fərq qoymamaq bu münaqişənin arbitrləri kimi onların imicinə vurulacaq çox böyük zərbədir. Həmsədr ölkələrin əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə imkan verməməkdir. Ona görə də onlar mütəmadi olaraq XİN rəhbərləri arasında nəticəsiz görüşlər keçirməklə məşğuldurlar. Çünki hər üç dövlətə nəticə lazım deyil, onlar üçün əsas prioritet status - kvonun indiki vəziyyətdə saxlanılmasıdır”.

Siyasi ekspert qeyd edib ki, hər halda, Ermənistan və həmsədr dövlətlər başa düşməlidirlər ki, status-kvo indiki vəziyyətdə qala bilməz: “Azərbaycan dövlətinin və xalqının səbri tükənməz deyil. Əgər Cənubi Qafqazda müharibə başlayarsa, bunun ən böyük günahkarı elə onların özləri olacaqlar. Çünki Ermənistanın cəbhədəki açıq - aşkar təxribatlarına dəstək olan, Paşinyanın danışıqları pozmasına seyrçi qalan Minsk Qrupunun özüdür. Rusiya, Fransa və ABŞ unutmamalıdırlar kı, BMT, NATO, Avropa İttifaqı, Avropa Parlamenti, İqtisad Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və bir çox təşkilatlar münaqişədə Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı qərar və qətnamələr qəbul etmişlər. Müstəqillik qazanandan sonra Azərbaycan BMT-yə üzv olarkən Qarabağ və ətraf bölgələrlə daxil olub. Ümumiyyətlə isə DQMV 1991-ci ildə ləğv edilib və Azərbaycanın daxilində Dağlıq Qarabağ anlayışı, regionu yoxdur. Deməli, əgər münaqişənin sülh yolu ilə həllində dəstək görməyəcəyiksə, o zaman özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Azərbaycan Gürcüstan deyil, heç Ukrayna da deyil. Bu günə qədər soyuqqanlı olmağımızın səbəbləri var. Kimlərsə bilərəkdən bölgədə müharibəni tətikləməklə regiona hərbi kontingent yeritmək istəyir. Yəni 100 il əvvəlki hadisələrin təkrar olmasını istəyirlər...”.