Çin ABŞ-ın "Sincan sanksiyaları" ilə əlaqədar cavab addımları atacaq

10 İyul 2020 21:48 (UTC+04:00)

Rəsmi Pekin ABŞ-ın Çin rəsmilərinə sanksiya tətbiq etməsi qərarından sonra ölkənin Sincan Uyğur Muxtar Rayonu ilə əlaqədar kobud fəaliyyətləri olan ABŞ qurumlarına və şəxslərinə cavab tədbirləri görəcək.

SİA xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ABŞ Maliyyə Nazirliyinin Sincan Uyğur Muxtar Rayonunda "etnik azlıqların insan hüquqlarının ciddi pozulmasına görə" Çin dövlət qurumuna və səlahiyyətlilərinə sanksiyalar tətbiq etməsi ilə bağlı məsələni şərh edərkən deyib.

"Sincan məsələsi Çinin tam daxili işidir və ABŞ-ın buna müdaxilə etməyə ixtiyarı yoxdur", - deyən Çin rəsmisi əlavə edib ki, Vaşinqtonun bu qərarı Çinin daxili işlərinə müdaxilə etmək qərarını nümayiş etdirir və ikitərəfli münasibətlərə ciddi zərbə vurur.

Cao Licien deyib: "Biz Birləşmiş Ştatları səhv qərarlarını ləğv etməyə, Çinin daxili işlərinə müdaxilə edən və Çinin maraqlarına ziyan vuran söz və hərəkətlərini dayandırmağa çağırırıq. Əgər ABŞ təkəbbür nümayiş etdirərsə, Çin qəti cavab verəcək".

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi insan hüquqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaları nəzərdə tutan “Maqnitski qanunu”na əsasən, Çinin Sincan Uyğur Muxtar Rayonunun partiya katibi Çen Çuanquo da daxil olmaqla, 4 vəzifəli şəxsə və bölgənin polis departamentinə sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiyalar həmin şəxs və qurumların ABŞ-dakı varidatına həbs qoymağa imkan verir.