Ermənistanda SOS və Paşinyan hakimiyyətinin qorxusu TƏHLİL

10 İyul 2020 17:21 (UTC+04:00)

Bir çox dünya ölkələri kimi Ermənistanı da koronavirus yaman yerdə yaxalayıb və gözdən pərdə asan Paşinyan hakimiyyətinin pərdəsini də, komuflyajını da dəlik-deşik edib. Doğrudur, koronavirus heç bir ölkədən yan keçməyib və hər bir sahəyə mənfi təsirləri də danılmazdır. Amma Azərbaycan kimi inkişaf yolunda olan, gücla iqtisadiyyata, imkanlara, maliyyə potensialına malik ölkələr bu xəstəliklə mübarizə əzmindədir və Ermənistan kimi virusun zəlil etdiyi ölkələrdən də fərq elə bundadır. Çünki, Ermənistan koronavirusun təsiri ilə sözün əsl mənasında iflic vəziyyətinə düşüb və bütün sahələrdə böhran göz qabağınadır.

Çox maraqlıdır, Nikol Paşinyan və onun hakimiyyət komandası mövcud durumu görmür, yoxsa özünü görməməzliyə vurur? Tutaq ki, Ermənistanın mövcud hakimiyyəti vətəndaşların virusa yoluxmasına bir don geyindirə bilir və bunu pandemiya, qlobal bəla kimi əsaslandırır. Bəs sual oluna bilər ki, bu qədər iflas, bu qədər geriləmənin, bu böyda məhv sürətinin cavabdehi də koronavirus olacaqmı? On minlərlə müəssisənin bağlanma ərəfəsində olması, nəticədə, ifrat dərəcədə işsizlik problemi, işsizlər ordusu küçədən gələn bu hakimiyyət komandasını düşündürmürmü? Ermənistanın Nikol Paşinyan kimi hiyləgər bir beli çantalı baş naziri öz komandası ilə birgə dərk etmirmi ki, bu işsizlər ordusu onun üçün nə deməkdir? Axı küçədən gələn qaraguruhçu bir baş nazir və özü ilə küçədən gətirdiyi beli çantalılar narazıların küçədə toplaşmasının hamıdan çox fərqində olmalı idi.
Bəllidir ki, Ermənistanda yel əsib qoz tökülməmişdi və illər bundan öncə də ölkə iqtisadi potensialdan məhrum olub, işsizlik problem olaraq mövcud idi. Amma Paşinyan və onun keçmiş hakimiyyət nümayəndələrini düşmən bəlləyən və ovuna çıxan komandası anlamalıdır ki, bu zamana qədər işsiz ermənilər Rusiyaya üz tutur, qazanc dalınca ölkələrini tərk edirdi deyə onların başları çox ağrımırdı. Bir növ, Rusiya bu mənada da Ermənistanı bilərəkdən, yaxud bilməyərəkdən vəziyyətdən çıxarırdı. İndi isə vəziyyət tamamilə fərqlidir və pandemiya səbəbindən, ölkədən çıxış məhdudlaşdırıldığından işsiz ermənilər Rusiyanın ucsuz-bucaqsız torpaqlarına səpələnə və bir növ narazılar ordusu ölkədən uzaqlaşdırıla bilməyəcək. Ermənistan hakimiyyəti bu dəfə həmin o narazıları yerbəyer etmək məcburiyyətindədir, əgər buna hünəri, imkanı və potensialı çatarsa, təbii ki...
Digər tərəfədən də işsizlər bir yana, büdcədən əmək haqqı alanların da vəziyyəti barədə nikbin proqnozlar söyləmək olmaz axı. Söruşmaq ayıb olmasın, müvəqqəti mövcudluğu, xəstəliklə mübarizə üçün xaricdən yardım dilənən Ermənistan hakimiyyəti işçilərinə əmək haqlarını hansı hesabdab ödəyəcək? İşsizlərdən qabaq elə büdcədən maaş alanlar bu hakimiyyətin böğazına çökmək üçün kifayət edəcək. Təsəvvür edəndə ki, büdcədən əmək haqlarını almayanlar küçələrə doluşur və Paşinyandan hesab sorurlar Ermənistanın nə halda olacağı bəlli olur. Bu zaman heç şübhəsiz ki, Nikol əmək haqsız, ac qalan ermənilərə pafoslu nitqini, polulist çıxışını, yalançı vədlərini yedizdirə bilməyəcək.
Bəlkə də bir çoxları elə zənn edirlər ki, bu vəziyyətin təhlükəsi və fəlakəti erməni baş nazirin ağlına belə gəlmir. Amma heç də elə olana oxşamır. Elə olsaydı bu barədə SOS həyəcan siqnalı çalan Sarukyanı susdurmaq üçün onun həbsini gündəmə gətirməzdi Paşinyan və onun komandası. Bu həbs ona görə tələm-tələsik ortalığa atılıb ki, Sarukyan bütün bu faktları açıq-aşkar sadalayır və insanları bir az da tez ayıldırdı ki, bu da Nikola da, onun beli çantalı komandasına da sərf edən ola bilməz. Amma Sarukyan da vaxtında çox gözəl bir mesaj verib bu küçə nümayişçilərinin hakimiyyəti komandasına ki, ay bədbəxtlər, onun özündən yox, yüz minlərlə işini və ümidini itirənlər ordusundan qorxsunlar. Sarukyan bu sözləri ölkədəki vəziyyət və üzünün ətrafındakı proseslərlə bağlı açıqlama verdiyi zaman bəyan edib. Bəyan edib ki, ondan deyil, bir uşağa yemək, geyim və dərman üçün pulu olmayan valideynlərdən, banklara olan borc üzündən yüz minlərlə insanın ev itirməsindən, ümidini itirmiş, dolanışığı olmayan və on minlərlə iflasa uğrayan kiçik və orta sahibkardan qorxmaq lazımdır. Sarukyan xəbərdarlıq etməyi də unutmayıb və xatırladıb ki, bu, mövcud hakimiyyət üçün həqiqətən də çox qorxunc olacaq.
Sosial böhran astanasında olan hər hansı bir normal, ən azından anormal olmayan hökumət Sarukyanın həbsinə sanksiya verərək bütün bu tamaşaları nümayiş etdirərək xalq üçün şou təşkil etməkdənsə, Sarukyanın özünün belə mövcud imkanlarını və əlaqələrini dövlət naminə istifadə edərək sadalanan insanlar üçün istifadə etməyə çalışardı. İndi bütün dünyadakı qüvvələr cəmləşdirilir, bu vaxta qədər mövcud olmayan imkanlar yaradılır. Amma bunlar, bu küçə nümayişçilərinin hakimiyyət komandası özləri də mövcud imkanları məhv edir, vəziyyəti daha da dərinləşdirirlər.
Ermənistan dövləti payız əkinə hazırlaşmaq üçün nə edir? Əslində, demək olar ki, heç nə etmir. Çünki, bütün diqqətini düşmən axtarışına, intiqama, həbslərə, demokratiya pərdəsi altında zorakılığa, repressiyaya cəmləyib. Axı pandemiya ilə yanaşı, bütün ölkələrdə ərzaq təhlükəsizliyi problemi danılmazdır və Ermənistan bu problemin öhdəsindən necə gələ bilər və nəyə ümiddir? Yenə də dilənməyəmi və görəsən, payız əkinini onlar üçün diləndiyi ölkələr edəcək? Payız əkini uğursuz olsa, bu çarəsiz ölkədə yemək üçün heç bir şey olmayacaq axı. Bir neçə gündən sonra üzüm yığımı da başlayır, amma yeganə ümid yeri üzümlə bağlı sənaye olan bu işğalçı ölkədə şərab və konyak istehsalı da 60-70 faizə enib. Məhsul zavodların nə məhsul müqabilində pulu, nə də yeni məhsul istehsalı üçün yeri yoxdur. Ermənistan hakimiyyəti guya bütün bunların sosial gərginliyə səbəb olacağını başa düşmürmü? Başa düşmürmü ki, Ermənistanda SOS həyəcan siqnalı artıq çoxdan çalınır?
Bəlkə Paşinyan hakimiyyətinin qorxu içərisində olduğunu kimsə təkzib edə bilər? İndi həyəcan siqnalını doğuran bütün bu məqamları sadalayan Sarukyanın həbs qərarı belə təsadüfi deyil. Bu əslində Ermənistan hakimiyyətinin qorxusunun təzahürüdür. Əbəs yerə deyil ki, Sarikyan, "məndən yox, işini, ümidi itirənlərdən qorxun" deyə bəyan edib. Çünki, Sarukyan özü də, Paşinyan hakimiyyəti qədər bilir ki, Ermənistanın mövcud hakimiyyəti qorxu içərisindədir və bir qədər də elə onun özündən qorxur.