Azərbaycan, Türkmənistan və Əfqanıstanın iqtisadi-siyasi əlaqaələri daha da inkişaf edəcək - MÖVQE ÖZƏL

10 İyul 2020 14:13 (UTC+04:00)

"Azərbaycanla Türkmənistan arasında iqtisadi-siyasi əlaqələr hətta Sovet dövründə də yüksək səviyyədə olub. Xəzərin bir tərəfində Azərbaycan, digər tərəfində Türkmənistan olduğuna və həmçinin soy-kökümüz eyni olduğuna görə, münasibətlər də məhz bu dəyərlər üzərində qurulub. Sovet dönəmində hətta Türkmənistanla Azərbaycan arasında Xəzər dənizinin dibi ilə qaz kəməri çəkilib. Həmin çəkilən kəmərin az bir hissəsi qalıb. Müstəqillik əldə edildikdən sonra Türkmənistan və Azərbaycan Xəzər hövzəsində ən böyük qaz-neft ehtiyatları olan iki mütəqil dövlətdir". Bunu SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ulu Öndər Heydər Əliyev və onun xələfi olan cənab prezident İlham Əliyevin ardıcıl iqtisadi siyasəti nəticəsində biz öz neft-qaz ehtiyatlarımızı Avropa bazarlarına çıxara bilib: "Bu dövlətimiz üçün çox uğurlu bir siyasət idi. Ancaq Türkmənistan bu gün bu məsələ ilə əlaqədar əziyyət çəkir. Azərbaycanla Türkmənistan arasında iki tərəfli müqavilələr mövcuddur. Əvvəllər Ulu Öndər Heydər Əliyev və Türkmənistan prezidenti Safarmurad Niyazovun hakimiyyətləri zamanında münasibətlər nisbətən gərgin idi. Çünki Safarmurad Niyazov İranın və Rusiyanın siyasi təsirləri altında olan bir siyasət yürüdürdü. Ancaq Qurbanqulu Berdiməmmədov hakimiyyətə gəldikdən sonra müstəqil iqtisadi siyasət yeridir və həmin iqtisadi siyasətin başında Azərbaycanla iqtisadi-siyasi əlaqələr dayanır".

Politoloq bildirib ki, Türkmənistanın Xarici İşlər Naziri Azərbaycan əsilli bir şəxsdir və onun iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə töfhəsi var: "Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlərin problemləri vardı. Bir il yarım əvvəl bu problem həll olunub. Ekologiya problemini bəhanə gətirərək Rusiya ilə İran Türkmənistanla Azərbaycan arasında Xəzər dibindən qaz kəməri çəkilişlərinə maneələr törədirdilər. Türkmənistan qazının Azərbaycandan keçərək TAP-TANAP vasitəsilə Avropaya çıxarılmasında Azərbaycan maraqlıdır. Bu hər iki ölkə üçün səmərəli olacaqdır. Bu boru kəmərlərindən istifadə etmək Türkmənistanın iqtisadi müstəqilliyinin təminatı olacaqdır. Bu yöndə işlər aparılır".

Y.Bağırzadə vurğulayıb ki, Əfqanıstan da bizə çox yaxın dövlətdir: "Orada neft-qaz hasilatı yüksək olsa da çıxarılması problemi var. Bu gün böyük yataqlar açılmamış qalır. Əfqanıstanın neft-qaz hasilatına böyük ehtiyacı var. Ona görə də, bu tranzit kəmərindən Əfqanıstan yararlanacaqdır. Aldığım məlumata görə, Əfqanıstanda mini neft emalı zavodları var və onların başında azərbaycanlılar dayanır. Bildiyimiz kimi Qarabağ müharibəsində əfqan döyüşçülər böyük mübarizliklər göstəriblər. Ona görə də, Əfqanıstan da bizə yaxın dövlətdir. Əfqanıstanın yeni hakimiyyəti Azərbaycanla münasibətlərin daha da yaxınlaşmasının tərəfdarıdır. Dəfələrlə Əfqanıstan Prezidenti Azərbaycanla bağlı bəyanatlar verib və qeyd edib ki, bizim Azərbaycanla bizim iqtisadi-siyasi əlaqələrimiz strateji səviyyəyə qalxacaq. Əfqanıstan bizim üçün də maraqlı və dost dövlətdir. Azərbaycan olaraq biz orada stabilliyin tərəfdarıyıq və bilirik ki, gələcəkdə Azərbaycan, Türkmənistan, Əfqanıstan iqtisadi-siyasi əlaqaələri daha da inkişaf edəcək".