"Prezidentinin təşəbbüsü qlobal səviyyədə ən böyük dəstəyə layiq görülüb" Məhəbbət İbrahimova

9 İyul 2020 11:40 (UTC+04:00)

"Planetin bəlasına çevrilmiş COVID-19-la mübarizədə hər bir dövlətin başçısı öz mövqeyini ortaya qoydu. Pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan Prezidentinin təşəbbüsü qlobal səviyyədə ən böyük dəstəyə layiq görülüb". Bu fikirləri SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının sədrinin müavini, YAP Nərimanov rayon təşkilatınnı sədri Məhəbbət İbrahimova deyib.

M.İbrahimova bildirib ki, ölkəmiz COVID-19-la mübarizədə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan kiçik ölkə olsa da, onun sözünün çəkisi böyükdür: "Bu baxımdan, Azərbaycan Respublikası dünya dövlətləri sırasında nümunəvi təcrübə nümayiş etdirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır. Və bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin keçirilməsi, indi isə dünyanın 130-dan çox ölkəsinin dövlətimizin başçısının BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi barədə təşəbbüsünü dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana böyük etimadının və hörmətinin göstəricisidir".

Rayon təşkilatının sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşü dediklərimizi bir daha təsdiqləyir: "Həmin toplantıda dövlətimizin başçısı üzv dövlətlərə səslənərək BMT-nin xüsusi sessiyasının keçirilməsini təklif etdi. Nizamnaməyə uyğun olaraq təşəbbüsün 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, qürur duyulası haldır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, dövlətimizə, ölkə Prezidentimiz İlham Əliyev cənablarına olan olan böyük etimadın əyani göstəricisidir. Eyni zamanda, övlətimizin başçısının bu mübarizədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi. Bu, tarixi və əlbəttə ki, xalqımız üçün qürur doğuran bir hadisədir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin son dövrlərdəki bütün təşəbbüsləri tarixi addım kimi dünya birliyi tərəfindən qiymətləndirilir, dəyərləndirilir və ciddi bir missiya kimi hər kəs tərəfindən qəbul olunur. İnanırıq ki, dövlətimizin başçısının qlobal lider olaraq beynəlxalq münasibətlər sistemində həyata keçirdiyi missiya bundan sonra da uğurla davam edəcək"

M.İbrahimova Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini, həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edib: "Xüsusilə də, Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsini ölkəmiz adına atılan uğurlu addımlardan biri hesab edib. Bu gün böyük sevinc hissi ilə qarşıladığımız hadisə o oldu ki, həmin təklif Nyu-Yorkda 120 Qoşulmama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırıldı və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlandı. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının "Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etdi. Qaydalara əsasən, BMT-yə üzv olan 97 ölkənin təşəbbüsə dəstək verməsi kifayət etdiyi halda, 130-a qədər ölkə bu təşəbbüsü dəstəklədi. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin qazandığı növbəti nailiyyət oldu".

Uzun illərdir ki, Azərbaycan dövlətinə qarşı qərəzli mövqedə olan, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın məkrli niyyətindən söz açan M.İbrahimova işğalçı və təcavüzkar dövlətin bu məqamda da əsl simasının bir daha nümayiş etdirdiyini dedi: "Hər zaman olduğu kimi, işğalçı ölkənin bu dəfə də Azərbaycanın əldə etdiyi uğuru qəbul etməməklə, bir daha 130 ölkə arasında rüsvay edilib. Bütün dünyanın COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğulandığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etməklə yanaşı, iç üzlərini də göstərmiş oldu".

M.İbrahimova onu da vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev daima işğalçı ölkənin iç üzünü konkret faktlaraifşa edib və Ermənistanda faşizm ideologiyası üstünlük təşkil etdiyini deyib: Bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində də bildirib ki, Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir: "Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu. Siz qeyd etdiyiniz kimi, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Çünki biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir”.

M.İbrahimova xüsusi sessiyanın pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacağına, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə verəcəyinə əminliyini bildirib.

RƏFİQƏ HÜSEYNOVA