Bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

8 İyul 2020 17:42 (UTC+04:00)

9 iyul tarixi Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Peşə bayramı üçün məhz bu tarixin seçilməsi 1919-cu il iyulun 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi əsas götürülüb.

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən – 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb. Cox təəssüf ki, 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.

Müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də əldə olunmuş uğurlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Məhz Onun təşəbbüsü və rəhbərliyi altında bu siyasət özünün mahiyyəti və məzmunu etibarilə elmi əsasda dərindən düşünülmüş konsepsiyaya söykənərək hazırlanmaqla bərabər, həm də siyasi səriştə ilə ardıcıl olaraq həyata keçirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası və digər beynəlxalq və regional təşkilatlarla münasibəti və Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol oynayır.

Dövlət başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir. Regionun lider dövləti olan Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Qazanılmış uğurlar vahid strategiya çərçivəsində ölkə rəhbərliyinin müəyyən etdiyi prioritet vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir.

Qonşu dövlətlərlə müxtəlif müstəvilərdə əməkdaşlıq uğurla inkişaf edir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmiz 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi.

Azərbaycan Respublikası bir sıra beynəlxalq layihələrin də təşəbbüskarı və mühüm iştirakçısı olaraq da taninib. “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, BakıTbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, eləcə də onun tərkib hissəsi olan Cənubi Qafqaz boru kəməri, TANAP və TAP kimi beynəlxalq layihələr, o cümlədən bir sıra yaxın dövlətlərlə üçtərəfli əməkdaşlıq formatları Azərbaycanın təşəbbüsü və yaxud dəstəyi ilə reallığa qovuşmuşdur. Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə və bir sıra beynəlxalq enerjikommunikasiya layihələrinin mərkəzinə çevrilməsi və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması məhz dövlətimizin başçısı Cənab İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir.
Ölkəmiz bu gün beynəlxalq aləmdə gedən proseslərə təsir imkanlarına malik dövlətə çevrilib. Birləşmiş Millətlər Təşkilatının COVID-19 pandemiyasının müzakirəsinə həsr ediləcək növbədənkənar sessiyanın keçirilməsinə dair bu yaxınlarda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın irəli sürdüyü təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəklənməsi buna əsasdır.

Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa zəruri ehtiyac olduğunu bildirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Bu gün Azərbaycan Respublikasının xarici dövlətlərdə 50-dən artıq səfirliyi, eləcə də beynəlxalq təşkilat yanında daimi nümayəndəlikləri, baş konsulluqları, təmsilçilik ofisləri və fəxri konsulluqları fəaliyyət göstərir. Ölkəmizdə isə 60-dan artiq dövlətin səfirliyi mövcuddur. Azərbaycan beynəlxalq səviyyədə öz mövqeyini nəinki təqdim və müdafiə etmək, o cümlədən mövqeyimizi müdafiə və qəbul etdirmək səviyyəsinə yüksəlib.

Nəzakət ƏLƏDDİNQIZI