Ermənistanda böhran getdikcə dərinləşir - ŞƏRH ÖZƏL

8 İyul 2020 13:35 (UTC+04:00)

"Bu gün Ermənistanda hakimiyyət böhranı yaşanır. Belə ki, hələ Paşinyan hakimiyətə gəldiyi zaman biz bilirdik ki, Prezidentlə baş nazir Paşinyan arasında müəyyən fikir ayrılılıqları var və eyni zamanda məlumdur ki, indiki prezident Armen Sarkisyan keçmiş prezident Serj Sarkisyanın yaxın dostudur və bir komandada olublar. Bütün bunların fonunda getdikcə Paşinyanın verdiyi vədləri yerinə yetirməməsi və eyni zamanda xunta rejiminin qalıqlarına, siyasi oppanentlərinə qarşı apardığı mübarizə sonda məhz bu cür fikir ayrılıqlarına, həmçinin hakimiyyətdə böhrana gətirib çıxaracaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov deyib.

Politoloqun sözlərinə görə, bu gün Paşinyanın öz partiyası içərisində də ona qarşı kifayət qədər ittihamlar səslənir, istefalar verilir: "Eyni zamanda bu gün Konstitusiya məhkəməsi ilə Paşinyan arasındakı uçurum, həmçinin məhkəmlərlə Paşinyan arasındakı ziddiyətlər getdikcə artır. Keçmiş qondarma rejimlə Paşinyan arasındakı gedən mübarizə, əsasən də siyasi opponentlərə qarşı gedən mübarizə bu gün baş nazirin vəziyyətini olduqca ağırlaşdırıb. Amma məsələnin mahiyyəti təkcə bunda deyil. Məsələnin köklü mahiyyəti ondadır ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq əgər Ermənistanın siması və mahiyyəti terrorçu, işğalçıdırsa, o ölkədə hər hansı bir stabillikdən, demokratiyadan və yaxud da inkişafdan söhbət gedə bilməz".

R.Qonaqov vurğulayıb ki, bu gün Paşinyan da özünün sələflərindən geri qalmayaraq işğalçılıq və terrorçuluq siyasətini davam etdirir: "Bu gün Paşinyan öz xalqını aldadır. Ölkədə sosial-iqtisadi vəziyyət kifayət qədər gərgindir. Ordunun daxilində vəziyyət son dərəcə ağırdır. Belə olan halda təbii ki, ayrı-ayrı diplomatlar da Paşinyana qarşı ittihamlar səsləndirməyə başlayıblar. Xaricdən edilən təsirlər nəticəsində də ölkənin daxilində vəziyyət yetərincə ağırdır. Bütün bunların fonunda demək olar ki, bu gün Ermənistanı əvvəlkindən də çətin bir vəziyyət gözləyir. Artıq bu vəziyyət, bu böhran ölkəni fəlakətə sürükləyir. Paşinyan bilməli idi ki, o, verdiyi vədləri yerinə yetirməsə, xalqı yenidən müharibə ilə hədələyəcəksə, ölkə daxilindəki problemlərdən fikri işğal olunmuş ərazilərə yönəldəcəksə, deməli sələfi Sarkisyanın aqibəti onu da gözləyir. O günlər isə uzaqda deyil. Bu baxımdan düşünürəm ki, bu gün Ermənistanda ictimai-siyasi vəziyyət olduqca gərgin olaraq qalır. Ermənistanın yaşadığı bu böhran isə getdikcə dərinləşir".