Azərbaycana olan qlobal etimadın göstəricisi

8 İyul 2020 12:08 (UTC+04:00)

Mirsüleyman Mirxaslı: "Prezident İlham Əliyevin növbəti təşəbbüsünün dəstəklənməsi Azərbaycana olan qlobal etimadın göstəricisidir"

“Pandemiya ilə mübarizə və onun fəsadlarının azaldılması istiqamətində prezident İlham Əliyevin atdığı əməli addımlar ümumi işə real töhfələr verir. Azərbaycan dövləti bu istiqamətdə öz potensialının verdiyi imkanlardan da artıq səylər göstərir və bu səylər həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də ayrı-ayrı ölkələr tərəfindən yüksək qiymətləndirilir, bəyənilir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı deyib.

M.Mirxaslı bildirib ki, ölkəmiz pandemiyanın yaratdığı iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, digər ölkələrə də yardımını əsirgəmir, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırır, 30-dan artıq dövlətə humanitar yardım göndərib ki, bu da qlobal həmrəyliyin nümunəsi, xalqımızın və liderimizn humanizminin, insanpərvərliyinin nümunəsi sayıla bilər: “Lakin dünya təkcə Azərbaycandan ibarət deyil, qloballaşmış dünyadır. Virus sərhəd tanımır və heç bir ölkə sonsuzadək sərhədlərini bağlaya və ya vətəndaşlarını evdə otirmağa məhkum edə bilməz. Yalnız bütün ölkələrin birgə səyi və çevik, koordinasiyalı addımları fəlakətin miqyasını azalda və ya son qoya bilər. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qurtulmağın yeganə yolu bütün ölkələrin pandemiyaya qarşı birgə və effektiv addımlar atmasından keçir. Amma təəsüf ki, pandemiya elan edilməsindən xeyli vaxt keçməsinə rəğmən, bu istiqamətdə beynəlxalq strukturların heç bir effektiv addımı gözə dəymir. Dünyanın aparıcı dövlətləri pandemiyaya qarşı mübarizədə əl-ələ verib bu ümumi bəladan qurtulmağın yollarını aramaq yerinə, ancaq lokal tədbirlərə və özünütəcridə üstünlük verir. BMT Təhlükəsizlik Şurasının, dünyanın ilderləri, idarəediciləri sayılan beş daimi üzvünün heç biri “qlobal liderlik” adlandıra biləcəyimiz missiyanı üzərinə götürməyib”.

YAP Cəlilabad rayon təşkilatının sədri vurğulayıb ki, bu görünməz fəlakət, gizli düşmənlə mübarizədə yararlı ola biləcək bəlkə də həlledici faktor, düzgün strategiyanın müəyyənləşdirilməsindən ibarət ola bilər. Təqdirəlayiq haldır ki, koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülən təşəbbüslər məhz Azərbaycan prezidentinin dilindən səslənir: “Hələ epidemiyanın başlanğıcında Azərbaycanın təşəbbüsü ilə onlayn formatında Türkdilli dövlətlərin sammiti keçirildi. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi təşəbbüs göstərərək bu qurumun dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə Görüşünün keçirilməsinə nail oldu və görüşdə virusa qarşı bu ölkələrin birgə hərəkət planı müzakirə edildi. Onu da vurğulamaq yerinə düşər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu sammiti COVID-19-a qarşı mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində keçirilən ilk beynəlxalq sammit idi. Ikinci belə addım, 2020-ci il mayın 4-də yenə də prezident İlham Əliyevin sədrliyi və təşəbbüsü ilə “Qoşulmamaq Hərəkatı”nın Təmas Qrupunun pandemiyaya həsr edilmiş onlayn Zirvə Görüşündə atıldı. Həmin tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin baş katibi, BMT Baş Məclisinin prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək rütbəli nümayəndələri iştirak edirdilər. Onu da qeyd etmək lazımdır ki, 120 ölkəni birləşdirən “Qoşulmama Hərəkatı” BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təşkilatı sayılır. Azərbaycan prezidenti “Qoşulmama Hərəkatı”nın onlayn zirvə görüşündəki çıxışında BMT Baş Məclisinin dövlət və hökumət başçılarının videokonfrans vasitəsilə Pandemiyaya qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsini təklif edib və bu təşəbbüsə artıq dünyanın 130-dan çox dövləti dəstək verib. Dövlətlər tərəfindən BMT baş katibinə ünvanlanan məktublarda prezident İlham Əliyevinin BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox vacib təşəbbüs olduğu vurğulanıb”.

M.Mirxaslı qeyd edib ki, bu hadisə xalqımız üçün qürur vəsiləsi olmaqla yanaşı, eyni zamanda da dünya dövlətlərinin Azərbaycana olan böyük etimad və ehtiramının təzahürüdür: “Təşəbbüsə qarşı çıxış edən yeganə ölkə, mənfur qonşumuz, pandemiyaya qarşı mübarizədə başqa ölklərdən və Ümumdünya Səhiyyə Təşkilatından yardım diləyən Ermənistan olub ki, bu da Ermənistanın, erməni siyasətinin antibəşəri mahiyyətini bir daha ortaya qoyub. Bütün dünya ümumi bəlaya qarşı mübarizədə qlobal həmrəyliyin zəruriliyini etiraf etdiyi halda, Ermənistanın bu anlamsız, məntiqsiz mövqeyi ancaq və ancaq bu dövlətin mürtəce xarakterini ifşa edib, onun dünya dövlətləri arasında rüsvay olmasına, kimin kim olmasının bir daha üzə çıxmasına səbəb olub. Artıq Azərbaycan liderinin təklifi Nyu-Yorkda 120 “Qoşulmama Hərəkatı” üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və “Qoşulmama Hərəkatı” ölkələri adından bu təşkilatın sədri, prezident İlham Əliyev tərəfindən BMT baş katibi Antonio Quterreşə müraciət ünvanıb. Yaxın günlərdə BMT baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Ümidvarıq ki, bütün dünya üçün həyati əhəmiyyət daşıyan xüsusi sessiya tez bir zamanda təşkil olunacaq və uğurla yekunlaşacaq, pandemiya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olunmasına, bu qlobal təhdidə effektiv cavabın tapılması prosesinə töhfə verəcək. Eyni zamanda, ümid edirik ki, “Qoşulmama Hərəkatı” prezidentimizin rəhbərliyi altında bundan sonra da, dünya ölkələrinin həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək, bu qlobal bəlaya həm vətənimizdə, həm də dünyamızda son qoyulmasına vəsilə olacaq".