Xalqın və dövlətin düşmənləri kimlərdir? ANALİTİK

8 İyul 2020 11:52 (UTC+04:00)

Müxalifətçi partiya sədrləri Prezident İlham Əliyevin bəyanatını dəstəkləyir və “Milli Şura”nın “neft qiyməti sevincini” hiddətlə qınamaqda davam edirlər

COVİD-19-un qlobal pandemiya şəraitində bütövlükdə dünya iqtisadiyyatına vurduğu zərbələri özünü bir sıra sahələrdə göstərməkdədir. Hətta ən aparıcı ölkələrin iqtisadi cəhətdən müəyyən çətinliklərlə üzləşməsi faktı dünya mətbuatında şərh olunmaqda, işıqlandırılmaqdadır. Xüsusilə, neft ölkələrinin bu məsələdə zərər görmək mümkünlükləri də istisna olunmur. Təbii ki, sərhədlərin bağlanması, ticari və s. dövriyyələrin məhdudlaşdırılması məhz mövcud vəziyyətin nəticəsidir. Daha dəqiq desək, pandemiya dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə yanaşı, həm də neft ixrac edən ölkələrə təsirini göstərir. Əgər nəzərə alarsaq ki, digər aparıcı neft ölkələri ilə yanaşı Azərbaycanın da iqtisadiyyatında neft faktoru önəmli yer tutur, bu zaman ölkəmizin bəlli təsirlərə məruz qalması təəccüb doğurmamalıdır. Söz yox ki, bundan sevinənlər də var və onlar bilavasitə Azərbaycanı sevməyən, dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləyən dairələrdir. SİA-nın məlumatına görə, o əbəs deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli telekanallara iki gün öncə müsahibəsində neftin qiymətinin düşməsindən danışarkən bu məsələyə toxunub və vurğulayıb ki, neftin qiymətinin düşməsinə sevinənlərdən biri Ermənistandır, biri də antimilli şura. “Hər ikisi Azərbaycan dövlətçiliyinə düşməndir”, deyən ölkə rəhbəri bu fikri ilə bir daha sübut edib ki, belə ucuz düşüncələrə sahib olanlar aşkar düşmənlərdirlər.

Onu da qeyd edək ki, hətta müxalifət partiyalarının əksər çoxluğu Prezident İlham Əliyevin haqlı olaraq antimilli şura adlandırdığı “Milli Şura”dakıların xəyanətkarlıqlarını və satqınçılıqlarını ifşa etməsinə dəstək göstərməklə yanaşı, qurum təmsilçilərini sərt şəkildə qınayıblar.

ANAP: “Onların bəyanatları, fikir və düşüncələri xalqda narazılıq və hiddət yaradır”

Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədova görə, radikal düşərgə təmsilçilərinin fəaliyyətləri 27 ildir ki, məhz bundan ibarətdir və onların düşüncələrinin nədən ibarət olduğu da bunu göstərir.

“Həqiqətdir ki, belə vəziyyət neçə ildir bu cür davam edir. Onların bəyanatları, fikir və düşüncələri xalqda narazılıq və hiddət yaradır. Yəni onlar yalnız hakimiyyəti deyil, xalqı da şərləyirlər və həqiqətən də xalqa pislik arzulayandırlar. Bu insanlara nəinki hakimyyəti, ümumiyyətlə heç nəyi etibar etmək olmaz”.

ANAP sədri hesab edir ki, “Milli Şura”nın neftin qiymətinin aşağı düşməsinə sevinməsi də məhz bunun – xalqın, dövlətin əleyhinə işləməyin, düşmənçiliyin aşkar sübutudur.

ADP: “Sabah ölkəyə meteroid düşsə, sevinək ki, göydən Azərbaycanın üstünə daş düşdü?!”

ADP sədri Sərdar Cəlaloğluya görə, dünyada neftin qiymətinin düşməsi Azərbaycan hökumətindən asılı olan məsələ deyil. O, həmçinin bildirib ki, obyektiv səbəblərdən ölkə əhalisinin sosial vəziyyətinin aşağı düşməsinə sevinmək düşmənçilikdir. “Neftin qiyməti dünya bazarında müəyyən olunur və indi qiymət düşüb və buna görə ölkəmizin gəliri azalıb, buna görə sevinmək yox, kədərlənmək lazımdır. Kim ki, buna sevinir, deməli, doğrudan da düşməndir”, deyə qeyd edən ADP sədri onu da bildirib ki, “Milli Şura”nın özü keçirdiyi iclasda orada səsləndirdikləri fikirlərlə əsas verib: “Həmin iclasda “Milli Şura” üzvləri neftin qiymətinin düşməsinə görə hətta bir-birinə gözaydınlığı verirlər. Bunlar hərəkətləri ilə Prezidentə fakt veriblər. Adama deyərlər ki, sən neftin qiymətinin düşməsinə, yəni xalqın yaşayışının aşağı düşməsinə sevinirsən? Buna sevinmək düşmənçilik deyil bəs nədir? Sabah ölkəyə meteroid düşsə, sevinək ki, göydən Azərbaycanın üstünə daş düşdü?! Nə olar müxalifət olanda, müxalifət məgər xalqın zərərinə olan hər şeyə sevinməlidir?! Əsl müxalifət xalqın yaşayışında obyektiv səbəblərdən yaranan pisləşməyə görə narahat olmalıdır”.

S.Cəlaloğluya görə, neftin qiymətinin düşməsinə sevinmək mənəviyyatsızlıqdır, xalqa xəyanətdir.

AMİP: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə razılaşmamaq mümkün deyil”

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə də düşərgədəki həmkarı kimi düşünür və onun sözlərinə görə, bir müddət əvvəl internet məkanında yayılan video-görüntülər özünü “milli” adlandıran qurumun rəhbərliyində təmsil olunan bir çoxlarının əslində millilikdən nə qədər uzaq olduqlarını əyani olaraq nümayiş etdirdi: “Həmin görüntülərdən birinin “qəhrəmanı” olan “xanım lider” neftin qiymətinin 14 dollara düşməsini elə fərəh hissi ilə dilə gətirirdi ki, sanki nə isə çox böyük bir nailiyyət əldə ediblər. Təəssüf ki, digərləri də onun səsinə səs verdilər. Elə təkcə bu epizod həmin “siyasilərin” əslində millilikdən və dövlətçilikdən kənar hansı zehniyyətə sahib olduqlarını bir daha sübut etdi” .

Ölkə gəlirlərinin bilavasitə neftdən asılılığını bilərək, məlum vəziyyətlə əlaqədar dünya bazarında neftin qiymətinin düşməsinə sevinməyi ən yumşaq sözlə ifadə edərsə, öz dövlətinə düşmən mövqedə olmaq kimi qiymətləndirən AMİP yetkilisinə görə, bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə razılaşmamaq mümkün deyil: “Çünki həqiqətən də həmin dövrdə sosial şəbəkələrdə yazılanlara nəzər yetirsəniz görərsiniz ki, həmin vaxt buna yalnız ermənilər sevinirdilər. Deməli, bu adamlar öz məqsədlərinə çatmaq üçün hətta vətəndaşı olduqları dövlətin də çökməsinə razıdırlar, hətta bunu arzulayırlar da.

Bu özünü “siyasətçi” hesab edən şəxslər isə hələ də anlamırlar ki, dövlətin iqtisadi gücünün azalması, ilk növbədə, onun özünün də mənsub olduğu dövlətin sıravi vətəndaşının maddi rifah halının daha da pisləşməsinə səbəb olacaq. Bu adamlar nəyə sevindiyinin fərqində deyil”.

A.Əlizadə “Milli Şura”nın sədri Cəmil Həsənlini nəzərdə tutaraq bildirib ki, deputat olarkən, elə bu dövlətin neft gəlirləri ilə formalaşan büdcəsi hesabına Avropa turnelərinə çıxıb və ən acınacaqlısı da odur ki, bu adamlar özlərini “müxalifət liderləri” elan edərək hələ bu zehniyyətlə ölkəyə rəhbərlik etməyi də xəyallarından keçirirlər.

Göründüyü kimi, artıq iqtidar tərəfdarları deyil, elə müxalifətin müxtəlif cinahlarında olan siyasilər də antimillilərin toplaşdıqları qurum rəhbərlərinin düşmən Ermənistanda Azərbaycana qarşı formalaşan fikirləri bölüşmələrini pisləyir, bunu xəyanət və satqınçılıq olaraq qiymətləndirirlər.

Rövşən NURƏDDİNOĞLU