Suriyada müxaliflərin nəzarətində olan Tel-Abyad şəhərində partlayış baş verib - 6 nəfər ölüb

8 İyul 2020 02:34 (UTC+04:00)

Suriyanın şimalında müxaliflərin nəzarətində olan, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən həyata keçirilən “Barış bulağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənən Tel-Abyad şəhərinin mərkəzində partlayış baş verib.

SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, avtomobilə quraşdırılmış partlayıcının partladılması nəticəsində 3-ü uşaq olmaqla 6 dinc sakin ölüb, 7-si isə yaralanıb. Məlumata görə, yaralılardan vəziyyəti ağır olan 4 nəfər Türkiyə xəstəxanalarına yerləşdirilib.

İnsident baş verən ərazidə müayinələr aparan yerli təhlükəsizlik qüvvələri partlayışın YPG/PKK terror qruplaşması tərəfindən törədildiyini ehtimal edir. Bölgədə təhlükəsizlik tədbirlərini artıran güc strukturları bomba quraşdırıldığı ehtimal edilən başqa bir avtomobilin izinə düşüb.