“Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri həmrəylikdir” Hatəm Qocayev

7 İyul 2020 16:59 (UTC+04:00)

“Bu gün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır və bu pandemiyadan xilas olmağın yollarını axtarır”. Bu fikirləri "Səs" qəzetinə açıqlamasında YAP Naftalan şəhər təşkilatınin sədri Hatəm Qocayev bildirib.

O qeyd edib ki, pandemiyanın ilk günlərindən dünyada cərəyan edən proseslər, ölkələrin və ÜST-ün müəyyən etdiyi qaydalara və mübarizə metodlarına nə dərəcədə riayət edilməsi göstərdi ki, yoluxma riski və ölüm faktları müxtəlif ölkələrdə eyni deyil: “Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri isə birlik və həmrəylikdir. Dünyanı cənginə alan pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. Qoşulmama Hərəkatının sədri olan Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır”.

H.Qocayev bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü: «Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir”.

Zümrüd BAYRAMOVA