Əli Kərimli bizim suallarımıza cavab verdimi..? TƏRS BAXIŞ

7 İyul 2020 15:32 (UTC+04:00)

Yaxud, adamlıqla onun arasındakı böyük fərq

Daha çox siyasi cameədə AXCP sədri kimi deyil, məhz klaviatura qəhrəmanı, yaxud bloger kimi tanıdığımız Əli Kərimlinin facebook səhifəsində yenidən sözün həqiqi mənasında ət tökən və pafoslu bir paylaşım nəzərimi cəlb etdi. Sən demə, AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli dövlətin apardığı siyasətə kölgə salmağa hesablanmış üçün “füsunkar” bir status yazıb və Ə.Kərimli dərhal həmin statusdan sonsuz feyzə mübtəla olub, həmin statusu oxumağı yan-yörəsindəkilərinə tövsiyə edib. Özləri bilər nə yazıb, nə pozduqlarını amma...

Bəs indi ayıb deyilmi, utanmırlarmı ki, durub öz çörəkverənlərinin ağır vəziyyətlərinə belə bir etinasızlıq nümayiş etdirirlər...?

Amma məsələ bundadır ki, həmin o V.Məhərrəmlidir-nədirsə, bizə düşmən, onların özlərinə isə rəfiq olan Ermənistanda mövcud olan çıxılmaz və böhranlı vəziyyətin, xalqın ağır durumdan çıxa bilməməsinin ona və ümumilikdə cəbhəçilərə dəxli olmadığını yazıb. Yəni deyib ki, “mənə nə” (?!-R.N.) Həmin anda məni çox dərin bir sual ilgiləndirdi - əcəba nə oldu bu cəbhəçilərə ki, uzun illərdir erməni aşnalarının onlara atdıqları sür-sümük qazanlarına lomba-lomba tüpürməyə başladılar? Məgər hazırkı dövrə qədər siyasi səhnədə qalıb-sürünməklərinin əsas dəstəkçiləri - məhz həmin ermənilərin lobbiləri, ya da lobbilərinə mənəvi, maddi və s. dəstəklər göstərən bəlli və qeyri-bəlli Qərb təşkilatları olmayıblarmı? Bəs indi ayıb deyilmi, utanmırlarmı ki, durub öz çörəkverənlərinin ağır vəziyyətlərinə belə bir etinasızlıq nümayiş etdirirlər...? Əslində burada təəccüblü nə isə axtarmağa da dəyməz. Əli Kərimliyə nə var ki... O, bu gün ona çörək verən “dostu” ola bilər, amma ondan daha çox çörək verənin isə hər şeyi olmağa razılıq verə biləcəyini də unutmaq olmaz!

Qorxur ki, ağırlıqdan və günahdan boynu qırılar?

Bu ünsürün və ətrafının işi-gücü ancaq sual verməkdən ibarətdir, amma di gəl ki, bizim illərdir ünvanladığımız suallarımızı hələ də doğru-dürüst cavablandırmayıb. Məsələn, AXCP-nin baş blogeri nəyə görə torpaqlarımızın işğalının əsas və bir nömrəli baiskarları olan AXC-Müsavat iqtidarının görünməyən tərəfləri barədə danışmır, niyə Elçibəyin məşhur müşavirəsində düşmənə benzin, dizel yanacağı satıldığını etiraf etməsini xatırlamır, utanc hissi keçirdiyni demir, ön cəbhə mövqelərinin satılması barədə faktları danır, şəhid düşmüş hərbçilərimizin ailələrinə pul qarşılığında verildiyini etiraf etmir və - hakimiyyətə gəlməkdən ötrü ön cəbhədəki AXC-yə məxsus batalyonlarının mövqelərini qoyub, paytaxta axışdığını, bunun nəticəsində düşmənin torpaqlarımızı işğala məruz qoyduğunu, mülki əhalinin əsir və girov götürüldüklərini, öldürüldüklərini ağır da olsa, boynuna almır..?! Qorxur ki, ağırlıqdan və günahdan boynu qırılar?

Yoxsa ki, AXCP elə-belə, “dostların yardımları hesabına” fəaliyyət göstərir?!

Əli Kərimli hansı səbəbdən oğul-noğul balasının şübhəli London gecələri barədə, özünün bank maxinasiyaları, qrant mənbələri haqqında hələ də susur? Niyə demir ki, şəhərin müxtəlif bölgələrində tikdirdiyi villalarını hansı pullar hesabına ərsəyə gətirib? Nəyə görə arvadının və özünün Bakıdakı və Londondakı gizli biznesi ətrafında açıqlamalar vermir? Yoxsa ki, AXCP elə-belə, “dostların yardımları hesabına” fəaliyyət göstərir?! Yaxşı, bu da belədirsə, həmin dostları kimlərdir, niyə adlarını açıqlamır ki, biz də pul-filan lazım olanda "borcdan-zaddan" istəyək?

Əli Kərimli niyə etiraf etmir ki, bu gün sədri olduğu AXCP-nin baş kreslosunu o əxlaqsızlıq, xəyanət, liderinə nifrət yaratmaq vasitəsi ilə işğal edib?

AXCP sədri hələ də mühacir biznesində partiyasının dəlilli-sübutlu arayışlarının ortaya çıxması barədə bir kəlmə də olsun danışmayıb. Həmin sənədlərdə imzasının olması faktını açıqlamayıb. Bu sənədləri bir neçə yüzdən tutmuş, bir neçə min dollara, avroya satıldığını da bilə-bilə dilini qatlayıb qarına və həmin ətrafda verilən sualları cavablandırmayıb.

Nəhayət, Əli Kərimli niyə etiraf etmir ki, bu gün sədri olduğu AXCP-nin baş kreslosunu o əxlaqsızlıq, xəyanət, liderinə nifrət yaratmaq vasitəsi ilə işğal edib? İndi ətrafındakı bəlli adamcığazlar vasitəsi ilə guya ki, suallar ünvanlatdırır. Adama deyərlər ki, ay filankəs, sən 27 ildir ki, bu suallara cavab vermirsənsə, indi harana nə dəyib ki, belə atlanıb-düşməyə başlamısan? Amma bunu da adama deyərlər, daha Əli Kərimliyə yox..!

Rövşən NURƏDDİNOĞLU