Bu siyasət tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə xidmət edir - ŞƏRH ÖZƏL

7 İyul 2020 12:06 (UTC+04:00)

"Türkmənistan və Əfqanıstan vacib tərəfdaşlardan biridir. Hər iki ölkə ilə ticarət əlaqələrimizdə artımlar müşahidə olunur. Artıq Türkmənistanla ticarət dövriyyəmiz 150 milyon dollara çatıb. Bu əvvəlki illə müqayisədə təxminən 30 faiz çoxdur. Eyni zamanda Əfqanıstanla 70 milyon dollardan artıq ticarət dövriyyəmiz var. Son bir ildə ticarət dövriyyəsinin həcmi 50 faiz artıb. Bu isə ondan xəbər verir ki, hər iki ölkə ilə ticari əməkdaşlığımızda və eləcə də iqtisadi əlaqələrimizdə artımlar müşahidə olunur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ölkələr bizim üçün nəqliyyat dəhlizlərinin reallaşması baxımından vacibdir: "Xüsusən də beynəlxalq yükdaşımalardan daha çox gəlirin əldə edilməsinə bu əməkdaşlıqlar imkan yaradır. Qərb-Şərq nəqliyyat dəhlizinin ifrastruktur olaraq reallaşmasında Azərbaycan regional töfhə verən ölkələrdən biridir. Bakı-Tibilisi-Qars dəmiryol xəttinin istifadəyə verilməsi də Qərb-Şərq nəqliyyat dəhlizinin daha səmərəli şəkildə reallaşmasına imkan yaradır. Bu baxımdan da Azərbaycan və bütövlükdə region üzərindən daşınan yüklərin həcmində artımlarla müşahidə olunur. Azərbaycan- Türkmənistan Roro terminalını tətbiq edir ki, bu da Xəzər üzərindən yüklərin daha qısa zamanda daşınmasına imkan yaradır".

Ekspert qeyd edib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq təbii ki, hər üç ölkənin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradır: "Azərbaycan üçün beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda əsas prioritet istiqamətlərdən biridir. Xüsusən 2015-ci ildən etibarən beynəlxalq yükdaşımaların həcmində artımlar müşahidə olunur. Beynəlxalq yükdaşımalardan əldə etdiyimiz gəlir həcminə birbaşa təsir göstərir. Eyni zamanda ölkə daxilində infrastrukturun inkişaf etməsi, prosedurların elektronlaşması da Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirə birbaşa təsir göstərir".

V.Bayramov vurğulayıb ki, Azərbaycan, Türkmənistan və Əfqanıstan arasındakı strateji əməkdaşlığın güclənməsi region ölkələr üçün də faydalı hesab olunur: "Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Təbii ki, Türkmənistan, Əfqanıstan da Azərbaycan üçün tərəfdaş ölkələr siyahısındadır və əməkdaşlığın gücləndirilməsi birgə və regional maraqların möhkəmlənməsinə gətirib çıxarır ki, bu əməkdaşlıq bütün tərəflər üçün faydalı hesab olunur".