Görülən tədbirlərin nəticəsində biz bu gün prosesləri idarə edə bilirik - ŞƏRH ÖZƏL

7 İyul 2020 11:37 (UTC+04:00)

"Cənab prezident İlham Əliyev televiziyalara müsahibəsində koronavirus pandemiyası zamanı görülən işlərdən danışıb. Hələ pandemiyanın ilk günlərindən cənab Prezidentin birbaşa tapşırığı ilə 10 modul tipli xəstəxananın tikilməsi, digər sosial tədbirlərin həyata keçirilməsi, tibbi avadanlıqların alınması, tibbi ehtiyatların yaradılması, tibbi maska və əlcəklər istehsal edən müəssisənin fəaliyyətə başlaması cənab Prezidentimizin bu məsələlərə ciddi şəkildə qiymət verməsinin bariz nümunələridir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, proseslərin bu cür davam etməsini istəmirik, lakin bugünkü aktual vəziyyət dünyanın hər yerində belədir: "Bütün görülən bu tədbirlərin nəticəsində biz bu gün prosesləri idarə edə bilirik. Əgər önləyici tədbirlər həyata keçirilməsəydi, sadaladığımız işlər görülməsəydi biz situasiyanı idarə edə bilməzdik. Şükürlər olsun ki, hazırda vəziyyət idarə olunur".

A.Hüseynov vurğulayıb ki, baxmayaraq ki, bir müddət neftin qiyməti 17 dollara qədər endi, lakin ölkə iqtisadiyyatı dayanıqlılığını saxladı: "Sosial tədbirlərin hər biri həyata keçirildi və bu proses davam etməkdədir. Ən əsası ölkədə gərginlik hiss olunmadı. Bu isə öz növbəsində bir daha onu göstərir ki, ölkə Prezidenti bütün ssenarilər üzrə mükəmməl bir fəaliyyət planına malikdir. Hesab edirəm ki, həm pandemiya həm də post-pandemiya dövrlərində də ölkə iqtisadiyyatı öz dayanıqlılığını saxlayacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bütün sosial layihələr həyata keçiriləcək".