Ölkələrimiz arasında əlaqələrin inkişafı regional tərəqqiyə mühüm töhfələr verir - ŞƏRH

7 İyul 2020 11:04 (UTC+04:00)

Prezident İlham Əliyev: "Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həmrəylik nümayiş etdirir”

Prezident Rəcəb Tayyib Ərdoğan: “Bir millət, iki dövlət” şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq”

İyulun 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə koronavirusla bağlı başsağlığı verib. Türkiyə prezidenti bütün dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbindən Azərbaycanda vəfat edənlərə Uca Allahdan rəhmət, müalicəsi davam edənlərin isə tezliklə şəfa tapmalarını diləyib: «Həyatını itirənlərə görə qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Azərbaycanda pandemiyaya qarşı gördüyünüz təsirli tədbirləri və fəaliyyəti yaxından izləyirik. Bu sahədə mübarizə aparan hər kəsə işlərində uğurlar arzulayıram. “Bir millət, iki dövlət” şüarı ilə dost və qardaş Azərbaycana əlimizdən gələn hər cür köməyi göstərməyə hazırıq. Bu çərçivədə Can Azərbaycanın pandemiya ilə mübarizəsinə bir az da olsa fayda verə biləcək tibbi yardım ləvazimatlarının ölkənizə çatdırılmasını təmin edirik. Bu fürsətdən istifadə edərək pandemiya ilə mübarizədə Azərbaycanın yanında olduğumuzu bir daha ifadə edir, Zali-alinizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan əmin-amanlıq və rifah diləklərimi çatdırıram". Azərbaycan Prezidenti İlham Əliyev də cavab məktubunda həmkarına təşəkkür edib və Türkiyədə həyatını itirənlərin ailəsinə başsağlığı verib: "Bütün sahələrdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həmrəylik nümayiş etdirir. Əminəm ki, birgə səylərimizlə koronavirus bəlasının öhdəsindən gələcəyik. Bu xüsusda qardaş Türkiyə Respublikası tərəfindən göndərilən humanitar yardıma görə Sizə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Bu, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin növbəti bariz nümunəsidir".

"Bir millət, iki dövlət" Azərbacan-Türkiyə tarixi dostluq əlaqələri yüksəliş yolunda

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin «bir millət, iki dövlət» olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr möhkəmlənməkdədir. Belə ki, ölkələrimiz arasında artıq bütün əsas detalları razılaşdırılmış yeni qaz müqaviləsindən gedir. Xatırladaq ki, keçən ay Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı saziş imzalanması böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biridir. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı məşhur "Nabukko" kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bütün bunlar isə ölkələrimizin energetika sahəsində möhkəmlənən əlaqələrinin qlobal enerji təhlükəsizliyinin təminatına da yeni mühüm töhfələr bəxş edəcəyindən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Perspektivdə isə Azərbaycan və Türkiyənin iqtisadi sahədə münasibətlərini daha da möhkəmləndirəcək əsas məqamlardan biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi olacaq. Hazırda tikintisi davam edən bu dəmir yolunun həm də Naxçıvana kimi uzadılması nəzərdə tutulur. Bu isə Naxçıvanın mərkəzlə kommunikasiya əlaqələrində yeni mərhələnin başlanması, muxtar respublikanın iqtisadi cəhətdən daha da güclənəcəyi deməkdir. Hazırada Naxçıvanın həm iqtisadi sferada sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında qardaş Türkiyə böyük rol oynayır.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin ədalətli mövqeyinə tam dəstək verir

Azərbaycan ərazilərinin artıq 20 ilə yaxın müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına etiraz əlaməti olaraq bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi fəallıq göstərir, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək verir. Ölkəmizdə rəsmi səfərdə olarkən Türkiyənin Baş naziri bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan İsveçrədə imzalanan, Ermənistanla münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyası mümkün deyil: "İsveçrədə Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi adlandırdığımız anlaşmaların imzalanması hazırda məhz Ermənistan tərəfindən dondurulmuş vəziyyətdədir. Bizdə isə bu iş bildiyiniz kimi, parlamentə həvalə edilmişdir. Ancaq bizim parlamentə həvalə edilmiş bu normallaşma prosesi istiqamətindəki protokolla əlaqədar çox açıq və dəqiq bir ifadəmiz vardır. O da nədir?! Dedik ki, bu Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmadan Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Bu, çox açıq və dəqiq surətdə göz qabağındadır. Bunu Minsk qrupu həmsədrlərinin üçünə də söylədik, izah etdik".

Hazırda isə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirməyən və beləliklə, həm də Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərən Ermənistan yenə də region dövlətləri ilə mehriban qonşuluq prinsipləri ilə yaşamaq niyyətindən uzaq olduğunu nümayiş etdirir. Bununla işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin

həllində vasitəçilik edən ATƏT-in Minsk qrupuna da etinasız yanaşdığını göstərir. Çünki ATƏT-in Minsk qrupunun münaqişə tərəflərinə təqdim etdiyi yenilənmiş Madrid prinsiplərinə indiyə qədər məhz Ermənistan münasibət bildirmir. Halbuki Azərbaycan prinsip etibarilə, çox kiçik istisnalarla bu təklifi qəbul etdiyini bildirib. Lakin yenilənmiş Madrid prinsiplərinin tərəflərə təqdim olunmasına baxmayaraq, Ermənistan buna hələ də heç bir cavab vermir. Prezident İlham Əliyev isə belə vəziyyətdə Azərbaycanın konkret, qətiyyətli mövqeyini ortaya qoyur: "Ermənistan tərəfi öz mövqeyini bildirməlidir. Ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə müsbət cavab verəcək və o təqdirdə biz məsələnin həllinə yaxınlaşacağıq. Ya da ki, mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni dövr başlaya bilər. Əgər Ermənistan tərəfi verilən təklifə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan, təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər".

"Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır"

Bu fikirləri Türkiyə Prezidenti Azərbaycanda səfərdə olarkən qeyd edərək bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti var: "Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır".

Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

RƏFİQƏ HÜSEYNOVA