COVID-19 pandemiyası dövründə Azərbaycanın inklüziv diplomatiyası

6 İyul 2020 18:23 (UTC+04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədovun “Modern Diplomacy” portalında “COVID-19 dövründə Azərbaycanın inklüziv diplomatiyası” başlılıq məqaləsi dərc olunub. Məqalədə bildirilir ki, COVID-19 pandemiyasının geniş yayıldığı vaxtda beynəlxalq ictimaiyyətin birlik və həmrəyliyə daha çox ehtiyacı var, böyük güclər pandemiyadan qlobal miqyasda öz təsirlərini genişləndirmək üçün bir vasitə kimi istifadə etməyə çalışır.

Qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal səviyyədə koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Müəllif yazır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına cavab olaraq keçirlmiş onlayn Zirvə toplantıları bunlara bir nümunədir. Qeyd edilir ki, bu sammitlərdə koronavirus pandemiyası ilə mübarizə mövzusunda geniş müzakirələr aparılıb və müxtəlif fikir və təkliflər irəli sürülüb: “Azərbaycan həmçinin yeni növ koronavirusa qarşı mübarizədə qlobal səyləri gücləndirmək üçün BMT-nin Baş Assambleyasının xüsusi iclasının çağrılmasını təklif edib. Təklif artıq BMT-yə üzv olan 130-dan çox dövlət tərəfindən dəstəklənib ki, bu da dünyada Azərbaycana olan etimad və inamın göstəricisidir. Dünya qlobal bir fəlakət qarşısında qaldığı və bütün ölkələrin beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda yeganə dövlət - Ermənistan beynəlxalq birliyin maraqlarına cavab verən təşəbbüsə etiraz edən ölkə olub”.

Həmçinin qeyd olunur ki, Azərbaycan hər zaman bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verir və bu prinsip pandemiya zamanı Azərbaycanın xarici siyasətində də aydın şəkildə özünü göstərməkdədir: “Pandemiyadan əziyyət çəkən bir sıra ölkələrə göstərilən yardım bunun bariz nümunəsidir. Azərbaycanın yardım siyasətində əsas meyar ən çox ehtiyacı olan ölkələrə üstünlük verilməsi olub”.

Qeyd edilir ki, COVID-19 pandemiyası ilk növbədə bütün bəşəriyyət üçün ictimai sağlamlıq böhranıdır. Müəllif əlavə edir ki, Azərbaycan problemin ciddiyyətini anlayaraq “orta miqyaslı” güc olaraq (“Middle Power”) üzərinə beynəlxalq həmrəyliyin gücləndirilməsi və çoxtərəfli diplomatiyanın təşviqi kimi çox böyük bir məsuliyyət götürüb: “Azərbaycan belə geniş miqyasda qlobal fəlakətlə mübarizədə ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirməklə praktiki addımlara yönəlmiş bir diplomatiya həyata keçirir. Bu, bəzi ekspertlər tərəfindən beynəlxalq münasibətlər sistemində “Azərbaycan diplomatiyasının yüksəlməsi” kimi qiymətləndirilir”.

Müəllif bildirir ki, qlobal böhran və qeyri-müəyyənliyin getdikcə dərinləşdiyi bir vaxtda Azərbaycan öz üzərinə məsuliyyət götürərək multilaterializmə (çoxtərəflilik) real töhfə verir, eyni zamanda, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü olaraq, qlobal həmrəylik çağırışlarını dəstəkləyir: “Azərbaycanın xarici siyasətinin COVID-19 pandemiyası ilə mübarizədə əsas mövqeyi budur ki, beynəlxalq birlik cari böhranı yalnız çoxtərəfli, qaydalara əsaslanan beynəlxalq nizam vasitəsilə həll edə bilər və bu məsələdə proteksionizm və təcridçiliyə yer yoxdur. Daha dəqiq desək, Azərbaycan mövcud kritik situasiyanın həlli üçün mümkün çərçivə kimi inklüziv diplomatiyaya üstünlük verir”.

https://moderndiplomacy.eu/2020/07/05/azerbaijans-inclusive-diplomacy-amidst-covid-19/