COVID-19-la mübarizə aparan həkim: "Gec-tez virus sizi vuracaq" MÜSAHİBƏ - VİDEO

6 İyul 2020 17:48 (UTC+04:00)

Bu gün COVID-19-la effektiv mübarizə aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının gəldiyi qənaətə görə maskadan düzgün istifadə etmək, həmçinin sosial məsafəni saxlamamaq və sanitar-gigiyenik qaydalara riayət etmək kifayət edir. Lakin, bu gün bir çox insan maskadan düzgün istifadə etməyərək onu sadəcə ağız ətrafını və ya sadəcə çənəsini qapadacaq şəkildə istifadə edir. Lakin, tibbi maskadan bu cür istifadənin demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Qoruyucu tibbi maskalar istifadə edilərkən bütün tənəffüs yollarını, burun və ağız ətrafını qapatmalıdır. Bu haqda SİA-ya müsahibə verən Mərkəzi Gömrük Hospitalının İnfeksiya Nəzarəti Komissiyasının sədri, doktor Səttar Yaqubov gərgin iş prosesindən özünü izolyasiya edərək səsləndirdiyi fikirləri sizinlə bölüşürük:

- Səttar müəllim, bu gün COVID-19-la mübarizədə əsas aktual məsələ maskadan istifadədir. Vətəndaşlar qoruyucu tibbi maskalardan necə düzgün istifadə etməlidir?

- Koronavirusla mübarizə tədbirləri içərisində maska taxılması birinci yerdə durur. Sonra isə digər tədbirlər sosial məsafənin qorunması, gigiyenik qaydalar riayət etmək gəlir. Niyə görə birinci yerdə maska taxılması gəlir? Mən bəzi faktları nəzərə çatdırmaq istərdim. COVID-19-a yoluxmuş bir insan maska taxarsa ətrafındakı sağlam insanlar üçün 70 faiz təhklükə azalmış olur. Əgər digər həm daşıyıcı insan, həm də digər sağlam insanlar maskadan istifadə edərsə yoluxma riski 5 faizə qədər aşağı düşmuş olur. Bu rəqəmlər maskanın nə qədər önəmli olduğunu əks etdirir.

Maskanın iki funksiyası var. Əgər xəstə insan bundan istifadə edirsə bu virusun mexaniki bir bariyer kimi yayılmasının qarşısını alır. Çünki, bu virus hava damcı yolu ilə yayılır və sağlam adamın selikli qişalarına ilk növbədə ağız və buruna düşməklə xəstəlik yaradır. Maska taxmaqla ilk növbədə bunun qarşısı alınır. Digər tərəfdən isə virus birincisindən heç də əhəmiyyətsiz olmayan yolla, kontakt yolu ilə yayılır. Yəni, xəstə insan danışarkən, öskürərkən və asqırarkən onun ciyərlərindən, tənəffüs yollarından çıxan damcılar ətrafdakı əşyaların üzərinə düşür. Biz əlimizlə bu səthlərlə kontaktda olduğumuz zaman virusla çirklənmiş oluruq və daha sonra çirklənmiş əlimizi ağzımıza, burnumuza toxundururuq. Bu zaman yoluxma baş verir. İnsan gün ərzində özü də bilmədən və ya bilərəkdən ortalama 90 dəfəyə qədər əlini burnuna, ağzına toxundurur. Maska taxmış insan isə burnuna və ağzına əl vura bilmir.

Çinin təcrübəsini xatırlatmaq istəyərdim. 2019-cu ilin sonlarında infeksiyanın başladığı Uhan şəhərində onların virusla mübarizəsini soyuqqanlılıqla izləyirdik və burada görürdük ki, Çin polisi maska taxmaq tələbini pozmuş, küçəyə çıxan insanlara qarşı necə amansız, qəddarcasına rəftar edir. Mən o zaman təəccüb edirdim ki, bir polis öz millətinə, öz vətəndaşına qarşı necə belə amansız ola bilər. İndi mən onları başa düşürəm. Bizim təəssüf olsun ki, maskadan düzgün istifadə etməyən insanlarımız yetərincədir. Hələ də vətəndaş məsuliyyətini dərk etməyən insanların sayı yetərincədir. Bakının mərkəzi küçələrində bəziləri düşünərəkdən, bəziləri isə polis qorxusundan maska taxırlar. Bir qədər kənara, xüsusilə də qəsəbələrə baxdıqda isə çox az adamın maska taxdığını görəcəksiniz. Mən onlara səslənərək demək istəyirəm ki, vətəndaş məsuliyyətini göstərsinlər. Siz maska taxmayaraq virusun hədəfindəsiniz. Gec-tez, bu zaman məsələsidir, virus sizi vuracaq. Sizin qapınızı döyəcək. Sizin özünüz və yaxınlarınız xəstələnəcək! Bu xəstəliyi müalicə etdiyimiz xəstəxanalara düşəcəksiniz! Buna görə də diqqətli olun! İmkan verməyin ki, biz bu ağır şəraitdə, aylarca, bu məşəqqətli işin içərisində virusla mübarizə aparmalı olaq.

Tibb işçiləri virusla mübarizədə ön cəbhədədir. Biz o zaman qalib gələcəyik ki, siz də arxa cəbhədə bizə yardım edəsiniz. Bu yardım isə sadəcə maska taxmaqdan, distansiya gözləməkdən və sosial məsafəni qorumaqdan, gigiyenik qaydalara riayət etməkdən ibarətdir.

- Yəni, maska taxmaqla yanaşı sosial məsafəni saxlamaq da bu işdə mühüm əhəmiyyət daşıyır, düzdür?

- Bəli. Öyrənilib ki, COVID-19 xəstəliyinə yoluxmuş bir insan söhbət edərkən və ya danışarkən, nəfəs alarkən ətrafında bir metr radiusunda tənəffüs yollarından gələn damcılar ətrafa yayılır. Bu təhlükəli zona hesab olunur. Lakin, xəstə asqırdığı və öskürdüyü zaman isə bu məsafə 1,5 və 2 metrə yaxın genişlənir. Bəzi insanlar bilmir ki, xəstədir. Onlar ilk növbədə daşıyıcı olur və virus inkubasiya dövrünü keçirir (gizli dövr). Buna görə də məcburən maska taxılmalıdır. Üzümü ona görə maska taxmayan və maskanı sadəcə çənəsinə taxan insanlara səslənirəm, bəlkə də siz daşıyıcısınız. Yaxınlarınızı və əzizlərinizi düşünün. Əgər biz vətəndaş birliyi göstərməsək çox çətin olacaq.

- Səttar müəllim, hazırda siz özünüz bu gərgin iş prosesin içərisindəsiniz, bizimlə təəssüratlarınızı bölüşə, xəstələrlə keçirdiyiniz vaxt müddətindən danışa bilərsinizmi?

- Fəaliyyət göstərdiyim Mərkəzi Gömrük Hospitalı iyun ayının 12-dən etibarən COVID-19 xəstələri qəbul etməyə başlamışdır. Biz bütün potensialımızı sərf edərək bu xəstəliyə qarşı mübarizə aparırıq. Bir çox hallarda çox ağır xəstələr gətirilir bizim hospitala. Fəsadlaşmış və yanaşı xəstəlikləri olan. Təkcə COVID-19 xəstəliyi yox, eyni zamanda qaraciyər problemləri, böyrək problemləri, şəkər xəstəliyi və digər ağır xəstəlikləri olan insanlar. Onlarda isə bu infeksiya daha ağır, daha təhlükəli və daha riskli şəkildə müşahidə edilir. Onları həyata qaytarmaq üçün biz mübarizə aparırıq. Xəstələr əziyyət çəkir, çox ağır şəkildə müalicə alırlar. Digər tərəfdən isə həkim kollektivi də əllərindən gələni əsirgəmiyərək 6, 7 bəzən 8 saat kombinizonda, maskada çox ağır şərtlərdə, yemədən, su içmədən, heç bir fioji funksiyanı icra etmədən, beyin oksigensiz şəraitdə çalışırlar, çünki orada normal oksigen almaq olmur. Onlar növbəni təhvil verən zaman isə tam üzülmüş və yorulmuş şəkildə tək arzuları normal hava alıb, bir qurtdum su içməkdir.

Bəzi insanlar deyir ki, küçədə maskanı taxmıram, çünki, ürəyim darıxır. Hələ maska taxıb ölənə rast gəlmədim. Lakin, maska taxmadan ölənlərin sayı isə kifayət qədər çoxdur.

Üzümü vətəndaşlara tutaraq xahiş etmək istəyirəm ki, vətəndaş məsuliyyəti göstərsinlər. Qoymayın ki, bacılarınız, qardaşlarınız, sizin analarınız bu ağır şəraitdə aylarla çalışsınlar. Onlar da yorulurlar. Onlar da bəzən soruşur ki, bu nə zamana kimi davam edəcək. O zamana kimi davam edəcək ki, hamımız vətəndaş məsuliyyətini göstərərək. Həm ön cəbhədə, həm də arxa cəbhədə çalışanlar əl-ələ verərək bunun qarşısını ala bilərik.