Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

6 İyul 2020 17:13 (UTC+04:00)

"Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 200 mənzil alıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək". ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumilikdə mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, cari ildə bu say azı 1 500 olacaq.

S.Babayev bildirib ki, həmçinin bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il üçün 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Ümumilikdə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7 900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6 850 minik avtomobili verilib.