Boya fabrikindəki yanğın zamanı havada müəyyən çirklənmələr qeydə alınıb

6 İyul 2020 15:10 (UTC+04:00)

4 iyul 2020-ci il tarixində Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı fabrikə yaxın ərazilərdə havaya qatı tüstü yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğının ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları dərhal hadisə yerinə yollanıb, ərazidə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.

Aparılan analizlərin nəticələrinə əsasən, yanğının baş verdiyi ərazinin ətrafında dəm qazı 5,6, benzol 1,3, toluol 1,2, etil benzol 23,3, meta-ksilol 2,7, orto ksilol 2,4 dəfə yol verilən qatılıq həddini keçib.

Ərazidəki atmosfer havasının hazırkı vəziyyətinin öyrənilməsi məqsədilə, bu gün fabrikə yaxın yaşayış məntəqələrində havadan təkrar nümunələr götürülüb və nəticəsi barədə əlavə məlumat veriləcək.