"Yeni qadağalar sırf əhalinin sağlamlığı üçün atılıb" ÖZƏL-ŞƏRH

6 İyul 2020 14:25 (UTC+04:00)

"Azərbaycan pandemiya ilə mübarizənin növbəti və arzuolunmaz mərhələsini yaşayır. Əksər ölkələrdə tətbiq olunan yumşaldılma tədbirlərindən sonra infeksiyaya yoluxanların sayında yenidən artım müşahidə olunmaqdadır. Bu baxımdan mövcud durum Azərbaycan üçün spesifik deyil və karantin rejimi yumşaldılan bütün ölkələrdə onun yayılması baş verməkdədir". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

"Ölkmizdə indiki dalğanın yaşanmaması mümkün idimi? Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlər yetərli oldumu? Başqa hansı addımlar atıla bilərdi? Bu qəbildən olan suallar çoxdur və son vaxtlar yaşananlar fonunda aparılan müzakirələrin əsas qayəsini də təxminən qeyd olunan istiqamətlər təşkil edir.

“Dövlət nə edib”- sualına cavab axtarsaq, burada ilk gündən atılan addımlara diqqət çəkmək vacibdir. İnfeksiya ilə mübarizə birinci günündən ölkə rəhbərliyinin nəzarəti altında aparılıb və aparılmaqdadır. Bu xəstəliyin daha geniş məkanda yayılmasının qarşısının alınması məqsədilə prezident İlham Əliyevin tapşırığı və birbaşa rəhbərliyi ilə çoxşaxəli tədbirlər icra olunub. Zaman itirilmədən Tədbirlər Planı hazırlanaraq dərhal icraya yönəldilib. Əhalinin sağlamlığının qorunmasını və təhlükəsizlyini hədəfləyən bu sənəd, həmçinin imkan verdi ki, pandemiyanın birbaşa təsir etdiyi sahələrə dəstək verilsin, biznesin aktivliyi qorunsun və əhalinin sosial vəziyyətinin ağırlaşmaması istiqamətində təcili addımlar atılsın. Təxirəsalınmaz geniş tədbirlər dəfələrlə vurğulanıb və məhz bu tədbirlər ona gətirib çıxartdı ki, infeksiyanın geniş yayılmasının qarşısı alındı, sosial-iqtisadi aktivlik tez bir zamanda bərpa olundu. Məhz digər ölkələrlə müqayisədə Azərbaycanın daha qabaqlayıcı tədbirlər həyata keçirməsi, bu tədbirlər hesabına koronavirusla mübarizə sahəsində uğurlu nəticələr əldə etməsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəyan olundu.

Amma sonrakı mərhələdə, yumşaldılma tədbirlərindən sonra ölkəmizdə infeksiyaya yoluxanların sayında artım baş verdi. Düzdür, hazırda vəziyyət nəzarət altındadır və artıq yoluxmanın qarşısının alınması ilə yenidən müsbət nəticələr əldə olunur, davamlı preventiv tədbirlərin nəticəsi olaraq yoluxma səviyyəsinin daha da kəskinləşməsinin qarşısı alınır.

Fəqət əvvəlki nəticələr itirilib və müəyyən dairələr günahkar axtarışına çıxıb. Əfsuslar olsun ki, qərəzli və ictimai rəyi çaşdıran mövqe tutanlara rast gəlinməkdədir; bütün bunların baş verməsində hakimiyyət günahkardır kimi...

Hakimiyyət rəsmilərinin, həkimlərin, bu sahə üzrə mütəxəssislərin karantin rejimi yumşalandan sonra ən başlıca cağırışı nə idi? Qaydalara birmənalı əməl olunmalıdır, əks təqdirdə yoluxma səviyyəsində artım müşahidə ediləcək və yenidən sərtləşmə tədbirlərinə əl atılacaq. Təəssüf ki, bu belə də oldu; əhalinin əks-epidemik tələblərə zəif riayət etməsi yoluxma səviyyəsinin artmasına gətirib çıxartdı. Bu, birmənalı olaraq belədir. İndiki şəraitdə baş verənləri görmək bu qədərmi çətindir?
Həyatını təhlükəyə atıb küçələrdə qaydalara nəzarət edən polisi, əsgərləri aldatmaq üçün nələrə əl atılmır? İki həftəlik qadağadan qaçmaq üçün torpaq yollarla rayonlara qaçmaq istəyən də, tibbi maskanı dirsəyinə taxan da, fiziki məsafə saxlamayan da, heç nədən marketlərə axın edib sıxlıq yaradan da, pensiya, maaş kartındakı vəsaiti nağdlaşdırmaq üçün yaradılan mövcud imkanlardan istifadə etməyib bankomatların qarşısına axışan da bizlərik. Belə davam etdikcə bütün tədbirlər mənasız olacaq və nəticələr uzunömürlü olmayacaq.

Fakt odur ki, hakimiyyət növbəti sərt karantin rejiminə məcburiyyət qarşısında getməli olub. İqtisadiyyatdakı itkilər göz önündədir. Bu itkilər arxa palana keçirilərək yenidən qadağalara əl atılıb və infeksiyanın geniş yayılmasının tam qarşısının alınması , əldə edilmiş müsbət nəticələrin qorunub saxlanılması üçün karantin rejiminin yenidən bərpası zərurəti yaranıb. Artıq sətr karantin rejiminin ikinci həftəsi tamamlanır, lakin yoluxma səviyyəsi stabilləşsə də yüksək olaraq qalır.
Çıxış yolu nədir? Yeganə yol odur ki, hamı bir nəfər kimi karantin rejimində tətbiq edilən bütün məhdudiyyətlərə riayət etməlidir. Nə qədər ki, bu problemin təkcə hakimiyyətin deyil ümumxalq problemi olduğunu dərk edib infeksiya ilə mübarizədən qalib çıxmaq üçün səfərbər olmamışıq, nəticə dəyişməyəcək.

Bizdən çoxmu şey tələb olunur; fiziki məsafə, tibbi maska, sanitar qaydalara riayət etmək. Bu bir neçə qaydadan qaçdıqca, infeksiya bizə daha da yaxınlaşacaq.

Əhalinin sıx təmasda olduğu məkanlarda bu qaydalara riayət edilməsi üzərində ciddi ictimai nəzarət olmalıdır. Bu təkcə polisinmi işidir? Hər bir vətəndaş birlikdə bu mübarizəyə qoşulmalıdır, əlinə əlcək taxmayan aptek satıcısından əlinə əlcək geyinməyi tələb etməlidir, marketə maskasız daxil olana irad bildirməlidir, adi növbə qaydalarına pozanlara qarşı olmalıdır, ictimai nəqliyyata tibbi maskasız daxil olanı və ya ancaq polis yaxınlaşanda ondan istifadə edəni qınamaqdan çəkinməməlidir. Belə adamların bütün cəmiyyət üçün təhlükəli olduğunu anlamalıyıq.

Bir daha onun üzərinə gəlirik ki, hamı bu tələblərə riayət etsə, pandemiya tez başa çatacaq. Hazırda bu sahədə vahid dünya təcrübəsi mövcud deyil və infeksiyanın yayılmasının qarşısını almaq üçün yeganə tələb qaydalara hamı tərəfindən və ciddi əməl etməkdir. Yalnız mövcud qaydalara riayət etməklə xəstəliyin yayılma zənciri qırılmalıdır.

Son günlər tətbiq olunan yeni qadağalar da sırf əhalinin sağlamlığı üçün atılıb. Bunun əksinə olan təbliğat isə ancaq və ancaq ümumi işə zərbə vura bilər. Məsələn bildirilir ki, əhalinin rayonlara gediş-gəlişinə imkan verilməlidir və Bakı nisbətən boşalmalıdır. Bu addımın infeksiyanın yayılmasının təşviq edilməsinə səbəb ola biləcəyi barədə ekspert rəyləri isə görməzdən gəlinir. Əksər epidemioloq ekspertlərin fikrincə, istənilən epidemiyanın qarşısının alınması üçün onun lokallaşdırılması və izolyasiyası birinci şərtdir. Epidemik qaydalara riayət etmədən şəhəri tərk etmək infeksiyanın yayılmasını sürətləndirməyə xidmət edəcək. Eyni zamanda, pandemiyanın qarşısını almaq üçün hər bir xəstənin tapılması və onun müalicə edilməsi də vacibdir. Əks halda epidemiyanın yayılması davam edəcək və bu səbəbdən rayonlara gediş-gəlişin açılması epidemiyanın yayılmasına səbəb ola bilər.

Bundan başqa, can atdığımız rayonlarda da karantin rejimin tələblərinin pozulması hallarının olduğunu nəzərə almalıyıq. Təşkil olunan mərasimlər ancaq və ancaq təhlükə mənbəyidir. Nəzərə alınmalıdır ki, belə ictimai tədbirlər çox ciddi və arzuolunmaz nəticələrə gətirib çıxarır.

Digər məqam metronun bağlanılması ilə bağlıdır və bunun ciddi sıxlığa səbəb olacağı önə çəkilir. Lakin bunun qarşısının alınması üçün işlər görülüb. Əvvəlki karantin dövründə olduğu kimi, əlavə avtobuslardan istifadə ediləcək; bu proses monitorinq olunacaq, sıxlıq olarsa avtobus sayı əlavə artırılacaq. Burda əhalinin üzərinə də məsuliyyət düşür. Mövcud durumla ayaqlaşmaq zorundayıq və sıx olan avtobuslara minməkdən imtina etməliyik.

Müzakirə olunan məsələlərdən biri yollarda postların götürülməsidir. Yəni, yoluxma enməyibsə, sərt karantin qüvvədədirsə, bu addım niyə atılıb? Bunun əsas səbəbi bu prosesin optimallşdırılmasıdır. Belə ki, postlar əksər ərazilərdə sıxlıq yaradırdı. İndi postlar insanların sıx təmasda olduğu məkanlarda qurulmaqla, epidemik tələblərə riayət üzərində nəzarət güncləndiriləcək, eyni zamanda, hərəkətdə olan avtomobillərin hərəkətinə də nəzarət ediləcək.

Təcili tibbi yardımdan narazılıqlara da rast gəlinməkdədir. Bu sırf daha çox müraciətin olması ilə bağlı məsələdir. Müvafiq qurumların tövsiyələrinə əsasən, adi narahatçılığa görə təcili tibbi yardıma deyil, poliklinikaya müraciət edilməlidir. Belə olarsa, bu, təcili tibbi yardıma müraciət sıxlığını aradan qaldırmağa imkan verəcək. Bundan başqa, əhali ev şəraitində özünü müalicə edən zaman həkim nəzarəti olmadan müxtəlif dərmanlardan istifadədən imtina olunmalıdır. Mümkün qədər poliklinikaya telefon vasitəsilə müraciət edilməlidir. Xüsusilə test verən zaman şəxsi məlumatlarını dəqiq bildirməlidir. İnfeksiya ilə yoluxan insanların həkimlərə müraciət etməməsi sonradan infeksiyanın yayılmasına səbəb olur. İnfeksiya ilə yoluxandan və ya xəstələnəndən sonra bu barədə məlumat verməkdən çəkinməməliyik. Bu, həm yoluxmuş vətəndaşın özünün tez sağalması, həm də ölkədə infeksiya ilə mübarizəyə dəstək üçün zəruridir.

Ölkədə əhalinin müalicəsi, onun pandemiyadan qorunması üçün dərman və maska təminatında da heç bir problem yoxdur. Qalır mövcud durumla ayaqlaşmaq. Məhrumiyyət və qadağalar hamını narahat edir. Amma bu bəladan yaxınlarımızı və özümüzü qorumaq üçün başqa yol yoxdur! Ən inkişaf etmiş ölkələr də vəziyyət eynidir, fərqli deyil!"-deyə, E.Babayev fikrini tamamlayıb.