Binəqədidə "SOBSAN" boya fabrikində yanğın söndürülüb - FOTOLAR- VİDEO - YENIL"NIB

5 İyul 2020 04:20 (UTC+04:00)

04:20

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın söndürülüb.

SİA APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılır.

***

01:59

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

SİA APA-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib.

SİA xəbər verir ki, Sobsan boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

23:53

SİA xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.

***

22:28

SİA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

22:02

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan SİA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

SİA TƏBİB-ə istinadən bildirir ki, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

***

21:40

SİA xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:12

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar SİA FHN tərəfindən yaradılmış Qərargaha istinadən bildirir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

20:02

Bakıda boya fabrikində güclü yanğın başlayıb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki "Sobsan" boya fabrikində baş verib. Güclü yanğın fabrikin ərazisini bürüyüb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının qarşısını almaq üçün tədbirlər görülür.