Sərxoş inək (Novella)

4 İyul 2020 16:50 (UTC+04:00)

Fərahim XƏLƏFLİ

Yazın xoş ətirli günlərindən biri idi. Ailəvi dostum Həbib müəllim bizə gəlib, şam yeməyinə hazırlıq gördüyünü dedi. Axşamüstü işdən çıxanda evdən bizi də götürüb kəndə aparacağını bildirdi və vaxtında hazır olmağımızı xahiş elədi. Doğrudan da, o, axşamüstü vəd etdiyi vaxta-alman dəqiqliyilə əməl edərək gəldi. Axşamüstü onun qırmızı "Moskvici" bizim darvazanın qarşısında dayanmışdı.

Bir saat əvvəl bizə gələn, mənim uşaqlıq dostum olan Seyran da bizimlə getmək istədiyini bildirdi. Mən çox sevindim. Sevindim ona görə ki, qonaqlıqda mənimlə həmdəm olan dostumla bir yerdə olacaqdım. Biz Həbib müəllimin qırmızı "Moskviç"inə minib Oncaqala kəndinə yola düşdük.

Əslində, həmin kəndin qədim adı Oncaqala yox, Oncakələ olub. Lakin son illərdə kəndin seçilib-sayılan ziyalıları “Oncakələ” sözünün “Oncaqala” sözü ilə əvəz olunması məsələsini qaldırdılar və onun rəsmiləşdirilməsinə də nail oldular. Yaxşı da elədilər. Axı “kələ” sözü dilimizdə yaxşı səslənmir. Doğrudur, ədəbi dilimizdə “kələ” sözü inəyin erkək balasının yeniyetməlik dövründən sonrakı adıdır. Necə ki, dəvənin balasına anadan olanda yəni körpəlik dövründə “köşək”, yeniyetməlik dövründə “daydaq” deyərlər. Gənclik dövründə isə dəvənin dişisinə “maya”, erkəyinə isə “nər” deyərlər. Minik növü, əsasən, at, dəvə olan dövrlərdə “əlimə bir maya salsaydım” deyən insanlar dişi dəvəni nəzərdə tuturmuşlar. Düşünürmüşlər ki, bir dişi dəvəsi, yəni “maya”sı olsa imiş, sonradan dişi dəvənin, yəni mayanın törəmələrindən özünə var-dövlət düzəldə bilərmişlər. Yaxud “mənim nər oğlum” deyəndə onlar yeniyetmə, gənc övladlarının cavan erkək dəvə kimi güclü, dözümlü və etibarlı olmalarını arzu edərlərmiş. Yaxud atın balasına “dayça”, yeniyetməsinə “day”, yeniyetmə erkəyinə “qulan”, “dişisinə” “madyan” deyərlərmiş. Cavanlıq dövrünü ötən ata “köhlən”, qoca ata isə “yabı” adı verərlərmiş.

“Erməniyə dayı deyim, məni çaydan keçirsin” atalar sözünün birinci variantı “Eşşəyimə dayı deyim, məni çaydan keçirsin” kimi olub. Lakin ərazi verdiyimiz, qahmar olduğumuz ermənilər bizə xəyanət etdikdən sonra onları “eşşək” adlandırdığımız üçün həmin məsəli “Erməniyə dayı deyim, məni çaydan keçirsin” kimi işlətməyə başladıq. Əslində, bu məsəldəki “dayı” sözü “day” kimi işlənilməlidir. Biz onu təhrif etmişik. Çünki məsəlin mənası belədir: Eşşəyə: Sən day kimi cavan güclü heyvansan, - deyib onu ağır, çətin işi görməyə təhrik ediblər.

Göründüyü kimi insanlar ev heyvanlarına müxtəlif adlar qoyarkən yalnız inəyin və camışın erkək, yeniyetmə və gənc balalarına “kələ” deyərək onlardan damazdıq heyvan kimi istifadə etmişlər. Sadəcə olaraq, el içində “kələ gəlir” sözü yaxşı səslənmir. Oncakələlilər də “kələ” sözündən xoşları gəlmədikləri üçün onu “qala” sözü ilə əvəz ediblər. Baxmayaraq ki, Oncakələ kəndində heç bir qala olmayıb. Orada həmişə istillər çox olub, istil isə çəltik becərilən yerə deyərlər.

Biz maşına minib həmin istillərin məskəni olmuş Oncakələ kəndinə - Həbib müəllimgilə qonaq gedirdik. Masallının meşə zolağının ətrafındakı yonca zəmilərini seyr edə-edə kəndə çatdıq. Həbib müəllimgilin həyətində maşından düşəndə qəribə mənzərə ilə üzləşdik. Onların sağmal inəyi yerə yıxılmış vəziyyətdə idi, inəyin qarnı şişmiş, qıçlarının dördü də göyə qalxmışdı. Biz şişmiş qarnını dümbək kimi bərk, qıçları şahə qalxmış, gözləri bərəlmiş inəyi görəndə sankı “şoka” düşdük. İnəyin ətrafına yığılan insanlar nə etdiklərini bilmirdilər. Həbib müəllim onlardan soruşdu ki, inəyə nə olub? Onlar: “Bilmirik”, - cavabını verdilər. O, tələsik maşına minib həkim dalınca getdi. Bir neçə dəqiqədən sonra Həbib müəllim baytar həkimlə gəldi. Baytar həkim inəyi bu vəziyyətdə görən kimi dedi:

-Hə, bu inək çoxlu yonca yeyərək köpüb.

Məlum oldu ki, bizim meşə zolağının ətrafında gördüyümüz yonca zəmiləri heyvanlar üçün təhlükə mənbəyi imiş. Heyvanlar tez-tez yoncadan ləzzətlə yeyib doyduqdan sonra köpüb yerə yıxılır, ölümlə üz-üzə qalırlar.

Həkimin tələsmədiyini görən Həbib müəllim əsəbi halda dedi:

-Ay həkim, xahiş edirəm, kömək elə. Bu inək üç ailəni təmin edir. Ölsə, üç ailənin boğazı quruyacaq. Nə edirsən et, tez elə, qoyma inəyim ölsün. İynədən, dərmandan nə lazımdırsa alaq.

Həkim: - “Araq lazımdır” - dedi.

Araq sözünü eşidən Həbib müəllim özündən çıxdı. Qışqıra-qışqıra dedi:

- Ay kişi, nə araq, araq salmısan. Mənim inəyim ölür. Sən əvvəlcə mənim inəyimi sağalt. Sonra sənə nə qədər istəyirsən, araq alım. Bu, biyabırçılıqdır. Elə bir zəmanəyə gəlib çıxmışıq ki, hamı araq içir. Az qalmışıq ermənilər kimi hüzürdə də araq içək.

Həkim Həbib müəllimin sözünü kəsərək eyni tonda qışqıra-qışqıra dedi:

- A kişi, saxla görək. Nə ağzına gələni danışırsan. Mən heç də araq içən deyiləm. Arağı inək üçün istəyirəm

Həbib müəllim: - İnək üçün?

Həkim: - Bəli, inək üçün, yarım litr arağı yarım vedrə suya qatışdırıb inəyə içirmək lazımdır. Araq inəyin köpünü götürəcək, o ayağa qalxacaq. Çoxlu yonca yeyib köpən inəyi sağaltmağın başqa müalicəsi yoxdur.

Həbib müəllim tez maşına sarı qaçdı. O, tələsik Moskviçin baqajını açdı. Sarı kulokun içərisindən bir araq çıxarıb həkimə verdi. Həkim yarım vedrə su gətizdirdi və arağı yarım vedrə suya qatışdırdı. Sonra həmin suyu inəyə içirtdi. Bir neçə dəqiqədən sonra inək gəyirməyə başladı. İnək gəyirdikcə özünə gəlirdi. Nəhayət, inək özünə gələrək ayağa durmaq istəyirmiş kimi hərəkətlər etməyə başladı. Beləliklə, inək ətrafdakı adamların köməyi ilə ayağa qalxdı, lakin səndələməyə başladı. Ətrafdakılar sərxoş inəyin ayaq üstə dayanmasına yardım etdilər. Həkim inəyə quru ot verilməsini tələb etdi. Quru ot gətirdilər. Sərxoş inək açgözlüklə quru otu yeməyə başladı. Biz bu qeyri-adi mənzərəyə maraqla tamaşa edirdik. Axı biz birinci dəfə idi ki, sərxoş inək görürdük...

Bakı şəhəri, 2015-ci il

Xatırlatma: Fərahim Balakişi oğlu Sadıqov (Xələfli) Yardımlı rayonunda anadan olub. Masallı şəhər 2 saylı orta məktəbini, ADPU-nun filologiya fakültəsini bitirib.

Pedaqogika elmləri doktoru, professordur. 100-dən artıq kitabın, 1000-dən artıq məqalələrin müəllifidir. Fərahim Sadıqovun “Oxu”, “Azərbaycan xalq pedaqogikası”, “Pedaqogika”, “Ümumi pedaqogika”, “Korreksiya pedaqogikası”, “Müqayisəli pedaqogika” kimi dərslik və dərs vəsaitləri orta ümumtəhsil və ali məktəblərdə bu gün də tədris olunur. Onun “Hamıya lazım olan kitab” (Firuz Əhmədli ilə birgə) ”Gülməcələr” və “Masallı folkloru” kitabları daha çox mütaliyə olunduğu üçün dəfələrlə nəşr edilmişdir. Bu əsərlər Mikayıl Müşfiq mükafatına layiq görülmüşdür. Fərahim Xələfli (Sadıqov) 100-dən artıq ölkədə, təhsil müəssisələrində müşahidələr aparmış, öz əsərlərində Azərbaycan təhsilini Amerika və Avropa təhsili ilə müqayisə etmişdir. F. Sadıqov Azərbaycanda təhsilin və elmin inkişafına görə Akademik Mehdizadə və Akademik Yusif Məmmədəliyev mükafatları ilə təltif edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan professor, maraqlı yazıçı Fərahim Xələflinin (Sadıqovun) zəngin bədii yaradıcılığı da vardır. Onun el arasında sevilə-sevilə oxunan nəğmələri, ifa olunan rəqsləri məşhurdur. Fərahim müəllim maraqla mütaliə edilən 5 pyesin, bir sıra hekayə və novellaların müəllifidir. Onun təqdim olunan sonuncu novellalarından olan “Sərxoş inək”həyati hadisələrə həsr olunan maraqlı bir sujet üzərində qurulmuşdur. Müəllif novella ilə bağlı rəyləri və iradları məmnuniyyətlə qəbul etməyə hazırdır.