Azərbaycan yüklərin təhlükəsiz çatdırılması üçün böyük layihələri reallaşdırıb

4 İyul 2020 16:29 (UTC+04:00)

Cari ilin (İran ilinin) ötən 3 ayı ərzində İranın “Araz” Sərbəst Sənaye və Ticarət Zonasından 518 milyon dollar dəyərində ixrac əməliyyatı həyata keçirilib ki, bu da ötən illə müqayisədə 100 faiz çoxdur. SİA xəbər verir ki, bu sözləri mətbuat nümayəndələrinə zonanın baş direktoru Möhsün Nərmani deyib.

O bildirib ki, ticarət zonasında istehsal olunan məhsullar əsasən Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib. Rusiya, Gürcüstan və digər MBD ölkələrinə edilən ixrac Azərbaycan üzərindən tranzit olaraq həyata keçirilib. İrandan ixrac olunan yüklər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınıb. Dəhlizə daxil olan dəmir və avtomobil yollarının Azərbaycandan keçməsi ölkə büdcəsinə daxil olan gömrük rüsumlarının və tranzit ödəmələrinin artmasına səbəb olub.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Əfqanıstan və Türkmənistan prezidentləri ilə videokonfrans vasitəsilə keçirdiyi görüşdə tranzit daşımalara toxunaraq bildirib:“Azərbaycan, eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb”. Prezidentin səsləndirdiyi fikirdə göstərilən sadəcə rəqəmlər deyil. Bu rəqəmlərin arxasında yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın büdcə gəlirlərinin artması və bunun nəticəsində əhalinin artan sosial rifahı dayanır. Beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi islahatların nəticəsidir. Azərbaycanın geostrateji mövqeyini düzgün qiymətləndirən Prezident İlham Əliyev ilk növbədə ölkə daxilində infrastruktur layihələrinn həyata keçirilməsinə nail olub. Belə ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir və Bakı-Astara avtomobil yolları tikilib istismara verilib. Məhz Prezidentin bu infrastruktur layihələrə müəlliflik etməsi ölkəmizi nəqliyyat qovşağına çevirib.

Azərbaycanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb edilməsi isə xüsusi əhəmiyyət daşıyır. Yuxarıda qeyd etdiyimiz kimi İrandan ixrac olunan yüklər də bu dəhliz vasitəsilə daşınır. Dəhliz çərçivəsində inşası davam etdirilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu isə Avropa ilə Cənub-Şərqi Asiya və Körfəz ölkələrini nəqliyyat baxımından birləşdirəcək. Yolun Qəzvin-Rəşt hissəsi istifadəyə verilib. Rəşt-Astara hissəsində isə tikinti işləri davam etdirilir. Buna baxmayaraq, İranla Azərbaycanın dəmir yollarını birləşdirən Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu xətti istifadə olunur.

M.Nərmaninin dediyi kimi, İrandan Rusiya və digər MDB dövlətlərinə ixrac olunan məhsullar Azərbaycanla İranın dəmir yolları sistemlərinin birləşməsi nəticəsində həyata keçirilir. Yaxın gələcəkdə Rəşt-Astar yolu da istismara buraxılacaq ki, bu da yalnız İranın yox digər Asiya ölkələrinin də yüklərinin Avropaya Azərbaycan üzərindən daşınması ilə nəticələnəcək.

Qeyd edək ki, İranın “Araz” Sərbəst Sənaye və Ticarət Zonası Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir və 56 min hektar ərazini əhatə edir. Burada Türkiyə, Almaniya, İtaliya, Azərbaycan və Ukraynadan olan şirkətlər fəaliyyət göstərir. İran dövlətinin investisiya cəlb etmək üçün vergi və qeydiyyat sistemini sadələşdirməsi biznesin inkişafına böyük təkan verib. Bu səbəbdən də burada istehsal və ixrac əməliyyatları ildən ilə artmaqdadır.

İranda Maku, Çabahar, Mazandaran, Ənzəli kimi digər böyük sərbəst ticarət zonaları da var. Burada fəaliyyət göstərən iri şirkətlər üçün əlverişli şərait yaradılıb ki, istehsal prosesi artsın. Əlbəttə ki, istehsal olunan mallar dünya bazarına çıxmalı və nəqliyyat vasitələri daşınmalıdır. Azərbaycan yüklərin təhlükəsiz və vaxtında çatdırılması üçün böyük infrastruktur layihələri həyata keçirib.