Aİ-Böyük Britaniya danışıqları uğursuz başa çatacaqmı?

4 İyul 2020 16:21 (UTC+04:00)

Almaniyanın Federal kansleri Angela Merkel Avropa İttifaqı ilə Böyük Britaniya arasında Brexit məsələsinə dair qarşıdakı danışıqların uğursuzluqla nəticələnəcəyi ehtimalını istisna etmir. Merkel bundestaqda çıxışında deyib ki, Aİ-də və Almaniyada siyasətçilər danışıqların uğursuzluqla nəticələnəcəyi variantına hazır olmalıdırlar. SİA xəbər verir ki, kansler bunun baş verməməsi üçün əlindən gələni edəcəyinə söz verib.

Danışıqlar bazar ertəsi, iyunun 29-da başlayıb və 5 həftə ərzində davam edəcək.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqının tərkibindən de-yure 2019-cu il yanvarın 31-də çıxıb. Lakin, eyni zamanda, Brüssel və London bundan sonrakı münasibətlərə dair danışıqların keçirilməsi barədə razılığa gəliblər. Cari ilin sonunadək danışıqlar keçirilməli və bundan sonrakı münasibətlərə dair planlar təsdiq edilməlidir. Razılıq əldə olunmayacağı təqdirdə Aİ ilə Böyük Britaniya arasında münasibətlər Ümumdünya Ticarət Təşkilatı tərəfindən nizamlanacaq ki, bu da yüksək tariflər nəzərdə tutur və bütün Avropanın iqtisadiyyatı üçün böyük itkilərlə nəticələnə bilər.