“Məsuliyyətli vətəndaşlarımız özlərini qorumalıdır” ÖZƏL-MÜNASİBƏT

3 İyul 2020 16:17 (UTC+04:00)

"Həqiqətən hələ də Azərbaycan vətəndaşları arasında çox təəssüf ki, yayılan epidemiyaya barmaqarası yanaşan insanlar var". Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, epidemiyaya barmaqarası baxanlar məsələnin ciddiyyətini anlamırlar.

“Mart-aprel ayıarında ciddi tədbirlər görüldü və virusun miqyası xeyli dərəcədə azaldı. Ondan sonra yumşalmaya gedildi ki, bu da iqtisadiyyatın canlanması, iş yerlərinin yenidən bərpaşı üçün çox vacib idi. Amma bir müddət sonra bəlli oldu ki, insanlar bunu, bu yumşalmanı elə anladılar ki, guya virus bitib və istədikləri kimi hərəkət edə bilərlər. Elə zənn etdilər ki, maska taxmamaq olar, məsafə saxlamamaq olar. Amma gördük ki, may ayının sonlarında, iyunun əvvəllərində virusa yoluxanların sayı artdı və yenidən ciddi karantin tədbirləri tətbiq olunmağa başlanıldı.

Bir misal çəkmək istərdim. Türkiyədə bir nəfər xəstəliyi simptomsuz keçirən vətəndaşın başına gələnləri daha doğrusu qeyd etmək fikrindəyəm. Biz bilirik ki, virusa yoluxanların əksəriyyəti bu xəstəliyi simptomsuz keçirirlər, əlamət bilinmir və təhlükə də bundadır. Çünki onlar başqalarını yoluxdurur və başqaları da bu virus səbəbindən daha ağır xəstəlik keçirir, hətta həyatlarını itirirlər. Türkiyədə bir nəfər simptomsuz vətəndaş neçə nəfəri yoluxdurub ki, onlardan 3 nəfəri də ölüb. Bu onun səhlənkar yanaşması nəticəsində baş vermişdi. Amma özünə bir şey olmamışdı. Bax, artıq bu cinayətdir.

Bizim aramızda da ola bilsin ki, xəstəliyi simptomsuz daşıyanlar var və hamını testdən keçirmək olmur. Ona görə də hamı maska taxmalı, məsafə saxlamalıdır. Dövlət öz üzərinə düşəni artıq həyata keçirib. Artıq məsuliyyəti bir qədər vətəndaşların boynuna qoymaq lazımdır. Necə? Vətəndaşlara məsuliyyət verilməlidir ki, xəstələnmək istəmirsizsə, başqalarını yoluxdurmaq istəmirsizsə, maska taxın, məsafə qoruyun. Əgər bunu etməyəcəksizsə, siz özünüz də xəstələnə bilərsiz, yaxınlarınızı da, təmasda olduqlarınızı da artıq xəstələndirəcəksiz. Çünki, mən düşünürəm ki, ilboyu sərt karantin rejimini davam etdirmək də çətin olacaq. Ona görə ki, iqtisadiyyat bərpa edilməli, insanlar çalışmalıdırlar. Kim ki, məsuliyyətini anlamır o artıq özü məsuliyyət daşımalıdır. Məsuliyyətli vətəndaşlarımız özlərini qorumalı, maska taxmalı, məsafə saxlamalı və mümkün qədər insanların toplandığı yerdə olmamalıdır”, deyə Elxan Şahinoğlu bildirib.