"Su çatışmazlığının əsas səbəbi quraqlıqdır" Umayra Tağıyeva

3 İyul 2020 14:42 (UTC+04:00)

Su çatışmazlığı problemi hazırda bəşəriyyəti narahat edən məsələlərdən biridir. Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərin su çatışmazlığı ilə bağlı suallarını cavablandırıb:

- Kənd təsərrüfatı istehsalının artması quraqlığa səbəb ola bilərmi?

- Quraqlıq təbii proses olduğuna görə, əksinə, o, kənd təsərrüfatına təsir göstərə bilər. Təbii ki, suya tələbat ilbəil artsa da, bu, yaranmış su çatışmazlığının səbəbi deyil. Bunun əsas səbəbi təbii meteoroloji hadisə olan quraqlıqla bağlıdır. Belə proseslər çox güman ki, gələcəkdə də təkrar oluna bilər. Bunu nəzərə alaraq, bizim məqsədimiz belə proseslərin mənfi təsirlərini mümkün qədər azaltmaqdır. Bu istiqamətdə bütün səylər birləşdirilməlidir. Bu həm aidiyyəti olan təşkilatların, yerli icra orqanlarının, həm bələdiyyələrin gündəmində əsas məqsədlərdən olmalı, su itkilərinin qarşısı alınmalı, qənaətlə istifadə təmin edilməlidir.

Mayda düşən yağıntının miqdarı çoxillik normadan orta hesabla 2 dəfə az olubsa, iyun ayında bu göstərici 4 dəfəyədək aşağı olub. Aran rayonlarında normanın cəmi 11-28, Qazax-Gəncə bölgəsində və Lənkəran-Astara zonasında normanın 19, Balakən-Şəki bölgəsində isə 26 faizini təşkil edib. Bu da quraqlığı səciyyələndirən əsas amillərdəndir.

- Quraqlığı baş verəcəyi əvvəlcədən proqnozlaşdırılıbmı?

- Hər il qarölçmə işləri bitdikdən sonra aprel, may və iyun ayları üçün hidroloji proqnoz hazırlanır. Kompleks təhlillərə əsasən həmin dövr üçün Kür çayından daxil olan suyun (Şəmkir su anbarına) çoxillik normadan 40 faizədək, Qanıx çayında isə (Mingəçevir su anbarına) 35 faiz normadan az olacağı proqnozu verilib. Faktiki olaraq isə sululuq normadan 33-53 faiz az olub. Buna görə də faktiki müşahidə olunan sululuq bu ilin aprel, may, iyun ayları üçün verilən hidroloji proqnoza yaxın olub. Bir sözlə, bu ilin azsulu keçməsi gözlənilirdi. Bundan əlavə, ongünlük və gündəlik hidroloji məlumatlarda çaylarda sululuğun normadan az olacağı və aşağı sululuğun davam edəcəyi də proqnozlaşdırılıb. Hazırda müşahidə olunan vəziyyət, gözlənilən az sululuğun nəticəsidir.

- Ölkəmizdə çayların sululuğuna təsir edən güclü quraqlıq prosesi nə zaman qeydə alınıb?

- Azərbaycanda ayrı-ayrı illərdə müxtəlif dərəcəli quraqlıq prosesi qeydə alınıb. Ölkəmizdə 2000, 2001 və 2014-cü illərdə baş vermiş güclü quraqlıq prosesi çayların sululuğuna mənfi təsirini göstərib.

Qeyd edək ki, son zamanlar iqlim dəyişmələri özünü daha uzunmüddətli quraqlıq dövrləri ilə göstərir. Belə ki, Kür çayının sululuğu son 8 ildə normadan az olub, lakin bu il proses daha qabarıq hal alıb.

Onu da qeyd etmək lazımdır ki, müşahidə olunan su çatışmazlığının əsas səbəbi təbii quraqlıqdır. Lakin onun baş verməsinə təbii səbəblərlə yanaşı, antropogen amillərin də təsir göstərdiyini müşahidə edirik.