“NİDA”da nə baş verir? İSTEFA SƏBƏBLƏRİ

3 İyul 2020 13:15 (UTC+04:00)

İlkin Rüstəmzadənin istefası yenidən kartları açır

Son günlər müxalifət düşərgəsində baş verən qarşıdurmalar və ittihamlar "Nida"dan da yan keçməyib. SİA xəbər verir ki, İlkin Rüstəmzadə "Nida" hərəkatının idarə heyətindən və üzvlüyündən istefa verib və bu barədə yazarkən, Facebook sosial şəbəkəsindəki hesabını da dondurduğunu bildirib. Əslində bu hərəkatın daxilindəki qarşıdurmaların təhlilini apararsaq, ilk öncə belə nəticəyə gələ bilərik ki, orada baş verənlər təlatümlər bilavasitə AXCP və Müsavat partiyalarının intriqa mərkəzi olaraq da qiymətləndirilməkdədir.

Bir tərəfdən Əli Kərimli, digər tərəfdən Arif Hacılı, daha bir tərəfdən isə Xədicə İsmayıl...

Daha dəqiq desək, cəbhəçilərlə müsavatçılar arasında uzun illərdir davam edən barışmaz savaş reallığı sonda necə deyərlər, “Nida”nın başında çatlamış olur. Çünki bu hərəkatın üzvləri arasında da çoxluq təşkil edənlər məhz AXCP və Müsavat partiyalarının gənclər qollarıdır. O cümlədən, "Nida"çılar hansı "lider"lə - Əli Kərimli ilə yoxsa Arif Hacılı ilə əməkdaşlıq edəcəklərini yarandıqları dövrdən müəyyənləşdirə bilmirdilər.

Daha bir xatırlatmanı edərək qənaətə gəlmək olar ki, qeyd olunanlarla yanaşı, daha çox Xədicə İsmayılın nəzarəti altında olan (Məsələn, feministlərin 8 mart aksiyalarında əsas iştirakçılar bu hərəkatın üzvləri olublar-R.R.) "Nida"çılardan Müsavat və AXCP rəhbərliyi də alət kimi istifadə etməyə dəfələrlə cəhdlər göstərilib. Xüsusilə, Qərbin anti-Azərbaycan dairələrinin ölkəmizdəki əlaltılarına çevrilən "Nida"çıların məqsəd və məramları bilavasitə bu istiqamətə yönəlib.

Əxlaqsızlıqdan və ədalətsizlikdən doğan istefalar...

Eyni zamanda, xatırlatmaq mümkündür ki, hərəkat daxilində əxlaqi cəhətdən də ciddi problemlər yaşanmaqdadır. Məsələn, hələ 2016-cı ildə hərəkatın mərkəzi təftiş komissiyasının üzvü Anar Abdulla içkili vəziyyətdə digər hərəkat üzvü - Alı Çoydarın şəxsi münasibətdə olduğu sevgilisi Tünzalə Zöhrabzadəyə nalayiq təklif etmişdi. Həmin məsələ barədə xəbər tutan A.Çoydar isə A.Abdullanın cəzalandırılmasını tələb edərək, hərəkatdan uzaqlaşdırmasını istəmişdi. Ancaq buna baxmayaraq, A.Abdulla səhvini etiraf edib və T.Zöhrabzadədən üzr istəsə də, bu hərəkat üzvlərinin hiddətini soyutmamışdı. NİDA üzvləri Ülvi Həsənli və Məsud Əsgərin təklifi ilə məsələ təşkilatın idarə heyətinin müzakirəsinə çıxarılıb və A. Abdullaya təzyiq göstərilərək könüllü ərizə yazması və hərəkatdan uzaqlaşması tələb olunub. A.Abdulla isə məsələnin idarə heyəti səviyyəsinə çıxarılmasına və verilən qərara etirazını bildirmişdi. Nəticədə mövzu ilə əlaqəsi olan 8 nəfər - Anar Abdulla özü, Tünzalə Zöhrabzadə, Alı Çoydar, Rəsul Rəsulov, Pərvanə Qurbanlı, Məhəmməd Bağırov, İlqar Vəliyev və əsas aktiv üzvlərdən olan Ülviyyə Əli hərəkatdan istefa verimişdilər. Onlar “Nida”nı ədalətsizlikdə və s. ittihamlarda suçlayaraq, hərəkatın səmərəsiz qurum olduğunu bəyan etmişdilər.

Rəşadət Axundov da səs-küylü istefa vermişdi

2017-ci ildə də “Nida”dan səsli-küylü istefa olmuşdu. Xatırladaq ki, həmin il Rəşadət Axundov sözügedən təşkilatdan istefa verib. O, bu haqda sosial şəbəkə hesabında məlumat yayaraq qeyd etmişdi ki, "Nida"nın daxilində baş verən qarşıdurmalar, gənclərdən alət kimi istifadə edilməsi onu təəssüfləndirir: "Bundan sonra həm "Nida"dakı fəaliyyətimə, həm də, ümumiyyətlə, bütün ictimai-siyasi işlərə son qoyuram. Artıq bütünlüklə, öz sahəm üzrə karyerama davam edəcəyəm. Sual və ittihamlara gəlincə, nəyisə isbat etmək imkanım yoxdur, hamının, xüsusilə yoldaşlarımın və ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm".

İlkin Rüstəmzadənin istefasına gəlincə isə, onun nəyə görə sosial şəbəkə hesabını dondurmasını da ehtimal etmək olar. O yaxşı bilir ki, AXCP sədri Ə.Kərimlinin trolları dərhal onun üzərinə hücuma keçərək, söyüş söyəcək, xəyanətkar elan edəcəklər. Bu baxımdan o, istefası ilə yanaşı, həm də sosial şəbəkədəki hesabını dondurduğunu bildirib.

Ümumilikdə götürəndə isə, istər “Nida” olsun, istərsə də digər bənzər qurum və hərəkatlar artıq yox səviyyəsində olduqlarını özləri də yaxşı anlayırlar. Çox yəqin ki, yaxınlarda növbəti bənzər istefaların və parçalanmaların şahidlərinə çevriləcəyik.

Rövşən RƏSULOV