AzTV-nin koronavirusa yoluxan əməkdaşları ilə bağlı AÇIQLAMA

3 İyul 2020 12:40 (UTC+04:00)

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hazırda beş əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır. SİA xəbər verir ki, bununla bağlı AzTV məlumat yayıb.

Bildirilib ki, koronavirusa yoluxmuş bir nəfər isə evə buraxılıb: “Hazırda koronavirusa yoluxmuş əməkdaşlarımızın səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”.

Qeyd edək ki, son iki gündə AzTV-nin koronavirusa yoluxmuş iki əməkdaşı - rejissor Samir Nemətzadə və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru Etibar Babayev vəfat edib.